23/11/2017 00:34
728 x 90

“İslamçıların” əfvi - Azərbaycanda cəza humanizminin təzahürü

img

Seyid Camal Əzimbəyli: “Hesab edirəm ki, bu qərarı qəbul etməklə Azərbaycan dövləti humanizm prinsiplərinə sadiq olduğunu, din-dövlət münasibətlərinin daim normal məcrada olmasını istədiyini bir daha təsdiqlədi”
Tağı Qəmbərov: “Görünür, azad edilən şəxslərdə həmin keyfiyyətlər tam yerində olub və bu bizi çox sevindirir”

 

2015-ci il noyabrın 26-da keçirilən Nardaran əməliyyatından sonra həbs olunanlardan 14-ü buraxılıb. Onların cəzanın çəkilməmiş hissəsindən azad edilməsi haqda məhkəmə qərar çıxarıb.

O zaman saxlananların çoxu qəsəbə sakinləri idi. Həbs olunanlardan 43 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və başqa ağır ittihamlar irəli sürülsə də, qalanları CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsilə il yarımdan 6 ilə qədər azadlıqdan məhrum edildilər.

Qəsəbə sakinləri həbsdən buraxılan şəxslərdən bir neçəsinin adını da açıqlayıb – Nadir Qədirov, Akif Nuriyev, Atabala Şahbazov, Seyidağa Ağayev, Həsən Quliyev, Mehman Əliyev.

Nardaranda həbs edilən məhbusların vaxtından əvvəl azadlığa buraxılmasını necə dəyərləndirmək olar? Nəzərə alaq ki, bəziləri bunu son İƏT zirvəsində - Astanada guya Azərbaycan Prezidentinə edilən təzyiqlərlə izah etməyə çalışır. Ekspertlər isə tam fərqli düşünür və kənar təzyiqlərə ümumiyyətlə yer ayırmır.

Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, qəbul edilən qərarı alqışlayır: “Hesab edirəm ki, bu qərarı qəbul etməklə Azərbaycan dövləti humanizm prinsiplərinə sadiq olduğunu, din-dövlət münasibətlərinin daim normal məcrada olmasını istədiyini  bir daha təsdiqlədi. Bilirsiniz ki, Nardaranda baş verən hadisə zamanı insan itkiləri də olub. Biz bir daha belə halların yaşanmasını istəməzdik. Həbsxana həm də düşünüb-daşınmaq üçün çox zamanın olduğu yerdir. Hesab edirəm ki, Azərbaycan dövlətinin humanistliyindən pay düşən vətəndaşlarımız bu addımı gələcək həyatlarında dəyərləndirəcək. Təbii ki, milli kimliyilə yanaşı, dini kimliyinə də önəm verən hər bir şəxs  tərəfindən qəbul edilən qərar böyük sevinclə qarşılanacaq. Bununla Azərbaycan dövləti bir daha sübut etdi ki, ölkədəki milli, dini dəyərlərin təəssübkeşi rolunda məhz özü çıxış edir”.

Hüquqşünas Tağı Qəmbərov da qəzetimizə açıqlamasında bildirdi ki, məhkəmə qərarı ilə vaxtından əvvəl azad edilmə üçün bir çox vacib şərtlər nəzərə alınır: “Birincisi, bu qərarı humanizm kimi qiymətləndirmək lazımdır. İkincisi isə, məhkəmə cəza növünü dəyişəndə məhkumla bağlı bir sıra parametrləri nəzərə alır: həmin adamın cəza çəkdiyi dönəm ərzində  özünü aparması ilə bağlı cəzaçəkmə müəssisəsinin verdiyi təqdimat və islaha meylli olması. Görünür, azad edilən şəxslərdə həmin keyfiyyətlər tam yerində olub və bu bizi çox sevindirir. Azərbaycanda dini ayinlərin yerinə yetirilməsində heç bir problem yoxdur. Ən əsası budur ki, bundan sonrakı fəaliyyətlərində həmin adamlar yalnız dinlə məşğul olsunlar, radikal təmayüllü adamları isə yaxınlarına buraxmasınlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər