23/11/2017 00:34
728 x 90

Mehman Əliyevlə bağlı dolaşan sual – “niyə tutdular, niyə buraxdılar?”…

“Sübut olundu ki, ölkədə humanizm prinsipinə, cəzaların humanistləşməsilə bağlı qəbul edilən qərarlara tam əməl edilir”

img

Mehman Muradlı: “Bu hadisəyə başqa don geydirmək isə gülünc görünür”

 

Məlum olduğu kimi, bir müddət əvvəl iqtisadi xarakterli cinayətdə təqsirli bilinərək həbs edilən, jurnalist, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev azadlığa çıxıb.  Yasamal Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qət-imkan tədbirini daha humanist cəza növü ilə əvəz edib. Yəni M.Əliyevin təqsirləndirilən kimi cəlb olunduğu istintaq davam etdiriləcək.

Sadəcə, M.Əliyevlə bağlı zəruri istintaq hərəkətləri onun azadlıqda olması şərtilə aparılacaq.  Prosesin dərinliyindən xəbəri olmayan bəzi şəxslər hətta diletantcasına “niyə tutdular və niyə buraxdılar?” sualına da cavab almaq istəyirlər. Ortada konkret ittiham olub və təbii ki, Azərbaycanın istintaq orqanları həmin cinayət əməlini ört-basdır edə bilməzdi. Belə olsaydı, Azərbaycanda törədilən cinayət əməlinə görə cəzasızlıq mühitinin hökm sürdüyünü iddia edənlər tapılardı. Ancaq o da məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini də göstərir.

Xatırladaq  ki, 2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncam imzalayıb. Bu Sərəncamın məqsədi azadlıqdan məhrumetmə ilə bağlı cəzaların tətbiqinin azaldılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılmasıdır. M.Əliyev barəsində cəza növünün dəyişdirilməsi hadisəsini isə ölkənin yürütdüyü humanizm siyasətilə izah etmək olar.

M.Əliyevlə bağlı məsələdə Azərbaycan dövlətinin yürütdüyü siyasətin iki mühüm cəhətini sezmək olar - heç bir qanun pozuntusunun cəzasız qala bilməməsi və hər bir cinayət, xüsusilə də iqtisadi kateqoriyalı cinayətlərlə bağlı humanist yanaşmanın ortaya qoyulması.

Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bəziləri M.Əliyevin həbsdən azad olunması faktına siyasi yöndən şərh verir: “M.Əliyevə qarşı müvafiq maddələr əsasında cinayət işi qaldırılaraq, onun barəsində həbs qət-imkan tədbiri seçilmişdi. Sonra məlum oldu ki, onun işi ilə başğlı cənab Prezident də məlumatlandırılıb və ölkə başçısı jurnalist barəsində nisbətən yüngül cəza növünün seçilməsini məhkəməyə tövsiyə edib. Əslində, bəziləri bu məsələni siyasiləşdirməyə cəhd edir. Hətta bəziləri hakimiyyətin bu məsələdə geri çəkilməsi kimi izah verməyə cəhd edir. Tamamilə absurd yanaşmadır. Bu hadisə bir daha göstərdi ki, Azərbaycanda qanunun aliliyi hər şeydən üstün tutulur. Belə olmasaydı, M.Əliyev kimi tanınmış adam barəsində həbs tədbiri seçilməzdi. Eyni zamanda, sübut olundu ki,  ölkədə humanizm prinsipinə, cəzaların humanistləşməsilə bağlı qəbul edilən qərarlara tam əməl edilir. Bu hadisəyə başqa don geydirmək isə gülünc görünür. Bir sözlə, ölkədə həm cəza, həm də humanizmlə bağlı vəziyyətin qaydasında olduğunu  iddia etmək mümkündür”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər