24/10/2017 06:13
728 x 90

Başqalarına demokratiya dərsi keçən “AŞPA demokratiyası” bir sədri də seçə bilmir…

“Baş verən nəticəsiz seçkinin kökləri bu günlərdə istefa verən Pedro Aqramuntla sıx bağlıdır”

img

Yeganə Hacıyeva: “Seçkinin nəticəsiz qalması da məhz bu qruplar arasında gedən savaşın nəticəsidir”

 

Başqa ölkələrə seçkilərlə bağlı ağıllı məsləhətlər verən Avropa Şurasının Parlament Assambleyası (AŞPA) əsl seçki problemi ilə üz-üzə qalıb. Belə ki, Avropa Şurasının Parlament Assambleyasının yeni rəhbərini ikinci turda seçmək mümkün olmayıb.

AŞPA sədrinin səlahiyyətlərini icra edən Rocer Heyl bildirib ki, son seçkidə 191 bülleten verilib, onlardan biri etibarsız sayılıb.

Stella Kiriakides (Kipr) 121, Emanuelis Zinqeris (Litva) 69 səs alıb. Namizədlərin heç biri mütləq çoxluğu, yəni 152 səsi toplaya bilməyib.

“Biz növbəti səsvermə turunu keçirəcəyik. Orada qələbə üçün sadə səs çoxluğu yetərli olacaq”, - deyə Heyl bildirib.

AŞPA-da yaşanan bu seçki uğursuzluğu nə ilə bağlıdır?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, baş verən nəticəsiz seçkinin kökləri bu günlərdə istefa verən Pedro Aqramuntla sıx bağlıdır: “Qeyd edim ki, mən 3 ilə yaxın AŞPA ilə yaxından əməkdaşlıq etmişəm. Bu baxımdan da oranın mətbəxinə yaxından bələdəm. Həmin qurumda təmsil olunan 47 ölkənin hər birinin nümayəndə heyətinin rəhbəri olur. Həmin şəxslər əvvəlcə təmsil olunduqları ölkənin maraqlarını qoruyurlar. AŞPA ilə bağlı öhdəlik isə onlar üçün ikinci dərəcəli sayılır. 2017-ci ilin iyun ayına qədər AŞPA üzvlərinin məsuliyyəti haqda xüsusi bir kriteriya müəyyənləşməmişdi. Bu söhbət P.Aqramuntun ispan millət vəkili kimi Suriyada Bəşər Əsədlə görüşündən sonra gündəmə gəldi. Qeyd edim ki, həmin görüşə o, AŞPA prezidenti kimi yox, İspaniyanın millət vəkili kimi qatılmışdı. Ona qarşı kampaniya başladı və səsvermədə obyektivliyin olmadığına baxmayaraq, Aqramunt istefaya məcbur edildi. Onsuz da Aqramuntun prezidentlik müddəti 3 aydan sonra bitirdi. Bu hadisədən sonra gündəmə gətirilən AŞPA üzvlərinin fərdi məsuliyyət kriteriyalarının qəbulu məsələsinin özü AŞPA-nın nizamnaməsinin  pozulması ilə həyata keçirildi. Bunun üçün nizamnamə dəyişikliyi alt komitələrdə üzv ölkələrlə razılaşdırıldıqdan sonra müzakirəyə çıxarılmalı idi. 2017-ci ildə müvafiq qanun isə səthi dinləmə ilə, tələm-tələsik qəbul edildi. Məhz bu məsələ AŞPA-da ciddi fikir ayrılığına səbəb oldu. Bilirsiniz ki, orada lobbist qruplar məskən salıb və onlar əsasən Qərbyönümlü və Rusiyameyllilər kimi səciyyələndirilirlər. Seçkinin nəticəsiz qalması da məhz bu qruplar arasında gedən savaşın nəticəsidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər