22/11/2017 15:19
728 x 90

Ermənistanın Qarabağ siyasətinin tam iflasa uğradığını ermənilər özləri də açıq deməyə başlayır...

img

Hərb müstəvisində də hər ötən gün Azərbaycanın işğalçı Ermənistan üzərində üstünlüyünü artırıması bu gün həm düşmən ölkənin özündə, həm də beynəlxalq müstəvidə aydın şəkildə etiraf olunur. Azərbaycanda yüksək diqqət sayəsində ordunun tələbləri ən yüksək səviyyədə ödənildiyi halda, Ermənistanda bunun tamam əksi müşhaidə olunur. 

Qeyd edək ki, Ermənistanın işğal siyasətinin davam etməsi və müharibə vəziyyətini nəzərə alan Azərbaycan ordusunun gücünü,  hərbi qüdrətini yüksəldir. Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması bir nömrəli vəzifələr sırasında yer alır. Məhz bütün bunların nəticəsidir ki, ötən dövr ərzində ordumuz əhəmiyyətli dərəcədə güclənib, maddi-texniki təminatı yüksək səviyyəyə çatıb. Amma yuxarıda qeyd olunduğu kimi, işğalçı Ermənistanda tamam əks vəziyyətdir. Bunu İrəvanda artıq bir neçə gündür davam edən tələbələrin etiraz aksiyası və bu fonda ortaya çıxan faktlar da təsdiq edir. “Elmin inkişafı naminə” təşəbbüs qrupu aksiyaların məqsədlərinə nail olmayana qədər davam edəcəyini bəyan edib. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən hazırlanan “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib. Yeni qanuna görə, aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ verilməyəcək. Təhsilini davam etmək istəyən tələbəyə yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə ona bu icazə veriləcək. Lakin həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət keçməlidir. Bütün bunların əsas səbəbi odur ki, erməni ordusunda şəxsi heyət çatışmazılığı daha kəskin xarakter alıb və ölkə rəhbərliyi vəziyyətdən çıxış yolunu tələbələri orduya çağırmaqda görür. Amma tələbələr neçə gündür ki, bu məsələyə kəskin formada etiraz edir.

Erməni medisı yazır ki, İrəvan Dövlət Universitetinin əsas binasının qarşısına toplaşan tələbələr hələ də dərslərdə iştirak etməkdən imtina edirlər. “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib ki, etiraz edən tələbələrin sayı durmadan artır: “ Sıralarımızı daha da gücləndirməliyik”.  Qeyd edək ki, etiraz edən edən tələblər dünən baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Lakin görüşlər nəticəsiz qalıb.  “Aykakan jamanak” qəzeti yazır ki, etiraz aksiyaları davam edərsə, müdafiə naziri Vigen Sarkisyanın istefa verməsi gündəmə gələ bilər.

