24/10/2017 06:08
728 x 90

Prezident Əliyevin Avropa təhlükəsizlik xadimlərinə ən ümdə mesajları…

“Bu baxımdan da ölkə başçısı Azərbaycana münasibətdə fərdi yanaşmanın məqbulluğunu qeyd etdi”

img

Zahid Oruc: “Ölkə başçısı tərəfindən verilən önəmli açıqlamalar ölkəmizin bütün istiqamətlər üzrə yürütdüyü siyasət konturlarını tam əks etdirdi”

 

Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının (Aİ) Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı çox açıq və aydın şəkildə Qarabağla bağlı dövlət siyasətimizi ifadə etdi.

Ölkə rəhbəri bildirdi ki, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Bu, Azərbaycanla əməkdaşlıq etmək istəyən hər bir beynəlxalq təşkilata verilən mesajdır. Açıqlaması budur ki, Azərbaycanla tərəfdaşlığa önəm verən, Bakını müttəfiq görən istənilən qurum ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi ərazisi olduğunu bütün sənədlərində xüsusi qeyd etməlidir.

Azərbaycanın dövlət başçısı səfirlərlə görüşündə ölkəmizin hansı həqiqətləri barədə dünyaya mesajlar verdi?

Millət vəkili Zahid Orucun sözlərinə görə, ölkə başçısı həmin görüşdə Azərbaycanı narahat edən və bizim perspektivdə görmək istədiyimiz işlər barədə ətraflı mesajlar verdi: “Ölkə başçımız ilə görüşdə çıxış edən dörd diplomatın hamısı bizim ölkəmizlə hansısa bir ultimativ və sərt dili deyil, normal əməkdaşlıq dilini, hətta bir sıra hallarda xahiş dilini ifadə etdilər. Bu sırada Avropa Şurası ilə Azərbaycanın əlaqələri tamam üzülərsə, bu, avtomatik olaraq bizim Avropa xəttindən imtinamız anlamına gəlməyəcək kimi mesaj da ölkə Prezidenti tərəfindən verildi. Diplomatlar da ən azı Yaqland kimi düşünmədiklərini ortaya qoydular. Bir daha sübut edildi ki, Azərbaycan Qərb üçün çox əhəmiyyətli bir ölkədir. Prezident aydın mesaj verdi ki, biz Avropadan üz çevirəsi deyilik, bu bizim strategiyamıza daxil deyil. Bakıya gələn nümayəndə heyəti yəqin ki, Prezidentə digər mesajlarını da verib. Bu da ondan ibarətdir ki, ölkəmiz üçün münasibətlərdə elə bir müstəvi seçiləcək ki, Azərbaycan Qərbdən qopmayacaq. Müəyyən təminatlar verilə bilər, təhlükəsizlik istiqamətində, həmçinin, Qarabağ məsələsinə münasibətdə. Demokratiya və insan haqları probleminə münasibətdə də normal əməkdaşlıq formatı seçilə bilər”.

Zahid Oruc, həmçinin, Azərbaycanın gələcək  xarici siyasət kursu ilə də bağlı ölkə başçısının mühüm açıqlamalar verdiyini bildirdi: “2013-cü ildə Ukraynada məlum böhran yarananda bir çoxları hesab edirdi ki, Avropa Birliyi “Şərq Tərəfdaşlığı” prosesi iflasa uğradı. Qərb strateqləri yanlış hesablayıblar, Rusiyanın gücünü düzgün dəyərləndirə bilməyiblər, fərqində olmayıblar ki, Moskva Avropa Birliyi ilə yaxın təmaslara gedən keçmiş sovet respublikalarını bir tərəfdən öz nüfuz zolağından çıxması kimi dəyərləndirəcək, o biri tərəfdən prosesi NATO-nun bölgədə möhkəmlənməsi formasında qəbul edəcək və buna qarşı real həmlələrə baş vuracaq. Faktiki olaraq Ukraynanın ərazi bütövlüyünün pozulması, Qərb-Rusiya toqquşmasının Ukrayna dövlətçiliyini az qala süquta uğratması fonunda bir çoxları hesab edirdilər ki, proses bundan sonrakı illərdə təxirə salınacaq və Rusiya prosesi tamamilə durdurmağı bacaracaq.

Bu təxminlər özünü doğrultmadı. Qərb toparlanmağı bacardı, Moskva əleyhinə görünməmiş miqyasda böyük iqtisadi, siyasi sanksiyalarını işə saldı, bölgədəki dövlətləri təkrarən öz nüfuz dairəsinə gətirmək üçün danışıqları intensivləşdirdi. O dövrdə Azərbaycanla da assosiativ deyil, fərqli bir çərçivə sazişinin imzalanması ilə bağlı danışıqlar start götürdü. Avropa Birliyinin bütün ölkələrinin səfirləri ranqında böyük nümayəndə heyətinin Bakıya göndərilməsi onun göstəricisidir ki, Avropada narahatdırlar. Proses indiki reallıqda hansı istiqamətdə inkişaf edə bilər, növbəti qurban dövlət seçiləcəkmi? Nəzərə alaq ki, bu 6 dövlətin heç birinin özünün də vəziyyəti bu prosesdə bərabər deyil. Onlardan üçü assosiativ yoldadır, digər üçü isə fərqli bir geopolitik atmosferə daxil olublar. Belə olan vəziyyətdə vahid bir strategiyanı tətbiq etmək mümkün olacaqmı? Yaranmış amorf bir vəziyyətdə Brüsselə məhz Bakının mövqeyi çox önəmli idi. Bu baxımdan da ölkə başçısı Azərbaycana münasibətdə fərdi yanaşmanın məqbulluğunu qeyd etdi. Hesab edirəm ki, ölkə başçısı tərəfindən verilən önəmli açıqlamalar ölkəmizin bütün istiqamətlər üzrə yürütdüyü siyasət konturlarını tam əks etdirdi”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər