22/11/2017 15:20
728 x 90

Putinlə Soçi görüşü ərəfəsində Qərblə Ərdoğanın münasibətləri gərginləşir

img

Qardaş Türkiyənin Qərb ölkələri ilə münasibətlərində yaranan soyuqluq  davam etməkdə və hətta yeni gərginliklər ortaya çıxmaqdadır. Belə görünür ki, qarşıdakı dövr ərzində münasibətlərin daha da kəskinləşməsi, tərəflər arasında ziddiyyətlərin yeni müstəviyə çıxması qaçılmaz olacaq. Bunun əsas səbəblərindən biri isə Türkiyənin Yaxın Şərqdə güclənən mövqeyi, Rusiya və İranla burada işbirliyi qurmasıdır.

Xüsusən də Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində yaxınlaşmalar Qərbi, o cümlədən ABŞ-ı əhəmiyyətli dərəcədə qıcıqlandırır. Məhz belə bir vaxtda NATO-nun ABŞ Hava Qüvvələri komandanı Tod Valters Türkiyənin Rusiyadan alacağı S-400 müdafiə sistemi barədə maraqlı açıqlama verib.

O, sistemin alınmasının Türkiyənin şəxsi qərarı olduğunu deyib. Lakin Valters Türkiyə hərbi qüvvələrinə NATO sistemlərinə inteqrasiya oluna bilən sistemlər almaq üçün təzyiq göstərməyə davam edəcəklərini də qeyd edib. “Reuters” agentliyinə müsahibə verən Valters S-400 sisteminin NATO-ya uyğun olmadığına bir daha diqqət çəkib: “NATO olaraq, bölgədə S-400-ün potensialına sahib və ortaq fəaliyyət göstərə biləcək səviyyəsi olan silahlarımız var”. Amma Rusiya bu silahı Türkiyəyə satmaqda, Ankara isə onu almaqda qərarlıdır. Elə bu da ABŞ-ı daha çox qıcıqlandırır. Bu arada “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, S-400 “Triumf” zenit raket komplekslərinin sifarişi üzrə Türkiyə ilə müqavilənin qiyməti 2 milyard dolları keçib. Rusiya Prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin Türkiyəyə S-400 komplekslərinin çatdırılması üzrə müqavilənin icrasına hazırlıq görüldüyünü bəyan edib. Türkiyə Müdafiə Sənayesi Katibliyinin sədr müavini İsmayıl Demirin sözlərinə görə, S -400 sistemlərinin çatdırılması iki il ərzində başlayacaq.

Xatırladaq ki, uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanlığı isə artıq silahlanmaya S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin daxil olduğunu qeyd edib. Elə bu da S-400-lərə marağı daha da artırır. Amma Türkiyənin Qərb ölkələri arasında problemi təkcə ABŞ-la deyil. Avropa ölkələri ilə də vəziyyət gedərək gərginləşir. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker münasibətlərin yaxşı olmadığını vurğulayır: "Bəzi türk rəsmiləri Avropa Birliyini üzvlüklə bağlı sözünü tutmamaqla günahlandırmağa çalışır. Biz bunu etmirik. Biz Türkiyənin yenidən avropalı olmasının lazım olduğunu deyirik". Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaranmış vəziyyətdə Avropanın ünvanına çox sərt ittihamlar səsləndirib. Məsələn, o qeyd edir ki, Avropa Birliyi ölkələri PKK terror təşkilatına sığınacaq verir və onlar tərəfindən müxtəlif aksiyaların keçirilməsinə mane olmurlar: "Onlar Berlinin küçələrndə gəzirlər. Onlar Parisdə, Avstriya boyu sərbəst hərəkət edirlər. Avropa Birliyi guya PKK-ya terror təşkilatı kimi baxır və onu qəbul etmir. Bu belədirsə, onda onlar polisin mühafizəsi altında necə sərbəst gəzə bilirlər? Niyə onlar öz separatçı təşkilatlarının liderinin portretlərini dövlət binaları üzərində yerləşdirirlər?" Ərdoğan onu da bildirib ki, Avropa ölkələri yalnız görüntü yaradırlar ki, PKK ilə mübarizə aparırlar, amma əslində bu təşkilatı dəstəkləyirlər. Elə ABŞ-ın ünvanına da sərt ittihamlar səslənir. Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Cəmil Ərdəm buna konkret sübut kimi göstərir ki, ABŞ tərəfindən saxta sənədlərlə Türkiyə iqtisadiyyatına qarşı böyük əməliyyat həyata keçirilir: “Saxta FETÖ sənədləri ilə iqtisadiyyatımıza, bank sistemimizə böyük həmlələr edilir. Yayılan əsassız xəbərlərlə valyuta bazarlarında çaşqınlıq və həyəcan yaradılır. Siyasi olaraq Misirdə etdiklərini Türkiyədə Ərdoğana edə bilməyənlər iqtisadiyyatda da məqsədlərinə çata bilməyəcəklər”. Baş Qərargahın Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik İsmayıl Pekin isə bildirir ki, ABŞ Türkiyəni parçalamağı düşünür.

ABŞ-ın Türkiyəyə şantaj və təzyiq edərək gözləntilərini həyata keçirməyi hədəflədiyini deyən Pekin Vaşinqtonun Ankaradan PYD, PKK, Suriya, İraq, Rusiya və İranla işbirliyi məsələsində, eləcə də Şərqi Aralıq dənizi və Kipr məsələsində bir çox tələbinin olduğunu vurğulayıb: "Türkiyə bunları yerinə yetirməyi rədd edərək Rusiya, İran və İraqla əməkdaşlıq etməyi üstün tutdu. Bundan başqa, ABŞ-ın bütün istədiklərini etsək, Türkiyə parçalanar. Aydındır ki, Türkiyənin xeyrinə olan Rusiya və İranla işbirliyi etməkdir". Xatırladaq ki, bir neçə gün sonra Rəcəb Tayyib Ərdoğanın Soçidə rus həmkarı Vladimir Putinlə görüşü gözlənir. Burada tərəflər arasında münasibətlərin daha da dərinləşməsi istiqamətində atılacaq növbəti addımlar fonunda Qərbin Türikəyə qarşı təzyiqlərinin daha da güclənməsi gözlənir.

Tahir TAĞIYEV

Son xəbərlər