Erməni mediası yaranmış durumda həm də məsələnin başqa bir tərəfdən maraqlı paramentrlərinə nəzər salır. “Global Militarization İndex”in analizinə istinadən bildirilir ki, Ermənistan Avropada birinci, dünyada isə ən hərbiləşdirilmiş üçüncü ölkədir. Hərbiləşmənin səviyyəsi bir ölkədə təhsil və səhiyyəyə ayrılan vəsaitlə müqayisədə hesablanır. Həmçinin, bu qiymətləndirmədə ümumi daxili məhsulun hərbiyə ayrılan hissəsi də əsas götürülür. Erməni siyasi şərhçi Sarkis Artsruni Ermənistanın 2018-i il dövlət büdcəsində səhiyyə və təhsilə ayrılan vəsaitin hərbiləşmə ilə müqayisədə az olduğuna diqqət çəkib: “Bu, ölkəmizin “Global Militarization İndex”in növbəti siyahısında daha da “yüksələcəyi” deməkdir. Hərçənd, bu analiz ciddi həyəcan doğurur. Birincisi, hərbiləşmiş ölkələr bir qayda olaraq güclü vətəndaş cəmiyyətinə, azad iqtisadiyyata və keyfiyyətli siyasi sistemə malik olmur. Bu imic Ermənistanı xarici investorlar üçün ən sonuncu ölkə edir. Xarici investisiya hərbiləşmiş ölkələrdən uzaq durmağa çalışır, lakin təkcə ona görə yox ki, münaqişə var, həm də belə ölkələrdə qanun işləmir, ədalət prinsipi qorunmur. Hərbiləşmə Ermənistanın xarici siyasi imicinə də mənfi təsir edir”. Erməni şərhçi əlavə edib ki, Ermənistanın hərbiləşmiş ölkə olması ordunun güclü, yaxud müasir silahlara sahib olması demək deyil: “Əksinə, yoxsul büdcədən təhsil və səhiyyəyə ayrılacaq pullar kəsilərək orduya verilir. Bütün bunların fonunda Ermənistanın dəhşətli yoxsulluğu da göz önündədir. Ümumi büdcəmiz isə yenə də Azərbaycanın hərbi büdcəsi ilə müqayisədə azlıq təşkil edir. Belə olan təqdirdə hakimiyyətin hərb siyasətinin məntiqini anlamaq çətindir”. Sarkis Artsruni onu da vurğulayır ki, yaranmış vəziyyətdə daha ciddi problem, orduya ayırlan pulların artmasına baxmayaraq, silahlı qüvvələrdə vəziyyətin getdikcə daha da pisləşməsidir. Bu fonda o qeyd edir ki, əslində orduya ayrılan pulların böyük bir hissəsi hələ də mənimsənilməkdə davam edir. Elə indinin özündə də qeyd olunur ki, Ermənistan silahlı qüvvələrində baş verən mənfi hallarla artıq kimisə təəccübləndirmək çətindir. Çünki işğalçı orduda qanunsuzluqlar, özbaşınalıqlar o həddə çatıb ki, artıq həm hərbçilər, həm də ictimaiyyət bunu normal hal kimi qəbul etmək məcburiyyətindədir.

