24/10/2017 06:05
728 x 90

Azərbaycanın diplomatik müstəvidə Ermənistana növbəti həmləsi – “atəşkəsə nəzarət mexanizmləri” məsələsi müzakirədən çıxdı…

img

Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin dinc yolla tezləşdirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdə və bu istiqamətdə zəruri addımlar atılmaqdadır. Son dövrlərdə qeyd edilən səpkidə görülən işlərə işğalçı Ermənistan müəyyən maneələr yaratmağa çalışsa da, düşmən tərəf üçün hansısa ciddi nəticə hasil olmayıb. Əksinə, dünya miqyasında danışıqlır prosesinə qayıtması üçün Ermənistana ciddi təzyiqlər edildiyi müşahidə edildi. Əlbəttə ki, bu prosesdə Azərbaycanın diplomatik gedişləri də öz rolunu oynadı.

Hazırda real mənzərənin təhlili göstərir ki, Ermənistanın danışıqlar prosesinə qatılmaqdan başqa çıxış yolu yoxdur. Əks vəziyyət İrəvanı daha böyük beynəlxalq təzyiqlər altında qoya bilər. Artıq belə demək mümkünsə, Ermənistanın danışıqlar prosesini pozması mümkünsüzdür. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev bildirib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.

Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də, əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim edib“.  Beləliklə, bu açıqlamadan bir daha aydın görünür ki, Ermənistanın danışıqlarda təxribat yaratmaq istəyi nəticəsiz qalıb.

İndi maraq doğuran məsələ baş tutacaq danışıqlarda konkret nəticələrin əldə olnumasıdır. Gözlənir ki, bu ilin sonuna kimi prezidentlərin görüşü baş tutsun və burada artıq nəticələr əldə edilsin. Artıq bu xüsusda Ermənistanda, belə demək olarsa, həyəcən təbili çalınır. İşğalçı ölkədə hesab edirlər ki, həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmasını dilə gətirməməsi onlar üçün yaxşı gələcək vəd etmir. Söhbət Barak Obama dövründə ABŞ tərəfindən təklif olunan və mövcud status-kvonun möhkəmləndirilməsinə hesablanmış “atəşkəsə nəzarət mexanizmi”ndən gedir. Bu məsələ Vyana görüşündə müzakirə edilsə də, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən Sankt-Peterburq görüşündə əsas müzakirə mövzusu deyildi. Sadəcə olaraq, “atəşkəsə nəzarət mexanizmi” ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyi görüşün detallarını gizlətmək məqsədilə bəyanata daxil edilmişdi. İrəvan uzun müddət işğalın davam etməsinə hesablanmış bu mexanizmlərin quraşdırılması məsələsinin üzərində dayanır. Lakin nə nazirlərin Nyu-York görüşündə, nə də həmsədrlərin sonuncu bəyanatlarında bu məsələyə yer verilməməsi artıq Ermənistanda ciddi narahatlığa səbəb olur. Erməni siyasi şərhçisi Sarkis Artsruni yazır ki, bu, Ermənistanın Azərbaycanın istədiyi şərtlər daxilində danışıqlar masasına qayıtdığını göstərir: “Həmsədrlərin son bəyanatları iddia etməyə imkan verir ki, “atəşkəsə nəzarət mexanizmi” Minsk Qrupunun gündəliyindən çıxarılıb”. Bu arada daha bir maraqlı məqam Soçidə MDB dövlət başçılarının sammiti ilə bağlıdır. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı gözlənir. Amma onların bir araya gəlib Dağlıq Qarabağ məsələsini müzakirə edib-etməyəcəkləri hələ dəqiq bəlli deyil. Lakin bir müddət öncə prezidentlərin Rusiyanın təşkilatçılığı ilə görüşəcəyinə dair məlumatlar yayılıb. Bu baxımdan prezidentlərin, MDB sammitində iştirak edəcəkləri təqdirdə, Rusiyanın təşəbbüsü ilə görüşmə ehtimalı böyükdür. Prezidentlər Soçidə Qarabağ masasına əyləşsələr, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqinin sözlərinə inansaq, 5 rayonun qaytarılmasını müzakirə edəcəklər. Söhbət “Lavrov planı”ndan gedir. Ermənistan israrla bu plana qarşı çıxır və son zamanlar erməni mediasının “Tillerson planı”  kimi təqdim etməyə çalışdığı “atəşkəsə nəzarət mexanizmi”ni ilkin şərt kimi irəli sürür. Bu, işğalın möhkəmlənməsinə səbəb olmaqla yanaşı, Rusiyanın bölgədəki planlarına da ziddir. Bu baxımdan, Rusiyanın təşəbbüsü ilə keçiriləcək hər hansı görüşdə “Tillerson planı” yox, “Lavrov planı” müzakirə ediləcək. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın “Qarabağətrafı ərazilər qaytarılacaq” deməsi də İrəvanda Bakının şərtlərinin qəbul etməsi ehtimalını gücləndirir. Elə Sarkis Artsruni də yazır ki, Rusiya ilk mərhələdə Dağlıq Qarabağ ətrafında olan rayonların qaytarlmasında maraqlı tərəf kimi çıxış edir. O qeyd edir ki, ABŞ-ın oyunda aktiv iştirak etməməsi Moskvanın oyunu öz qaydalarına uyğun oynamasına şərait yaradır. Yuxarıda qeyd olunduğu kimi, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Qarabağ ətrafındakı beş rayonun qaytarılmasının gündəmdə olduğunu bildirir. Söhbət faktiki olaraq “Lavrov planı”nın işə salınmasından gedir.  Həmin plana görə, ilkin mərhələdə Qarabağ ətrafındakı 5 rayon qaytarılır, ardınca Qarabağla Ermənistan arasında dəhliz olacaq bölgə yaradılır, bunun Laçın dəhlizi olacağı istisna deyil. Digər  2 rayonun taleyi sonradan həll edilir və məcburi köçkünlərin geri qayıtması ilə Qarabağın gələcək statusu məsələsi müzakirəyə çıxarılır. Proseslər göstərir ki, indiki məqamda Ermənistan hadisələrin bu səpkidə inkişafından olduqca narahatdır. Amma bütün bunlara hansısa formada ciddi müqavimət göstərmək iqtidarında da deyil. Çünki yuxarıda qeyd olunduğu kimi, Ermənistan ilk növbədə danışıqlar prosesindən yayınmağa cəhd edirdi. Amma  beynəlxalq miqyasda edilən təzyiqlərdən sonra Ermənistan növbəti dəfə danışıqlar prosesinə qayıtmalı oldu və özünü dünya ictimaiyyəti qarşısında aciz ölkə kimi nümayiş etdirdi. İndi tamamilə gözləniləndir ki, yeni təzyiqlər fonunda Ermənistan danışıqlarda artıq real nəticələri olan gedişlər etsin. Elə rəsmi Bakı da hadisələrin məhz bu səpkidə inkişafında maraqlıdır. Bakı həm də artıq beynəlxalq vasitəçilərdən qətiyyətli hərəkət etməyi tələb edir. Yeri gəlmişkən qeyd edək ki, bu məsələ  növbəti dəfə Avropa Şurası Parlament Assambleyasında qaldırılıb. Qurumdakı Azərbaycanın nümayəndə heyətinin üzvü Rafael Hüseynov  Ermənistanın Azərbayana təcavüzü, Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsi fonunda bu xüsusda bildirib: “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun fəaliyyəti, yaxud daha dəqiqi fəaliyyətsizliyi uzun illərdir tam səmərəsizdir. Bu məsələnin diplomatik vasitələrlə həlli hər iki üzv ölkənin Avropa Şurası qarşısında əsas öhdəliklərindən olduğundan, təşkilatımızın yaxasını kənara çəkməyə ixtiyarı yoxdur. Bir sıra xarici güclərə arxalanan Ermənistan son dövrlərdə intensiv olaraq atəşkəs rejimini pozur, Bakı-Tiflis-Ceyhan neft boru kəmərini, Mingəçevir Su Elektrik Stansiyasını və Azərbaycanın digər mühüm strateji obyektlərini partladacağı ilə hədələyir. Cənubi Qafqazda kənar qüvvələrin də müxtəlif məqsədlərlə regiona müdaxiləsini mümkünləşdirəcək genişmiqyaslı müharibə təhlükəsi yaranıb”. Avropa Şurası Nazirlər Komitəsinin konkret təşəbbüslərlə işğalçı Ermənistanın əslində bütün Avropa üçün ciddi təhlükələr vəd edən bu aqressiv hərəkətlərinin qarşısının alınması üçün nə kimi təcili tədbirlər görə biləcəi ilə bağlı onun sualına isə Avropa Şurasının Nazirlər Komitəsinin (AŞ NK) fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek belə cavab verib: ”Biz Azərbaycan və Ermənistan prezidentlərinin keçirilməsi planlaşdırılan görüşündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olunacağına ümid bəsləyirik”.  Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən əsas qurum ATƏT-in Minsk Qrupudur: ”Həmsədrlər danışıqların real nəticələrlə yekunlaşması istiqamətində səylərini davam etdirir. Öz növbəsində, Avropa Şurası da sülh danışıqlarının daha intensiv və müsbət nəticə ilə yekunlaşması üçün daha demokratik mühitin formalaşmasına səlahiyyətləri çərçivəsində kömək göstərməyə hazırdır. Əsas niyyət məhz diplomatik vasitələrlə sülhün əldə edilməsi olduğundan, bu gedişatda hər hansı tərəfin arzuolunmaz addımları prosesə yalnız mənfi təsir göstərə bilər”.  Amma artıq o da aydındır ki,  beynəlxalq vasitəçilərin, dünya ictimaiyyətinin məsələnin sülh yolu ilə həlli üçün cəhdləri nəticə verməsə, Azərbaycan mütləq şəkildə gücə əl atmalı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər