24/10/2017 06:10
728 x 90

ABŞ və Türkiyənin viza ləğvetmə gedişləri iki ölkəni hara aparır?

“Türkiyə rəhbərliyinin hazırkı kursu ABŞ-da qıcıq yaradır”

img

Məhəmməd Əsədullazadə: “ABŞ ənənəvi müttəfiqi olan Türkiyəyə qarşı PKK və kürd kartı ilə təzyiqləri artıracaq”

 

Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb. Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ Konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.

"Son zamanlarda yaşanan hadisələr ABŞ hökumətini Türkiyə Respublikası hökumətinin ABŞ missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib", - deyə ABŞ-ın Ankaradakı Səfirliyindən yazılı açıqlama verilib.

Açıqlamada qiymətləndirmə prosesində səfirliklərə və konsulluqlara ziyarətçilərin sayını minimuma endirmək üçün Türkiyədəki bütün ABŞ diplomatik nümayəndəliklərində qeyri-miqrant viza xidmətlərinin dayandırıldığı bildirilib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı qeyd olunub.

Türkiyə də ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verib. Bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı Səfirliyinin "Twitter" səhifəsində yerləşdirilib. Açıqlamada deyilir ki, son zamanlar yaşanan olaylar Türkiyə hökumətini ABŞ hökumətinin Türkiyə missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib.

Diplomatik qalmaqal birjaya dərhal öz təsirini göstərib və Türkiyə lirəsinin ucuzlaşmasına səbəb olub. Milli valyuta bir gündə dollara və avroya nisbətdə 3 faiz dəyər itirib. Qeyd edək ki, qeyri-immiqrasiya vizaları turistlərə, həmçinin, ölkəyə müalicəyə, biznes səfərlərinə, müvəqqəti işləməyə və ya təhsil almağa gələn xarici ölkə vətəndaşlarına verilir.

Maraqlıdır, iki ölkə arasında nə baş verir? Proseslər hara gedir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ-ın Türkiyə vətəndaşlarına qarşı viza  verilməsini dayandırması Yaxın Şərqdə toqquşan maraqları və birbaşa prezident Ərdoğana qarşı siyasətinin nəticəsidir: “Məhz Ərdoğan ABŞ-la çox ciddi konfrontasiyaya getməklə, Türkiyənin ənənəvi Qərb siyasətini 180 dərəcə Şərqə doğru döndərib. NATO-da müttəfiqlik əlaqələrini ciddi şəkildə zədələyib. Təbii ki, Türkiyə rəhbərliyinin hazırkı kursu ABŞ-da qıcıq yaradır. R.T.Ərdoğanın Rusiya ilə strateji tərəfdaşlığı, Putinin Türkiyəyə səfəri, "S-400" hava hücumundan müdafiə sistemlərinin alışı barədə iki ölkə arasında müqavilə, “Türk axını” qaz kımərinin çəkilişi, Suriyada Rusiya ilə birgə hərbi-siyasi fəaliyyət ABŞ-ın Türkiyəyə qarşı viza siyasəti tətbiq etməsinə səbəb olan amillərdir. Türkiyə prezidentinin İrana ötən həftə səfəri çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsində dollardan imtina edilməsi məsələsinin müzakirə olunması , görünür, Ağ Evi ciddi şəkildə pərişan edib. Qeyd edim ki, Türkiyə ilə İran arasında dollardan imtina razılığı əldə olunanda ABŞ-ın bunu həzm etməyəcəyi güman olunurdu. Türkiyə rəhbərliyinin ABŞ-ın əzəli rəqibləri ilə ittifaqı dərin geosiyasi qarşıdurmaya gətirir. Bundan Türkiyə zərər çəkə bilər. Hazırda Türkiyə prezidenti ABŞ-ın Yaxın Şərqdə strateji planlarına qarşı Rusiya və İranla razılaşma əldə edib. Təbii ki, ABŞ ənənəvi müttəfiqi olan Türkiyəyə qarşı PKK və kürd kartı ilə təzyiqləri artıracaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər