24/10/2017 06:08
728 x 90

Prezident Qarabağ təmas xəttində Azərbaycanın hərbi üstünlüyünün mühüm elementini açdı...

“Təkcə işğaldan azad edilmiş “Lələ Təpə” yüksəkliyi böyük bir əraziyə nəzarət etmək imkanı verir”

img

Elşən Həsənov: “Məhz ordumuzun əldə etdiyi mövqelərə, onun qüdrətinə bələd olan Prezident  deyir ki…”

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışında Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktivliyi ilə bağlı sərt tənqidlər səsləndirib:

"Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri, əslində, açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də, əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir”.

Göründüyü kimi, ölkə başçısı Azərbaycanın cəbhə xəttində də hakim mövqelərə tam sahib olduğumuzu qeyd edib. Prezidentin bu fikrindən hansı nəticəni hasil etmək olar?

Ekspert Elşən Həsənovun sözlərinə görə, ölkə başçısının işlətdiyi həmin fikrin arxasında böyük məna durur: “Bilirsiniz ki, Azərbaycan uzun müddətdir sülh danışıqlarına sadiqlik nümayiş etdirir. Buna baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə prosesdən yayınır. Azərbaycan hər zaman bəyan edir ki, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik. Biz heç zaman müharibə variantının ola biləcəyini istisna etməmişik. Prezidentin son çıxışında da bu notlar hiss edildi. Uzun fasilədən sonra Ermənistan aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrətini görə bildi. Həmin döyüşlərdən sonra Azərbaycan cəhbədə olduqca əlverişli mövqelər əldə edib. Təkcə işğaldan azad edilmiş “Lələ Təpə” yüksəkliyi böyük bir əraziyə nəzarət etmək imkanı verir. Prezident əlverişli mövqelər deyəndə məhz bu cür amilləri nəzərdə tutur. Ölkə başçısının çıxışında başqa bir maraqlı məqam isə Ermənistana edilən xəbərdarlığın notları ilə bağlıdır. Məhz ordumuzun əldə etdiyi mövqelərə, onun qüdrətinə bələd olan Prezident  deyir ki, Ermənistan özünü ağıllı aparmasa, dünya qarşısında biabır olacaq. Yəni bu o anlama gəlir ki, sülh danışıqları fayda verməsə, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər