23/11/2017 00:33
728 x 90

Bakı və Ankaranın İrəvana birgə “S-400 zərbəsi” hərəkətə gəldi…

img

ABŞ başda olmaqla NATO-nun narazılığına baxmayaraq, Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksinin alışını həyata keçirmək istiqamətində müvafiq addımlar atmaqda davam edir. Belə görünür ki, yaxın tezlikdə sözügedən silah Türk Silahlı Qüvvələrinin arsenalında olacaq. Bundan ən çox narahat olan tərəflərdən biri isə Ermənistandır.

Amma Rusiya bu məsələdə Ermənistanın da narazılığını nəzərə almır. Məhz belə bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiyadan alınan S-400 zenit-raket kompleksləri üçün ilkin ödənişi edib: “S-400 raket kompleksləri barədə müqavilə imzalanıb. Bildiyim qədəri ilə ilk ödəniş artıq edilib. Proses Rusiyadan bizə kreditin köçürülməsi ilə davam edəcək. Həm mən, həm də Rusiya prezidenti cənab Vladimir Putin bu məsələdə qərarlıyıq”.

Hadisələrin bu istiqamətdə inkişafından isə, qeyd olunduğu kimi, NATO ölkələri ciddi narahatdır. Bundan əvvəl  Pentaqonun nümayəndəsi Ceff Devis bildirib ki, Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksini almaq niyyətinin səbəbini izah etməlidir: "Türkiyə NATO-nun müttəfiqidir və bizim müttəfiqlərimizlə münasibətlərimizin əsas məqamlarından biri də ondan ibarətdir ki, biz silahlanmamızın uyğunlaşmasını istərdik". ABŞ silahlı qüvvələri qərargahlarının birləşmiş komitəsinin nümayəndəsi Cozef Danfor da Türkiyənin S-400 raketləri alması ilə bağlı narahatlığını dilə gətirib. Amma Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya və Türkiyə arasında S-400 komplekslərinin tədarükü məsələsindən kimsənin narahat olmasına əsas yoxdur: “Biz Rusiya Federasiyası ilə lazımı addımları atdıq, imzalar atılıb, ümid edirəm ki, biz S-400-ləri ölkəmizdə görəcəyik və birlikdə onların istehsalını həyata keçirəcəyik. Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir. Əgər birgə istehsal imkanı varsa, bu bizim üçün prioritetdir. Lakin biz bunu ABŞ-la birgə illərdir edə bilmiriksə, onda özümüz həll yolu tapacağıq. Yunanıstan S-300-lər istifadə edir və bu, ABŞ-ı narahat etmir. Niyə onları bizim Rusiya ilə əməkdaşlığımız narahat edir?”.

Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin təchizatına dair əldə edilmiş razılaşma Ermənistanda da böyük narahatlıqla izlənməkdədir. Bundan öncə Ermənistandakı Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Məsələləri İnstitutunun rəhbəri Stefan Səfəryan iddia edib ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 “komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər: “Başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də, olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra İrəvanı və bütün Ararat vadisini təhdid edəcək”. Erməni ekspert Türkiyə tərəfinin S-400 sistemlərindən birinin Ermənistanla sərhəddə yerləşdiriləcəyi haqda bəyanatını xatırladıb. Bununla bağlı qeyd edib ki, həmin sistemlər təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq: “Xüsusən də nəzərə alanda ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli, bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir”. Amma Ermənistanın bu narahatlığına baxmayaraq, Rusiya Türkiyəyə S-400 raketlərini satır və artıq Ankara bunun üçün ilkin ödənişləri də edib. Xatırladaq ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür. Qeyd edək ki, bu komplekslərin dünyada analoqu yoxdur. S-400 kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər, hava hədəfləri ilə yanaşı, yerüstü hədəfləri də vurmaq imkanındadır.

Onu da qeyd edək ki, Azərbaycan S-300 PMU “Favorit” zenit-raket komplekslərinə malikdir. Bu, S-300 raketləri nəslinin ən geniş imkanlara malik olan və ixrac üçün nəzərdə tutulmuş versiyasıdır. Lakin indi, Ankara ilə yanaşı, Bakı da S-400 kompleksini almaq istəyir və bu məsələdə hansısa problem olması da gözlənilmir. Bundan başqa, Rusiyanın  “Antey-4000” kompleksləri də Azərbaycanın marağını cəlb edir. Elə bu silahların əldə edilməsi Ermənistanın narahatlığını daha da artıracaq.

Nahid SALAYEV

Son xəbərlər