Ermənistanda hərbi xidmətdən möhlətlə bağlı qanuna edilən dəyişikliklərin tələbələr və ictimaiyyət tərəfindən geniş etirazlara səbəb olduğu bir vaxtda düşmən ordusu ilə əlaqədar daha bir rüsvayçılıq ortaya çıxıb. Ermənistan sosial şəbəkələrində zabit ailələri belə bir xəbər paylaşıblar ki, noyabrın 15-də hərbi qulluqçular üçün tikilən mənzillər paylanacaq. İlk baxışda bu məlumatda sensasiya xarakterli heç nə yoxdur. Lakin sosial şəbəkələrdə yayılan xəbərin böyük rezonans doğurmasına səbəb bu mənzillərə ermənistanlı hərbçilərin ancaq rüşvət verməklə sahib ola biləcəkləridir. Yayılan məlumatda deyilir ki, ev almaq üçün hər bir erməni zabit mütləq üç mindən on min dollara qədər rüşvət verməlidir. Məhz bu şəraitdə orduya ayrılan pulların hara getməsi sualı daha böyük aktuallıq kəsb edir. “Aykakan jamanak” qəzeti isə yazır ki, Sarksiyan iqtidarının ordu siyasəti nəticəsində cəmiyyət silahlı qüvvələrə olan inamını tam itirib. Belə ordu ilə İrəvanın Qarabağ siyasətinin ifldasa uğramasının qaçılmaz olduğunu bildirən Sarkis Artsruni etiarf edir ki, Qarabağın başının üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür.
Onun sözlərinə görə, Ermənistanda valideynlər birmənalı şəkildə övladlarının Qarabağa getməsinə qarşıdır: “Valideynlər məsələni indi konkret qoyurlar: bizim övladlarımızı bizdən soruşmadan Qarabağa döyüşməyə aparırlar. Başqa vaxt deyirlər ki, biz  Qarabağın işinə qarışmırıq,  bəs onda niyə bizim övladlarımız gedib orda ölməlidir?! Bunu bizə izah etsinlər. Amma hakimiyyət hələ də bu məsələyə susmaqla cavab verir. Erməni valideynlər isə öz oğullarının təhlükəsizliyini daha çox düşünürlər. Qarabağdakı vəziyyət gec-tez tammiqyaslı müharibəyə gətirib çıxarsa, yəqin ki, valideynlər övladlarını orduya göndərməkdənsə, ümumiyyətlə Ermənistandan çıxaracaqlar”. Erməni şərhçi qeyd edib ki, məsələ təkcə münaqişə tərəflərinin toqquşması ilə yekunlaşmır: “ Rusiya NATO-ya və Avropa Birliyinə meyl edən Ermənistan hakimiyyətinin sədaqətinə şübhə ilə yanaşır. Buna paralel olaraq, Azərbaycana dəstəyi artırır. Məlumatlar var ki, Moskva Ermənistana qarşı yeni təzyiq dalğasını başladacaq. Özü də bu məsələdə Türkiyənin də indi aktiv iştirakı Ermənistan üçün müsbət heç nə vəd etmir”. Belə vəziyyətdə diqqət yetrilən məqamlardan biri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi açıqlamalardır. Zaxarova ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün çalışacaqlarını bildirib. O, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlarda təmasların da istisna edilmədiyini bildirib və iki ölkənin XİN rəsmilərinin görüşünün ilin sonuna planlaşdırıldığını qeyd edib. Burada maraq doğuran başlıca məqam Zaxarovanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmasların istisna olunmadığını və bunun üzərində iş getdiyini deməsidir. Ermənilər bunu həyəcanla qarşılayır və hesab edirlər ki, söhbət məhz Türikyədən gedir. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin onunla Dağlıq Qarabağı müzakirə etmək istəyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə əliboş qatılmayacaq. Ekspertlər isə vurğulayır ki, burada iki əsas məsələ var. Birinci məqam odur ki, münaqişənin həlli ilə məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin məşğul olması vacib deyil. Məsələn, Türkiyə ilə də bu mövzuda dərin müzakirələr mümkündür. Zaxarovanın  “üzərində işlənir” ifadəsinə gəldikdə isə, görünür, Rusiya münaqişənin həlli məqsədilə ona münasib şərtləri müəyyənləşdirir. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, Ərdoğan və Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müzakirələr aparması Qarabağ məsələsində  Azərbaycanın strateji mövqelərinin möhkəmləndirməsi üçün yeni zəmin rolunu oynayacaq. Hesab edilir ki, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli istiqamətində görülən işlərə müsbət təsir edəcək. Çünki Ərdoğan, demək olar ki, bütün tribunalardan, yüksək məqamlardan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edir. Eyni zamanda regionda təsiri olan ölkələrin rəhbərləri ilə görüşən zaman da Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ məsələsinin tənzimləməsi ilə bağlı məsələni diqqət mərkəzinə gətirir. Amma məhz indiki zamanda Ərdoğan və Putin arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə olunmasının bir sıra özəllikləri var. Birincisi ona görə ki, regionda çox ciddi proseslər getməkdədir. Bu proseslərin episentrində də məhz Azərbaycan və Türkiyə dayanır. Həm tarixi, həm də geosiyasi baxımdan çox strateji Bakı-Tiflis-Qars dəmiryol xətti işə düşdü. Bu həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi nüfuzunu artırmaqla yanaşı, geosiyasi imkanlarını da genişləndirdi. Moskva isə belə geosiyasi imkanlara malik ölkələrlə əməkdaşlığı artıq özünün inkişafı üçün vacib hal sayır. Məhz bu səbəbdən Ermənistan Rusiya üçün arxa plana keçir. Belləiklə, ordusu dağılan Ermənistan əsas hamilərindən də məhrum olur ki, bu da Qarabağ münaqişəsinin həllini Azərbaycanın maraqları çərçivəsində tezləşdirmək iqtidarındadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər