24/10/2017 06:07
728 x 90

Xəzərin hüquqi Konvensiyası 5 prezidentin imzalamasına təqdimat ərəfəsinə çatdı…

img

Rusiya rəsmiləri tərəfindən bir-birinin ardınca verilən rəsmi açıqlamalardan belə bəlli olur ki, yaxın tezlikdə Xəzərin hüquqi status məsələsi öz həllini tapa bilər. Artıq bu istiqamətdə vacib razılaşmaların əldə olunduğu da qeyd edilir. Dənizin hüquqi statusunun müəyyən edilməsi isə, öz növbəsində, sahilyanı ölkələrdən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, bu hal Xəzərdə mübahisəli yataqlarla bağlı problemin aradan qalxmasına rəvac verəcək.

Yuxarıda qeyd olunduğu kimi, Rusiya rəsmiləri status məsələsində optimistdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir. O qeyd edib ki, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır: “Biz ümid edirik ki, 5 ölkə başçısının razılaşdığı kimi, sammit gələn il baş tutacaq”. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə RİA“Novosti” agentliyinə müsahibəsində bildirir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın bu gün razılaşdırılmış mətnində beş ölkənin hamısının tələbləri balanslaşdırılıb və onlardan heç birinin əsas maraqlarına toxunulmur. O qeyd edib ki, Konvensiyada bir neçə maddənin optimal ifadə edilməsi qalıb: “Bununla da uzun illər ərzində səbrlə işlənmiş bu sənədə nöqtə qoymaq və onu dövlət başçılarının imzasına təqdim etmək olar“. O, sənədin yekun variantının “Xəzər beşliyi”nin xarici işlər nazirlərinin növbəti müşavirəsində bəyəniləcəyinə ümidvar olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov da nikbindir. Onun sözlərinə görə,  2018-ci ildə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması nəzərdə tutulub: "Rusiya Xəzər istiqamətində xarici siyasətini aktivləşdirir. Xəbərləri mütəmadi izləyənlər bilir ki, bu mövzu daim Rusiya prezidentinin və xarici işlər nazirinin regiondakı həmrkarları ilə görüşündə qaldırılır". Səfir əlavə edib ki, Rusiya Konvensiyasının gələn il Qazaxıstanda imzalanacağına ümidlidir. Bununla yanaşı, Bratçikov onu da bildirib ki, sənəd imzalanarkən Rusiya subyektlərinin maraqları nəzərə alınacaq.

Bir neçə gün əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov da rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda görüşü zamanı status  məsələsinin tezliklə həllini tapa biləcəyini bəyan edib: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər. Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır. Mən ümid edirəm ki, bütün sahilyanı ölkələr bu məsələnin həllinə tərəfdar çıxacaq”.

Xatırladaq ki, Ber­di­mə­həm­mə­dovun cari ilin avqustunda Azər­bay­ca­na rəs­mi sə­fəri zamanı da statusla bağlı maraqlı məqamlar üzə çıxmışdı. Həmin vaxt  Azər­bay­can və Türk­mə­nis­tan ara­sın­da apa­rı­lan da­nı­şıq­la­rın əsas pred­me­ti­ni neft-qaz və nəq­liy­yat sa­hə­sin­də əmək­daş­lıq mə­sə­lə­lə­ri­nin mü­za­ki­rə­si təş­kil edirdi. Yayılan məlumatlardan belə bəlli olurdu ki,  iki öl­kə ara­sın­da "Kə­pəz" neft ya­ta­ğı ilə bağ­lı mü­ba­hi­sə­ ara­dan qalx­ma­q üzrədir. Bu isə status məsələsinin həllində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, bir müddət əvvəl Azərbaycan və İran Xəzərdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə danışıqlar aparıb. İranın Milli Neft Şirkətinin (NIOC) idarəedici direktoru Möhsün Delavirin başçılığı ilə  bu ölkənin KEPCO şirkətinin nümayəndə heyəti Rövnəq Abdullayevin dəvətilə Bakıya gələrək SOCAR rəhbərliyi ilə danışıqlar aparıb. R.Abdullayev bildirib ki, İran və Azərbaycan arasında energetika sektorunda əməkdaşlıq üçün böyük baza var. SOCAR və NIOC arasında 2015-ci ildə imzalanmış sazişə toxunan KEPCO rəhbəri qeyd edib ki, energetika sektorunda ikitərəfli əməkdaşlıq üçün bir çox imkanlar mövcuddur. Tərəflərin Xəzərdə birgə fəaliyyəti isə Azərbaycan və İran arasında mübahisəli yataqlar məsələsinin həllində vacib amil sayılır. Bu isə eyni zamanda tərəflərin status məsələsində ortaq mövqe nümayiş etdirməsini də şərtləndirir. Yekun vəziyyət onu deməyə əsas verir ki, artıq gələn il ərzində Xəzərin status məsələsi birdəfəlik öz həllini tapa bilər.

Nahid SALAYEV

Son xəbərlər