22/11/2017 15:18
728 x 90

Qarabağ danışıqlarının sürətləndirilməsi üçün Azərbaycan ATƏT-ə “konkret addımlar” mesajı verdi

“Qərb öz geostrateji maraqlarına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini artırmalıdır”

img

Məhəmməd Əsədullazadə: “Əks təqdirdə işğalçı ölkənin cəzalandırılması yenidən bərpa olunar”

 

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi məqsədilə əməli addımların atılmasını gözləyir. Bu barədə Azərbaycan Respublikasının ATƏT yanında nümayəndə heyəti ATƏT Daimi Şurasının 1163-cü iclasında bəyan edib.

Azərbaycanın nümayəndə heyəti danışıqların bərpa edilməsində həmsədrlərin səylərini alqışlayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-ci il tarixində Cenevrədə keçirilmiş zirvə görüşünü düzgün istiqamətdə atılmış addım olduğunu qeyd edib: “Görüş substantiv danışıqların bərpası üçün ilkin şərtlər qoymaq cəhdlərinin uğursuzluqla nəticələndiyini sübut etdi. Birgə bəyanatda əks olunduğu kimi, ümumilikdə, görüşün baş tutmasını və nəticəsini müsbət qiymətləndiririk. Danışıqları intensivləşdirmək məqsədilə həmsədrlərdən əməli addımların atılmasını gözləyirik”.

Nümayəndə heyəti münaqişənin həlli üçün mərhələli həll variantına alternativin olmadığını və sülhə nail olmaq üçün ən yaxşı şans olduğunu qeyd edib: “Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyənləşdirilib, xüsusən ilk olaraq, erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasıni təşkil edir.

ATƏT-in 1992-ci ilin fevralında qəbul etdiyi qərarda bütün sərhədlərin toxunulmazlığına hörmətlə yanaşılma, hər hansı qonşu dövlətə ərazi iddialarının irəli sürülməməsinə dair zəmanət verilmə, o cümlədən, bu cür ərazi iddialarını təşviq edəcək düşmənçilik təbliğatından çəkinmə kimi çağırışlar əks olunub”.

Ümumilikdə, danışıqların intensivləşdirilməsi məqsədilə əməli addımların atılmasından gözləntilər konkret olaraq nədən ibarət ola bilər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “20 ildən artıqdır ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar nəticəsində heç bir müsbət irəliləyişə nail olunmayıb. Halbuki, həmsədr ölkə olan ABŞ və Fransa münaqişənin həllinə ciddi şəkildə dəstək verə bilərlər. Rusiya və ABŞ artıq ayrı-ayrı həll planına malikdirlər. ABŞ əsasən mərhələli, Rusiya isə paket həllinə üstünlük verir. Hesab edirəm ki, bu, tərəflərin münaqişənin həllinə fərqli yanaşmalarının göstəricisidir. Fikrimcə, Azərbaycanın milli maraqlarına uyğun olaraq ABŞ-ın irəli sürdüyü həll variantı məqbuldur və bu kontekstdə danışıqlar aparılmalıdır. Hazırda Rusiyanın vasitəçiliyi daha da qabarıq görsənir. Rusiyanın təktərəfli olaraq münaqişənin həllində verəcəyi dəstək heç də ərazi bütövlüyü prinsipinə uyğun deyil. Burada ABŞ da kifayət qədər rol alaraq Ermənistanın kompromislərə gəlməsinə çalışmalıdır. Hazırda mövcud vəziyyət ondan ibarətdir ki, danışıqlar prosesi çox ləng gedir. Əmin deyiləm ki, Rusiya və ATƏT-in Minsk Qrupu ciddi şəkildə problemi tezliklə həll etsinlər. Münaqişə həll olunmayınca, regionda sabitlik öz kövrəkliyini saxlayacaq. Ona görə də Qərb öz geostrateji maraqlarına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini artırmalıdır. Azərbaycan daim Minsk Qrupunun həmsədrlərinin tutduğu mövqedən və fəaliyyətindən narazıdır. Onların görə biləcəyi iş, demək olar ki, fiaskoya uğrayıb. Azərbaycan bundan sonra Minsk Qrupunun həmsədrlərindən bir daha konfliktə ciddi şəkildə yanaşmasını tələb etməlidir. Əks təqdirdə isə işğalçı ölkənin cəzalandırılması yenidən bərpa olunar”.

Vidadi ORDAHALLI 

Son xəbərlər