24/10/2017 06:10
728 x 90

AŞPA-da ermənilərlə birgə Azərbaycan əleyhinə işləyən qüvvələr iki qərəzli qətnamə çıxartdıra bildilər

Azərbaycanın Prezident Administrasiyası Avropa Şurası ilə münasibətlərin yenidən nəzərdən keçirilməsini rəsmən gündəmə gətirdi – sərt açıqlama Əli Həsənovdan gəldi

img

“Arxanızda kimlərin durduğunu bilirik” - Səməd Seyidov ifşa faktları sadaladı

“AŞPA bu qətnamələri Qarabağ danışıqlarında möhkəm çətinliyə düşmüş Ermənistana dolayı dəstək aktları kimi qəbul etdi”

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. APA-nın Avropa müxbirinin xəbərinə görə, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib.

A.Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı. dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: “Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə, üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”.

Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə  14403 saylı Qətnamə qəbul olunub. Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib. 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub. Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

“AŞPA müəyyən məqsədli dairələrin əlində Azərbaycana qarşı təzyiq alətinə çevrilib”

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirib.

Hesab edirəm ki, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi.

Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir.

Açıq aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin başa alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər.

Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir.

Əlbəttə bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri vardır və bundan sonra da öz yolu ilə irəliləmkdə davam edəcəkdir.

Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir.

Yenə həmin Omtsix, həmin Şvabe, həmin Ştrasser, həmin Şennax, həmin Dekstes…

Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladığı "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatların təqdimatından sonra ümumi müzakirələr olub. Çıxış edən deputatlar ümumilikdə hər iki hesabatın hazırlanmasını yüksək qiymətləndiriblər.

AŞPA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlər səsləndirib. Onlar əsasən İlqar Məmmədovun həbsdən azad edilməsi, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bağlı məsələlərin həllinə dair çağırışlar edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq ittihamlara cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin ittihamlarına sərt münasibət bildirib: “Cənab Omtzigt, siz burda çox da canfəşanlıq edib Azərbaycanda demokratiya naminə verdiyiniz bəyanat və çıxışlarınızla özünüzü obyektiv biri kimi göstərməyə çalışmayın. Biz çox yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Siz ermənilərlə birgə işləyirsiniz. Siz yalnız dırnaqarası obyektiv ola bilərsiniz”.

Daha sonra Səməd Seyidov ümumilikdə təşkilatı Azərbaycanla bağlı qeyri-obyektivlikdə və ikili standartlar siyasəti yürütməkdə günahlandırıb. “Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üstünə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?"

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxışında Omtzigt Pyeter, Şvabe Frank kimi parlamentarların erməni lobbi təşkilatlarının maraqlarını təmsil etdiklərini bildirib.

Azərbaycanla bağlı qəbul olunan qətnamələr AŞPA-ya utanc gətirən sənədlər kimi qiymətləndirildi

“AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər". APA-nın Avropa müxbiri xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, həmin şəxslər açıq-aşkar öz qarşılarına məqsəd qoyublar ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar: "Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Çünki çıxışlar arasında Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırıldı. Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq".

S.Seyidov bəzi çıxışların arxasında erməni lobbi qüvvələrinin pullarının dayandığını bildirdiklərini də deyib: "Biz konkret olaraq bildirdik ki, hansısa ölkələrlə dialoq qurmaq üçün gecə-gündüz çalışırlar, Azərbaycanla bağlı isə uçurum yaratmaq istəyirlər. Bu cəhdlər elə-belə deyil, bunların arxasında Azərbaycanı istəməyən qüvvələr var. Ancaq bunlar ayaq tutar, yeriyə bilməzlər. Yalan və böhtan üzərində qurulmuş kampaniya heç vaxt nəticə verə bilməz. Azərbaycan öz işlərini davam etdirir, həqiqətləri AŞPA deputatlarına da, Avropa ictimaiyyətinə də çatdırır. Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Avropa Şurası, AŞPA Azərbaycanla əlaqələr qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan. Çünki onlar da başa düşürlər ki, Azərbaycansız, Azərbaycanın Şərqlə Qərbi birləşdirən fəlsəfəsi olmadan AŞPA özü də yaşaya bilməz".  

O, bəzilərinin Azərbaycanda gedən islahatları, ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı görülən işləri inkar etdiklərini də diqqətə çatdırıb.

"Ümumiyyətlə, bu gün biz AŞPA-da ağa qara demək siyasətini və davranışını gördük. Mən əminəm ki, bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən sənədlərdir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” sənədi qeyd etmək istəyirəm. Özü də bunu tam məsuliyyətlə deyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, hesabata həqiqətdən uzaq olan faktları daxil etmək onu ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz”, - deyə S.Seyidov qeyd edib.

“AŞPA bu qətnamələri Qarabağ danışıqlarında möhkəm çətinliyə düşmüş Ermənistana dolayı dəstək aktları kimi qəbul etdi”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, əslində, AŞPA-nın belə qətnamələr çıxaracağı gözlənilən idi: “Hələ iki həftə əvvəl deputat Myujneks Azərbaycanla bağlı sərt cəza qərarı çıxarılması barədə çağırış edəndə, Yaqlandın Azərbaycanla bağlı pərdəarxası işlərinin üstü açılanda məlum idi ki, proses haraya gedir. Çıxarılmış iki ittihamçı qətnamənin mənbəyi Azərbaycandakı reallıqlar yox, məhz pərdə arxasında hazırlanmış ssenarilər və bir çox AŞPA deputatlarının könlünə kənar “sponsorların” saldığı qisas-qərəz motivləridir. İlk Avropa Oyunları ərəfəsində məşhurlar Şultsun, Lunaçikin başqa bir Avropa strukturunda Azərbaycan əleyhinə çıxartdırdıqları qətnaməni xatırlayaq. Müqayisə aparanda bu gün AŞPA-nın qəbul etdiyi iki qətnamənin də arxasından maraqlı şeylər çıxır. Məncə, Ermənistanın Qarabağ danışıqlarında küncə sıxışdırıldığı, şərtsiz danışıqlara məcburi qaytarıldığı, rayonların qayıdış məsələsinin gerçəkləşdiyi indiki vaxtda AŞPA-nın Azərbaycanı bu cür qərəzlə vurması yalnız Ermənistanın əlinə işləyir. Məqsəd dünyanın diqqətini Qarabağ danışıqlarında arqumentsiz vəziyyətə salınmış Ermənistandan yayındırmaq, Azərbaycanı ortaya çəkməkdir. Həmin AŞPA özü bu il Ermənistandakı parlament seçkilərinə belə bir qiymət vermişdi: “Bu seçki də əhalinin seçki prosesinə etimadsızlığını aradan qaldıra bilmədi”. Siyasi məzmununa görə bu rəy Ermənistanı AŞPA-dan xaric etməyə yetərincə əsas olsa da, AŞPA həmin parlementi tanıdı və nümayəndə heyətini qəbul etdi. Ermənistanda seçicilərin səsinin kütləvi satın alınması və bunun nəticələrə həlledici təsir göstərdiyini də rəsmən qeydə alan Avropa Şurası idi. Bütün bunların üstündən keçmək, həm də bunu məhz indi etmək Ermənistanı Qarabağ prosesində düşdüyü hazırkı çıxılmaz vəziyyətdən çıxarmaq cəhdindən başqa bir şey deyil. AŞPA bu qətnamələri Qarabağ danışıqlarında möhkəm çətinliyə düşmüş Ermənistana dolayı dəstək aktları kimi qəbul etdi”.

“Erməni lobbisi və onların real sahibləri…”

Avropa Şurası Parlament Assambleyasının dünən keçirilən iclaslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məsələlərin qeyd olunduğu sənədlərin qəbul edilməsi Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür. Bunu “Trend”-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, bu hadisələrin arxasında erməni lobbisi ilə yanaşı, ermənilərin real sahibləri də durur: “Çox qəribə bir vəziyyət yaranıb. Belə ki, bəzi qüvvələr AŞ PA-da Azərbaycan əleyhinə sənədlər qəbul etdirirlər. Onlar istəyirlər ki, Azərbaycan haqqında mənsi imic yaratsınlar”.

Deputat hesab edir ki, eyni zamanda Azərbaycana qarşı təzyiqlərin arxasında enerji, nəqliyyat və digər sahələrdə Azərbaycanla rəqabətdə olan güclü ölkələr dayanır: "Onlar zəncirvari bir ideyaya bağlı olan, Azərbaycana qarşı informasiya müharibəsi aparan əsas qüvvələrdir. Yəni Azərbaycana qarşı müharibə sadəcə səngərlərdə deyil, informasiya sahəsində də aparılır”.

Baki-xeber.com

Son xəbərlər