24/10/2017 06:12
728 x 90

Azərbaycanın Belarusdan “İsgəndər”in analoqunu almaq planı Ermənistana sərt zərbə kimi yozulur…

img

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunmasına baxmayaraq, Belarusun daha çox Azərbaycanla münasibətləri inkişaf etdirməsi, əvvəlki kimi, İrəvanda yenə böyük narazılıqla qarşılanır. Erməni mediası yazır ki, İrəvanın bütün cəhdlərinə rəğmən, Belarus üçün Azərbaycanla münasibətlər prioritetdir. İndi Azərbaycanın bu ölkədən yeni silahlar almaq niyyəti Ermənistanda yeni narazılıq doğurub və bu, Minskin İrəvana növbəti sərt zərbəsi sayılır.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan qanunlarını pozan bloqqer Aleksandr Lapşinin Bakıya verilməsi İrəvan-Minsk münasibətlərini gərginləşdirmişdi. Ermənistan siyasətçiləri açıq şəkildə Belarusu, Ermənistanla eyni bloklarda olmasına baxmayaraq, Azərbaycanla müttəfiqlikdə ittiham edirdi. Amma Minsk beynəlxalq qanunlara müvafiq olaraq Lapşinin Bakıya təhvil verildyini bildirmişdi. Digər tərəfdən Belarusun ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə ümumi prinsip və beynəlxalq hüquq normaları, hər şeydən əvvəl ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun həllinə tərəfdar olduğu vurğulaması da elə indinin özündə Ermənistanda narazılıqla qarşılanır. Lakin Ermənistanın narazılığına baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin bu çərçivədə həllinin yenə vacib olduğunu bəyan edir. Ermənistan mediası Belarus prezidentinin mövqeyini öz ölkələri üçün təhlükəli hesab edir. Erməni jurnalist Sarkis Artsruni hesab edir ki, Lukaşenko əslində hər dəfə  Bakının mövqeyini dilə gətirib: “Azərbaycan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olmasa da, faktiki olaraq, bu meydançalardan effektiv istifadə edir. Ermənistan isə, bu strukturların üzvü olmasına baxmayaraq, heç nə edə bilmir. Burada əlbəttə ki, diplomatiyanın yoxluğundan söhbət gedir. Lakin ümumilikdə Ermənistan yanlış yerdədir və Azərbaycanın müttəfiqlərini özünə dost hesab edərək, onlardan mənasız yerə nəsə gözləyir”. Belə bir vaxtda Azərbaycanın müdafiə naziri Zakir Həsənovun  Minskdə Aleksandr Lukaşenko ilə görüşdə ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməsi İrəvanın narahatlığını daha da artırıb.  Elə Lukaşenko da hər iki dövlətin müdafiə imkanlarını gücləndirmək üçün hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb: "Biz suveren, müstəqil dövlətik və biz zamana uyğun, ölkələrimizin ehtiyacları üzrə əməkdaşlıq istiqamətlərini seçməkdə azadıq". Prezident, həmçinin, iki ölkə xalqları arasındakı münasibətlərin qardaşlıq xarakterinə də toxunub: "Bizim azərbaycanlılardan ümumiyyətlə heç bir narazılığımız yoxdur. Onlara böyük hörmətlə yanaşırıq. Ən əsası, çətin anlarda sizin prezidentin həmişə Belarusa yardım etdiyini yaxşı xatırlayıram".

 Onu da qeyd edək ki,  Zakir Həsənov Belarusa səfəri zamanı bu ölkənin hərbi-sənaye kompleksinin istehsal etdiyi döyüş texnikası və hərbi təyinatlı digər məhsullarla tanış olub. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, nazir ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb. Yayılan məlumatlara əsasən, Azərbaycan bu ölkədən, digər silahlarla yanaşı, “Polonez” reaktiv yaylım atəşi sistemini almaqda maraqlıdır.  Hesab edilir ki, Azərbaycan həmin sistemləri əldə edə bilsə, bu, ordumuzun döyüş potensialı və zərbə gücünü əhəmiyyətli dərəcədə artırmış olacaq. Məlumat üçün bildirək ki, “Polonez” raket sistemləri zərbə gücünə, mənzilinə və dəqiqliyinə görə Rusiyanın “İsgəndər” kompleksləri ilə müqayisə olunur. Elə “İsgəndər” raketlərinin yerləşdirildiyi mobil platformanı da Minsk Təkərli Qoşqular Zavodu istehsal edir.  “Polonez” dördoxlu MZKT-7930 “Astroloq” şassisi üzərində yerləşdirilmiş 8 kontenyerdən ibarət buraxılış qurğusudur və  bu qurğular 301 millimetr kalibrli, 200 kilometr mənzilli yüksək dəqiqlikli raketlərlə təchiz olunub. “Polonez”lərdən buraxılan raketlər 200 kilometr məsafədəki hədəfləri yüksək dəqiqliklə vurur. Raketlərin hədəfdən yayınması hətta 1 metrdən də azdır.  Sistemin daha bir özəlliyi budur ki, 8 ayrı hədəfə cəmi 50 saniyə ərzində zərbə endirə bilər. Başqa sözlə, “Polonez” döyüş əməliyyatları zamanı həm düşmənin əsas cəmləşmə rayonlarına, iri hərbi infrastrukturuna, döyüş texnikasına kütləvi zərbələr endirməyə imkan verən reaktiv yaylım atəşi sistemidir, eyni zamanda kiçik hədəflərə dəqiq zərbələr endirə bilən silahdır. Belə ki, start düyməsini basdıqdan sonra raket müəyyən edilmiş hədəfi özü tapıb vurur. 

Belarus hərbi eksperti Aleksandr Alesin bildirir ki, Azərbaycan “Polonez” sistemlərini əldə etməkdə maraqlıdır, çünki Ermənistan Rusiyadan “İsgəndər”lər alıb. Hazırda Azərbaycanın Belarusdan “Polonez”lər almaq üçün danışıqlar aparıb-aparmadığı məlum deyil. Lakin burası məlumdur ki, Azərbaycan həmin silahlarla yaxından maraqlanır və onların əldə edilməsi ordumuzun döyüş potensialını əhəmiyyətli ölçülərdə gücləndirə bilər. Elə erməni tərəfini də qorxudan budur. Hesab edilir ki, Azərbaycanın Belarusla yüksək hərbi münasibətləri fonunda bu silahların alınması Bakı üçün problem yaratmayacaq.

Nahid SALAYEV

Son xəbərlər