22/11/2017 15:22
728 x 90

Fransa məhkəmələri Azərbaycana münasibətdə erməni təsirində olduğunu bir daha göstərdi

“Yaşananlar bir daha Fransa məhkəməsinin müstəqil qərar vermək iradəsində olmadığını göstərdi”

img

Məhərrəm Zülfüqarlı: “Ölkə məhkəmələri siyasi sifarişlə qərar çıxarır”

 

Məlum olduğu kimi, Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalisti ilə bağlı iddiasına mahiyyəti üzrə baxmaqdan imtina edib. Məsələ ondadır ki, sözügedən jurnalistlər Azərbaycandakı hökuməti iki il əvvəl “diktatura” adlandırmaqla ona böhtan atmaqda ittiham olunur.

Hadisə Fransanın o zamankı prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı baş verib. 2015-ci ilin sentyabrında “France 2” televiziyası ilə yayımlanan araşdırma proqramında Lucet Azərbaycanın “dünyanın ən qəddar diktaturaları”ndan biri olduğunu deyib.

Halbuki, iddia tərəfi bundan əvvəlki məhkəmədə bildirib ki, Şərqdə ilk dəfə Azərbaycanda 1918-ci ildə cumhuriyyət qurulub. Azərbaycanda diktatura rejiminin hökm sürdüyünü iddia etmək düzgün deyil. Bununla yanaşı, sözügedən jurnalistlər Azərbaycanı təmsil edən vəkillərin suallarına cavab verə bilməyiblər. Həmin jurnalistlər yazdıqları fikirləri arqumentlərlə əsaslandıra bilməyiblər. Azərbaycana “diktatura” deyən jurnalistlər guya çox dərin təhlillər aparandan sonra belə qənaətə gəldiklərini deməklə özlərini haqlı çıxarmağa çalışsalar da, vəkilin məntiqli sualları ilə ifşa olunublar. Vəkilin “Azərbaycanın əhalisi nə qədərdir”, “Bakıdan başqa hansı Azərbaycan şəhərlərini tanıyırsınız” kimi adi suallara heç bir cavab verilməyib.

Bütün bunlardan sonra güman olunurdu ki, noyabrın 7-də Fransa məhkəməsi ədalətli mövqedən çıxış edəcək və hüququn aliliyinə önəm verəcək. Ancaq məlum qərar bir daha göstərdi ki, Fransa məhkəməsi heç də bəzilərin iddia etdiyi kimi müstəqil deyil. Bu bir daha Fransa məhkəmələrinin sifarişlə, yuxarıdan gələn göstərişlə işlədiyini ortaya qoydu. Başqa bir tərəfdən, baş verənlər həm də Fransanın erməni lobbisinin təsiri altında olmasının göstəricisidir. Ölkədə mövcud olan erməni sevgisi məhkəmə qərarlarına təsir edir. Bunun bariz nümunəsi olaraq sözdə “erməni soyqırımı”nın inkarına görə hətta həbs cəzasının nəzərdə tutulduğuna dair qanun qəbul etdilər. Sonra bunun böyük biabırçılığa səbəb olduğunu görən Fransa Konstitusiya Məhkəməsi həmin qərarı ləğv etməli oldu.

Sözügedən məsələni dəyərləndirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, yaşananlar bir daha Fransa məhkəməsinin müstəqil qərar vermək iradəsində olmadığını göstərdi: “Fransa məhkəməsi həqiqətən də müstəqil olsaydı, o zaman ortaya qoyulan haqlı iddianı təmin edərdi. Ancaq siyasi iradəyə, siyasi sifarişə tabe olan məhkəmə ona uyğun qərar çıxardı. Bu bir daha Fransanın heç də deyildiyi kimi demokratik ölkə olmadığını göstərdi. Belə olmasaydı, o məhkəmə hüququn aliliyinə önəm verərdi. Fransa hansı demokratik dəyərlərdən danışır ki, Liviyanı məhz bu dövlət bombaladı. Ölkədə hakimiyyəti zor gücü ilə devirdilər. Liviya bərbad günə salınıb. Təbii ki, belə bir ölkənin məhkəmə sisteminin müstəqil olmasından danışmaq gülüncdür. Ölkə məhkəmələri siyasi sifarişlə qərar çıxarır. Yaxın Şərqdə baş verən qanlı hadisələrdə Fransanın da rolu var. Demokratiyadan onlar öz maraqları üçün bir alət kimi istifadə edirlər. Maraqlarını təmin etmək üçün bunu qabardırlar. Harada  maraqları təmin olunur, orada bunu görməzdən gəlirlər. Hansı ölkədə maraqları təmin olunmur, o zaman demokratiyanı əllərində bayraq edirlər. Yaxşı olardı ki, Qərb ölkələri birinci öz problemləri ilə məşğul olsunlar. Gündə bir terror hadisəsi baş verir. Bu bir daha, Fransa başda olmaqla, bir sıra Qərb ölkələrinin ikili siyasətdən çıxış etməsinin göstəricisidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər