24/10/2017 06:13
728 x 90

KTMT rəsmisindən ikibaşlı bəyanat – Ermənistana dəstək, ya Azərbaycana hədə…

“Qərargah rəisi Ermənistana edilə biləcək kənar müdaxiləni nəzərdə tutaraq bu sözləri deyib”

img

Aqşin Əliyev: “Onların Azərbaycanın ərazi bütövlüyü daxilində, yəni Dağlıq Qarabağda gedən proseslərə hərbi müdaxilə etmək səlahiyyəti yoxdur”

 

KTMT-nin Birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov deyib ki, əgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar qəbul ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iyirmi minlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq.

General-polkovnik Sidorov blokun təlimlərində iştirak üçün Ermənistandadır. Artıq "Baqramyan" poliqonunda KTMT-yə üzv dövlətlərin hərbi kəşfiyyat güclərinin ikigünlük birgə "Axtarış-2017" təlimləri başa çatıb.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, o, təşkilatın nizamnaməsinə və başqa normativ-hüquqi sənədlərə uyğun olaraq, müstəqilliyin müdafiəsi və təşkilatın üzv dövlətlərinin ərazi bütövlüyü üçün nəzərdə tutulub. Bu, dövlət rəhbərliyinin müraciəti üzrə olur və qərar KTMT-nin Şurası tərəfindən qəbul edilir.

Əgər dövlətlərdən birinə real kömək lazım olacaqsa, onda kollektiv güc qoşunları gəlməyə və kömək göstərməyə hazır olacaq... Və Ermənistanda da şübhələr olmamalıdır. Bizdə 20 mindən çox yüksək səviyyədə hazırlanmış hərbi qulluqçu var. Bunlar əsasən xüsusi təyinatlı bölmələrin hərbi qulluqçularıdır. Burada dağ atıcılığı, desant-hücum, hava-desant birləşmələri, hissələri və bölmələri var, hansılar ki, qarşılarına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər", - general Sidorov bildirib.

Qeyd edək ki, oktyabrın 9-dan 13-dək Ermənistanda Kollektivin sürətli operativ güc qruplaşmasının, eləcə də Ermənistan və Rusiya silahlı qüvvələrinin Birləşmiş qoşunlarının iştirakı ilə  “KTMT-nin Qarşılıqlı təsir” adlı birgə təlimləri keçiriləcək.

KTMT rəsmisinin Ermənistanın xeyrinə olan bu bəyanatı nə dərəcədə əsaslıdır və bunun arxasında hansı  maraqlar dura bilər?

Ekspert Aqşin Əliyevin sözlərinə görə, KTMT rəsmisinin bu açıqlaması Azərbaycanı şantajdan çox, Ermənistanın könlünü almaq məqsədinə xidmət edir: “Bilirsiniz ki, son vaxtlar Ermənistan özünə yeni yiyə axtarışına çıxıb. Bu da Moskvanı ciddi narahat edir. Bu məqsədlə  Ermənistanla hərdən hədə, hərdən isə yumşaldıcı tonda danışırlar. Rəsmi İrəvanın da KTMT-yə olan həvəsi böyükdür. Onlar, nəyin bahasına olursa-olsun, həmin qurumu Azərbaycanla üz-üzə gətirmək istəyirlər. Ancaq dəfələrlə deyilib ki, həmin layihə Rusiyaya aid olsa da, orada Azərbaycanla normal münasibətlərə malik Qazaxıstan və Belarus kimi ölkələr də var. Ermənistan məhz KTMT-nin tədbirlərində belə bir məyyusluğu yaşayıb. Lukaşenko və Nazarbayev müxtəlif vaxtlarda ortaya qoyduqları mövqe ilə məsələyə birdəfəlik aydınlıq gətirmiş oldular. Ermənistana aydın oldu ki, həmin ölkələrin təmsil olunduğu qurumdan Azərbaycana qarşı yeni cəbhə açıla bilməz.

Rusiya bu layihəni də onun üçün reallaşdırır ki, özü üçün müəyyən dəstək qazansın. KTMT-nin rəsmiləri Moskva-Ermənistan səfərlərini ən sıx qrafikdə yerinə yetirir. KTMT-nin, demək olar ki, bütün tədbirləri ya Moskvada, ya da İrəvanda keçir. Halbuki, KTMT-nin digər üzvləri də var. Söz düşən kimi, Ermənistan qeyd edir ki, KTMT onları müdafiə edəcək və arxasında duracaq. Bəzən rəsmi Moskva erməni tərəfinin bu iddialarına müəyyən aydınlıq gətirməyə məcbur olur. Qeyd edilir ki, KTMT Ermənistanı yalnız beynəlxalq müstəvidə tanınan ərazilərdə müdafiə edə bilər. Bu baxımdan Rusiya və Ermənistan üçün KTMT müəyyən bəyanatlar səsləndirmək cəhətindən çox önəmli bir vasitədir. Yəqin ki, qərargah rəisi Ermənistana edilə biləcək kənar müdaxiləni nəzərdə tutaraq bu sözləri deyib. Onların Azərbaycanın ərazi bütövlüyü daxilində, yəni Dağlıq Qarabağda gedən proseslərə hərbi müdaxilə etmək səlahiyyəti yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər