24/10/2017 06:13
728 x 90

ABŞ Qarabağda status-kvo ilə bağlı növbəti prinsipial addımı atdı...

“Yaxşı olardı ki, ABŞ status-kvonu dəyişmək üçün bəyanatın ardınca konkret hərəkətə keçsin”

img

Akif  Nağı: “Onun da yolu mütləq mənada Ermənistana təzyiqdən keçir”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi qəbul edib. Endrü Şoferə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib və deyib ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüquq normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd edib, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb. E.Şofer vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Amerika Birləşmiş Ştatlarının prezidentinə və Dövlət Departamentinin rəhbərliyinə çatdırmağı xahiş edib.

Göründüyü kimi, ABŞ-dan olan yeni həmsədr status-kvonun qəbuledilməz olduğunu deyir. Danışıqların həssas mərhələsində ABŞ-ın belə prinsipial mövqe sərgiləməsi nə ilə bağlı ola bilər?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı qəzetimizə açıqlamasında bildirdi ki, bununla ABŞ-ın mövqeyində kardinal dəyişikliyin baş verdiyini iddia etmək doğru olmazdı: “Hazırkı həmsədrdən əvvəl onun postunda çalışan diplomat da status-kvonun qəbuledilməz olduğunu bir neçə dəfə bəyan etdi. Bu mövqenin ifadəsi bizi sevindirir. Amma biz ortada konkret nəticənin, hərəkətin olmasını  istəyirik. ABŞ-ın regionda zəifliyi nəzərə çarpır. Təsadüfi deyil ki, ABŞ-ın öz daxilində administrasiyanın yürütdüyü siyasət kökündən tənqid edilir. Həmin iradlarda bildirilir ki, ABŞ-ın passivliyi münaqişə zonasında Rusiyanın fəallaşmasına səbəb olur. Yeni həmsədrin özünün də davranışlarında qeyri-müəyyənliklər nəzərə çarpdı. O, regiona etdiyi səfər çərçivəsində qondarma qurumun rəhbərilə görüşdü. Bəzi rus və erməni saytları həmin xəbəri “ABŞ-ın yeni həmsədri “DQR prezidenti” ilə görüşdü” başlığı ilə tirajladı. Belə bir təmasa nə ehtiyac vardı? Olmuşdusa belə, həmin diplomat mütləq Azərbaycan icmasının da rəhbərilə görüşməli idi. Təəssüf ki, bunu etmədi. Onların regiona səfərilə bağlı verdiyi son bəyanatda da konkretlik hiss etmədim. Yaxşı olardı ki, ABŞ status-kvonu dəyişmək üçün bəyanatın ardınca  konkret hərəkətə keçsin. Onun da yolu  mütləq mənada Ermənistana təzyiqdən keçir. Biz ABŞ-dan bunu görmək istəyirik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər