24/10/2017 06:03
728 x 90

Azərbaycan Ermənistanın şərtlə danışıqlara qayıtmaq taktikasını iflasa uğratdı…

“Bunu Azərbaycan diplomatiyasının, cənab Prezidentin yürütdüyü siyasətin qələbəsi saymaq olar”

img

Vüqar Qədirov: “Biz elə bu cür israrlı mövqeyimizlə böyük qələbəmizi də əldə edəcəyik”

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən problemin həlli istiqamətində son vaxtlar danışıqlarda heç bir irəliləyişin olmadığını bildirib.

Prezident  deyib: “Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni müxtəlif  bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Heç bir şərti qəbul etmədən Ermənistanı danışıqlar prosesinin bərpasına məcbur etmək Azərbaycanın uğuru sayıla bilərmi?

Ekspert Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısı çıxışında münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəqiq ifadə etdi: “Bilirsiniz ki, münaqişə yaranandan bir müddət sonra atəşkəs rejimi elan olundu. Ümidlər vardı ki, sülh danışıqları ilə prosesi nizamlamaq olar. Ancaq həmin müddət ərzində Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe bütün ümidləri puç etdi. Ermənistan diplomatiyada etdiyi çığallığı təmas xəttində də davam etdirirdi. Daim atəşkəs rejimini pozmaqla bütün diqqəti təhlükəsizliyə yönəldirdi. Aprel döyüşləri zamanı isə onlara ciddi dərs verildi. Azərbaycan Ordusu etdiyi əks hücumla təmas xəttində ciddi uğurlar əldə etdi. Bu fakt Ermənistan üçün bəhanə rolunu oynadı və onlar danışıqlar prosesini tərk etdilər. Onların rəsmiləri bildirirdi ki, danışıqlar prosesinə qayıtmaq yalnız irəli sürdükləri şərtlərin qəbulundan sonra mümkündür. Ancaq ölkə başçımız dəfələrlə bildirdi ki, Azərbaycan heç bir şərti qəbul etməyəcək. Proseslərin gedişi göstərir ki, Ermənistan danışıqlar prosesinə qaytarılıb. Bunu Azərbaycan diplomatiyasının, cənab Prezidentin yürütdüyü siyasətin qələbəsi saymaq olar. Artıq zaman dəyişib. Biz elə bu cür israrlı mövqeyimizlə böyük qələbəmizi də əldə edəcəyik. O böyük qələbə isə bizi öz torpaqlarımıza qovuşduracaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər