24/10/2017 06:12
728 x 90

"Transparency International"ın Azərbaycan əleyhinə yeni gedişləri Qarabağ prosesində əhəmiyyətli dönüşlərlə üst-üstə düşdü…

“Bütün analoji qurumlar bilməlidir ki…”

img

Elməddin Behbud: “Heç bir qeyri-adekvat tələb, yaxud hansısa təzyiqlə ölkəmizi mövqeyindən çəkindirmək onlara nəsib olmayacaq”

 

Azərbaycana qarşı daim qərəzli mövqeyilə seçilən "Transparency International"  təşkilatı yenə öz ampluasındadır. Sözügedən qurum Avropa Şurasının Azərbaycana qarşı sərt tədbirlər görməsi haqqında tələb irəli sürüb. Fakitiki olaraq Azərbaycan yenidən müxtəlif beynəlxalq siyasi dairələr, onların əlində alət olan müəyyən QHT-lər, eyni zamanda Avropa Şurası simasında beynəlxalq təşkilatlar tərəfindən edilən təzyiqlə üz-üzədir.

Bu yeni hadisə deyil. Biz dəfələrlə bunun şahidi olmuşuq və səbəblər də bəllidir. Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür, bu siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir. Ölkə siyasətinin beynəlxalq siyasi dairələrin və siyasi mərkəzlərin diqtəsi altında deyil, məhz milli maraqlar əsasında qurulması onları qıcıqlandırır. Ermənistanla gedən danışıqlarda da Azərbaycan üstün mövqe əldə edib. Ermənistan danışıqların bərpası üçün müəyyən şərtlər irəli sürsə də, bu baş vermədi. Ermənistan məcburi şəkildə danışıqlar masasında əyləşdirilib. Belə olan vəziyyətdə "Transparency International"ın yenidən bizə qarşı fəallaşması təsadüfdürmü?

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycana qarşı bu tip təzyiqlərin olması bizim üçün adi hal alıb və bu sarıdan immunitetimizi güclü  formalaşdırıb: “Təəssüflər olsun ki, anti-Azərbaycan dairələrin əlində alətə çevrilən bir çox beynəlxalq qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, jurnalistlər və media qurumları davamlı olaraq ölkəmizə qarşı iftira, qarayaxma kampaniyası aparırlar. Belə institutlar və ayrı-ayrı şəxslər Azərbaycanın milli maraqlarına qarşı mübarizədə çox çirkin və muzdlu rolu oynayırlar. Yəni bəlli geosiyasi dairələr Azərbaycanı olduğu kimi deyil, arzu etdikləri kimi - xaos, nizamsızlıq, hərbi-siyasi proyektlərin realizəsi meydanı kimi görə bilməyəndə ölkəmizin üzvü olduğu beynəlxalq təşkilatlara müraciətlər başlanır. Bu müraciətlərin ana xəttini nələrin təşkil etdiyini (demokratiya yoxdur, insan hüquqları pozulur, siyasi məhbuslar var və digər çığırtılar) hamımız bilirik. "Transparency International" da bu təşkilatlardan biridir. Azərbaycan Respublikası əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursuna uyğun olaraq ikitərəfli və çoxtərəfli qaydada beynəlxalq birliyin bütün subyektləri ilə münasibətlərə milli maraqları çərçivəsində yanaşır. Ancaq bu heç də bizimlə hansısa bir vətəndaş cəmiyyəti institutunun, yaxud beynəlxalq təşkilatın imperativ dildə danışmasına susmağımız anlamına gəlmir. Bəli, bizim Avropa Şurasının üzvü olaraq öhdəliklərimiz var və onlara qanunvericiliyə uyğun şəkildə riayət edirik, təbii ki, milli mənafelərimiz çərçivəsində. Nələrsə milli maraqlarımıza ziddirsə, Azərbaycan xalqının siyasi iradəsinin ziddinədirsə, o qəbul edilmir. Məsələyə bu cəhətdən yanaşdıqda "Transparency International" dili ilə səsləndirilən tələblər bizim üçün aydın ssenaridir. Bütün analoji qurumlar bilməlidir ki, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq ölkəmizdə demokratik institutların azad fəaliyyəti üçün müvafiq şərait yaradılıb və bu istiqamətdə davamlı islahatlar kursu həyata keçirilir. Heç bir qeyri-adekvat tələb, yaxud hansısa təzyiqlə ölkəmizi mövqeyindən çəkindirmək onlara nəsib olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər