22/11/2017 15:21
728 x 90

Mahmud Məmmədquliyev Avroittifaqla yeni sazişin məzmunu ilə bağlı düşündürücü nüanslar açıqladı...

“Azərbaycan pilləli olaraq bu fəaliyyəti həyata keçirir”

img

Yeganə Hacıyeva: “Danışıqların perspektivinə nikbin baxıram”

 

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, siyasi məsələlər və təhlükəsizlik Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur: “Avropa İttifaqı ilə danışıqlar üç blok üzrə aparılır – siyasi məsələlər və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də sektorial blok. Bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə isə tam razılaşma hələ yoxdur. Lakin, ümumiyyətlə, mövqelərdə yaxınlaşma var”.

Onun sözlərinə görə, bu gün 2-3 iclas artıq keçirilib, eləcə də videokonfranslar, yazışmalar apaılıb. Nazir müavini danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.

Mahmud Məmmədquliyevin açıqladığı vəziyyət Avropa İttifaqı ilə münasibətlərin perspektivi üçün nə vəd edir?

Avropa qurumları ilə sıx əməkdaşlıq edən politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki,

Avropa İttifaqı-Azərbaycan münasibətlərini qısa məzmunda ifadə etsək, bu əməkdaşlıq tərəflər üçün  strateji əhəmiyyət daşıyır. Aİ-Azərbaycan münasibətləri beş əsas istiqamət - qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji və mübadilə və s. proqramlar üzrə qurulub:

“Azərbaycan Aİ-nin TRACECA - Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafı proqramı və INOGATE- Avropaya dövlətlərarası neft və qazın ixracı proqramı layihələrində uğurlu oyunçu, təşəbbüsçü və icraçı fəaliyyəti mövcuddur.

2009-cu ildən “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulub, qeyd edim ki, Şərqi Avropa Qonşuluq Siyasəti təşəbbüsü məhz Aİ tərəfdaşı ölkələri üçün ümumi formatın təsisi, bütün sahələr üzrə standartların yaxınlaşdırılmasını nəzərdə tutan bütün platforma kimi nəzərdə tutulub.

Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalanıb.

Qarşılıqlı əməkdaşlığın ildən-ilə genişlənməsi fonunda Azərbaycan məntiqi ardıcıllıq kimi Aİ tərəfindən assosiativ üzvlük təklifi alıb.

Qeyd edim ki , Azərbaycanın Aİ-nin 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi  ilə işçi qrup səviyyəsində bir neçə mühüm sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində qarşılıqlı faydalılıq əsasında əməkdaşlığı mövcuddur və Aİ təklif etmiş olduğu assosiativ üzvlük  sazişinin qəbul olunması şərtləri Azərbaycanı artıq mövcud olan bir sıra ikitərəfli dövlətlərarası  əməkdaşlıqlara yenidən baxmağa məcbur edəcəkdi, bu isə iqtisadi anlamda böyük zərərlə, siyasi və təhlükəsizlik anlamında risqlərlə müşayiət olunacaqdı. O üzdən, Azərbaycan doğru olaraq bu təklifi  qəbul etmədi, əvəzində isə Aİ-yə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq sazişi təklif etdi. Aİ isə, öz növbəsində, Azərbaycanla mühüm sahələrdə əməkdaşlığın artırılması, tərəfdaşlar kimi birgə fəaliyyət göstərilməsi və əlaqələrin tam şəkildə inkişafı üçün Azərbaycanla mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində  komissiyaların altkomitələrində birgə fəaliyyəti bərpa etdi və bununla da Azərbaycan-Aİ  strateji tərəfdaşlıq sazişinə dair danışıqların başlanmasına dair mandat əldə olundu. Sazişin bir sıra məsələləri, ticarət, energetika, nəqliyyat, ekologiya, təhlükəsizlik, insan haqları, təhsil və digər sosial məsələlər üzrə bəzi razılaşmalar mövcuddur və Azərbaycanla Aİ arasında Strateji Tərəfdaşlıq haqda sazişin imzalanmasına dair fəaliyyətin həyata keçirilməsi tam gücü ilə davam edir və sazişin imzalanması ilə Azərbaycan-Aİ əməkdaşlığı daha yüksək səviyyəyə qalxacaq.

Strateji Tərəfdaşlıq sazişinin detallarına varsaq, saziş özlüyündə bir sira sistemli islahatlara təşviq olacaq proqramların həyata keçirilməsini nəzərdə tutur, məsələn, Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin standartlarına, beynəlxalq ticarət normalarına uyğunlaşdırılması, Aİ-yə yüksək səviyyədə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və siyasi, təhlükəsizlik dialoqunun aparılması, Azərbaycan mallarının Aİ bazarlarına daxil olması üçün standartların uyğunlaşdırılması, prosedurların asanlaşdırılması proqramlarının, viza prosedurlarının dəyişdirilməsi və s. kimi məsələləri əhatə edir.

Azərbaycan viza rejiminin sadələşdirilməsi barədə sazişi uğurla həyata keçirir, bu illər ərzində  Aİ miqrasiya qaydalarının pozmamış Azərbaycan, növbəti pillə kimi Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək və bununla da  vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Ümumiyyətlə, Aİ-nin dövlətlərə tətbiq etdiyi mexanizm belədir ki, əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır. Azərbaycan pilləli olaraq bu fəaliyyəti həyata keçirir. Aramızda olan danışıqların perspektivinə də nikbin baxıram”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər