24/10/2017 06:05
728 x 90

Azərbaycan atəşkəsə nəzarət mexanizmləri məsələsində Ermənistanı qəti olaraq “yerə vurdu”...

“Prezidentin son çıxışından da göründü ki, Azərbaycan öz mövqeyində qalmaqda prinsipiallığını davam etdirir”

img

Vəfa Heydərli: “Ermənilərin masa arxasında oturub razılığa gəlməkdən başqa çarəsi yoxdur”

 

Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin dinc yolla tezləşdirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdə və bu istiqamətdə zəruri addımlar atılmaqdadır. Son dövrlərdə qeyd edilən səpkidə görülən işlərə işğalçı Ermənistan müəyyən maneələr yaratmağa çalışsa da, düşmən tərəf üçün hansısa ciddi nəticə hasil olmayıb. İndi maraq doğuran məsələ baş tutacaq danışıqlarda konkret nəticələrin əldə olunmasıdır.

Gözlənir ki, bu ilin sonuna kimi prezidentlərin görüşü baş tutsun və burada artıq nəticələr əldə edilsin. Artıq bu xüsusda Ermənistanda, belə demək olarsa, həyəcən təbili çalınır. İşğalçı ölkədə hesab edirlər ki, həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmasını dilə gətirməməsi onlar üçün yaxşı gələcək vəd etmir. Söhbət Barak Obama dövründə ABŞ tərəfindən təklif olunan və mövcud status-kvonun möhkəmləndirilməsinə hesablanmış “atəşkəsə nəzarət mexanizmi”ndən gedir. Bu məsələ Vyana görüşündə müzakirə edilsə də, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Sankt-Peterburq görüşündə əsas müzakirə mövzusu deyildi. Sadəcə olaraq, “atəşkəsə nəzarət mexanizmi” ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyi görüşün detallarını gizlətmək məqsədilə bəyanata daxil edilmişdi. İrəvan uzun müddət işğalın davam etməsinə hesablanmış bu mexanizmlərin quraşdırılması məsələsinin üzərində dayanır. Lakin nə nazirlərin Nyu-York görüşündə, nə də həmsədrlərin sonuncu bəyanatlarında bu məsələyə yer verilməməsi artıq Ermənistanda ciddi narahatlığa səbəb olur. Erməni siyasi şərhçisi Sarkis Artsruni yazır ki, bu, Ermənistanın Azərbaycanın istədiyi şərtlər daxilində danışıqlar masasına qayıtdığını göstərir: “Həmsədrlərin son bəyanatları iddia etməyə imkan verir ki, “atəşkəsə nəzarət mexanizmi” Minsk Qrupunun gündəliyindən çıxarılıb”.

Erməniləri narahat edən digər bir məqam isə ABŞ-ın yeni seçilən həmsədrinin status-kvonun qəbuledilməz olması ilə bağlı səsləndirdiyi fikirdir. Bütün bu sadalananlardan sonra belə bir nəticəyə gəlmək olarmı ki, ermənilərin təkidlə tələb etdiyi “atəşkəsə nəzarət mexanizmi” danışıqların gündəliyindən çıxarılaraq, bütün diqqət status-kvonun mütləq mənada dəyişməsi ilə bağlı tələbə yönəlib?

Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Ermənistanın bu narahatlıqları əbəs deyil: “Bilirsiniz ki, “atəşkəsə nəzarət mexanizmi”nin tətbiqi sırf onların tələbi idi. Azərbaycan həmin tələbi birmənalı şəkildə rədd edirdi. Hətta Prezident çıxışında bildirmişdi ki, əgər Ermənistan əsgəri ölmək isrəmirsə, rədd olub Azərbaycan torpağından getməlidir. Çünki işğal altında saxlanan Azərbaycan ərazilərində belə bir tələbin irəli sürülməsi və onun bizim tərəfimizdən qəbul edilməsi məntiqəuyğun deyildi. Təəssüflər olsun ki, ermənilər aparılan bəzi danışıqlar prosesində həmin mövzunu sənədlərə sala bilmişdilər. Yəni Azərbaycanın qəbul etdiyi kimi yox, ətrafında müzakirələrin aparıldığı mövzu olaraq. Aprel döyüşlərindən sonra isə Ermənistan danışıqlar prosesini tərk edərək, bizim qarşımızda tələblər qoymağa başladı. Təbii ki, Azərbaycan həmin şərtlərdən heç birini qəbul etmədi və bu gün Ermənistan yenidən masaya gətirilib. Hazırda nəzərdə tutulan görüşlə bağlı Ermənistanın ciddi cəhdlə tələb etdiyi nəzarət mexanizmindən heç bir söhbət getmir. Yəni, demək olar ki, bu mövzu və daha doğrusunu desək, Ermənistanın istədiyi gündəlikdən birdəfəlik çıxarılıb. Artıq status-kvonun dəyişməsinin vacibliyi ətrafında söhbətlər aparılır. Biz bunu ABŞ-lı həmsədrin bəyanatında da gördük.  Prezidentin son çıxışından da göründü ki, Azərbaycan öz mövqeyində qalmaqda prinsipiallığını davam etdirir. Hətta ölkə başçısı bildirdi ki, ermənilərin masa arxasında oturub razılığa gəlməkdən başqa çarəsi də yoxdur. İlham Əliyev dedi ki, əks halda onları gülməli vəziyyət gözləyəcək. Bütün bunlar onu deməyə əsas verir ki, artıq Ermənistanın həmin tələbi tam sıradan çıxıb”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər