23/11/2017 00:35
728 x 90

Ermənistanın hərbi xunta rejimi Qarabağ məsələsində tam təklənir

img

Zəbt olunmuş ərazilərin geri qaytarılması üçün Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi bu gün Ermənistanda ən çox ehtiyat edilən, qorxu duyulan məqam hesab edilir. Bunun ümdə səbəbi son illər ərzində Azərbaycan Ordusunun kifayət qədər güclənməsi və ən müasir hərbi texnika ilə təchiz edilməsinin Ermənistanda da aydın sezilməsi həm də ötən ilin aprel döyüşünün nəticələridir.

Digər tərəfdən Ermənistanda hesab olunurdu ki, Dağlıq Qarabağda mümkün toqquşma zamanı Rusiya, eləcə də daxil olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onları müdafiə edəcək. Amma yenə ötən ilin aprel savaşı ermənilərin bu xüsusda çox ciddi şəkildə yanıldıqlarını üzə çıxardı.  İndi ermənilər bu fonda, Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə, ciddi itkilərlə üzləşəcəklərini yaxşı bilirlər.

Düşmən ölkədə real vəziyyətin təhlili də ermənilərin müharibə qorxusunun daha da artdığını təsdiqləyir. Bu arada Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin əhali arasında keçirdiyi sorğu və onun nəticələri də qeyd edilənlərin növbəti təsdiqi olub. Məhz həmin sorğuda Ermənistanda əhalinin Azərbaycanla müharibədən çəkinməsinin daha bir səbəbi ortaya çıxıb.
Mərkəzin rəhbəri Stepan Qriqoryan sorğunun nəticələrini elan edərkən əhalinin Azərbaycanla müharibədə yalnız qalacaqlarından qorxduğunu təsdiqləyib.  Sorğunun nəticələrinə görə, erməni əhalisinin 63,4 faizi hesab edir ki, Azərbaycanla genişmiqyaslı müharibə başlayacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı dəstəkləməyəcək. Əhalinin yalnız 31 faizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inanır. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkənin təhlükəsizliyinə təmin edirmi” sualına ermənilərin yalnız 15%-i müsbət cavab verib. 63,4% erməni isə, ümumiyyətlə, KTMT-nin Azərbaycanla savaşda Ermənistana yardım etməyəcəyinə inanır. Bununla yanaşı, əhalinin 50,67 faizi Avrasiya İqtisadi İttifaqına üzvlüyün Ermənistana neqativ təsir etdiyini düşünür. Sorğuda iştirak edənlərin 45,33%-i isə Avrasiya İttifaqının ermənilərin həyatına müsbət təsir göstərdiyini bildirib. 37% erməni Ermənistan iqtisadiyyatının zəifləməsinin Avrasiya İttifaqı ilə bağlı olduğunu düşünmür.

Ermənilərin artıq Rusiyanın müttəfiqliyi ilə bağlı fikirləri də dəyişib. Belə ki, əhalinin yalnız 34,33%-i Rusiyanı İrəvanın əsl müttəfiqi sayır. 35,11% Moskvanın müttəfiqlik öhdəliklərini qismən yerinə yetirdiyini düşünür. Ermənilərin əksəriyyəti (40%) məhz Rusiyanın onların Avropa Birliyi ilə əlaqələrinə maneə yaratdığını hesab edir. Dağlıq Qarabağ məsələsinə gəlincə isə, respondentlər bu konfliktə Rusiyanın neqativ təsir (56%) göstərdiyinə inanır. Yalnız 40% şəxs bunun əksini fikirləşir. Qeyd edək ki, sorğu Ermənistanın Gümrü, Vanadzor, İrəvan, Vayke, Yeqeknadzor şəhərlərində və Azərbaycanın işğal olunmuş Xocavənd rayonunda aparılıb.

Beləliklə, aparılan araşdırma indi Ermənistanın ənənəvi hesab etdiyi mütəffiqlərinə də güvənmədyini aydın şəkildə meydana qoyur. Xüsusən də Rusiya ilə bağlı Ermənistanda son dövrlərdə narahatlıq və nigarançılıq xeyli artıb. Bu fonda əsas diqqət bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutacaq görüşünə yönəlib. Məhz bu görüşdə Qarabağ münaqişəsi ilə bağlı hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi dəqiq bəlli olacaq. Ekspertlər hesab edir ki, sentyabrda danışıqların yeni mərhələsi başlaya bilər. Xüsusən də rəsmi Moskvanın Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayırdığını bəyan etməsi münaqişənin həlli istiqamətində irəliləyişin olacağına ümidləri artırır. Bu günlərdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  Moksvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə maraqlı olduğunu açıqlayıb. O bildirib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyir: "Bu məsələ ilə bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıb. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır”. Hesab edilir ki, hazırda Moskva İrəvana Qarabağ məsələsində ciddi təzyiqlər göstərir. Bunu rusiyalı politoloq Sergey Markedonov da təsdiq edir. Onun fikrincə, Moskva sülh müstəvisində Qarabağ məsələsinin çözümündə irəliləyişin olmasında maraqlıdır. İrəvan bununla razılaşmasa, ekspert müharibənin tezliklə başlanmasını qaçılmaz sayır: “Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki hadisə gözlənilir. Biri prezidentlərin görüşü, digəri xarici işlər nazirlərinin BMT-nin Baş Assambleyasında gözlənilən görüşü. Hesab edirəm ki, müəyyən təzyiqlər olmasa, heç bir görüş münaqişənin həllinə təsir etməyəcək və yeni müharibə başlayacaq. Toqquşmalar bu il  ola bilər”.
Onun sözlərinə görə, Qarabağda danışıqlar yolu ilə nəticə olmasa, tərəflərdən birinin əsəbləri dözməyəcək və toqquşma başlanacaq. Ekspert Ermənistanın indiki ağır vəziyyətində bu toqquşmadan daha çox şey itirəcəyini, ən əsası isə əhalinin bu ölkədən köçünün daha geniş vüsət ala biləcəyini istisna etmir. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ konflikti fonunda illərdir dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən Ermənistanda miqrasiya əsas problem olaraq qalır. Əvvəllər vətəndaşlar xaricə yalnız iş tapmaq üçün gedirdisə, hazırda işğalçı ölkəni birdəfəlik tərk edənlərin sayı kəskin şəkildə artıb. Fransızdilli “Nuvel Darmeni” saytının məlumatına görə, Ermənistanda miqrasiya problemi bütün dövrlərdə olub. Lakin heç vaxt indiki kimi geniş miqyas almayıb. Bunun əsas səbəbi əhalinin ümidsizliyidir. Ermənistan vətəndaşları hökumətə inanmır. Ona görə də yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Ermənistan Statistika Komitəsinin məlumatına görə, son illərdə 15 min 200 nəfər ölkə vətəndaşlığından imtina edərək getdiyi yerlərdə daimi məskunlaşıb. Sosioloqlar bildirir ki, miqrasiyanın artması Ermənistana mənfi nəticələr gətirir. Belə davam edərsə, beş ildən sonra Ermənistanda hərbi xidmətə çağırışçı tapılmayacaq. Dövlət isə vergi yığmaq üçün obyekt tapa bilməyəcək. Çünki ölkəni, sosial vəziyyətləri ağır olanlarla yanaşı, iş adamları da tərk edir. Onları narahat edən əsas problem qanunsuzluq, anarxiya, rüşvət və korrupsiya, ən əsası isə Qarabağ münaqişəsinin həllinin uzanmasıdır. Hesab edilir ki, məhz bu münaqişə Ermənistanın üzləşdiyi problemlərin kökündə durur. İndiyə qədər Rusiyanın və erməni lobbisinin yardımı ilə İrəvan Qarabağ münaqişəsi ətrafında mövcud status-kvonun saxlanmasına çalışırdısa, indi vəziyyət dəyişir. Rusiya Qarabağ məsələsində İrəvandan, demək olar ki, üz döndərməkdədir. Burada Rusiyanın, Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətlərini sürətlə yaxşılaşdırmasının xüsusi rolu var. Rusiyalı ekspert Rostislav İşenko bildirir ki, Ankara-Moskva münasibətlərinin inkişaf etməsi həm də Qafqazdakı türk xalqları məsələsində tərəflərin daha müsbət tonda razılaşmasına imkan yaradacaq. Belə ki, Ankara mədəniyyət və tarixi olaraq Türkiyəyə meyl edən Qafqaz türkləri ilə bağlı Rusiyanın maraqlarını nəzərə alaraq siyasət yeridə bilər. Və eyni zamanda, Moskva regionda Ankaranın maraqlarını ciddi surətdə nəzərə ala bilər.  Rostislav İşenko vurğulayır ki, Rusiya-Türkiyə müttəfiqliyi Cənubi Qafqazda sabitlik və sülhün təminatçısıdır. Bu tezis xüsusilə erməni ekspertlərin regionda Ermənistanın rolu ilə bağlı gətirdikləri süni arqumentləri sabun köpüyü kimi dağıdır. Ermənilər sübut etməyə çalışırlar ki, Ermənistan-Rusiya əməkdaşlığı regionda sabitliyi təmin edir. Rusiyalı analitik isə tamamilə fərqli fikir ifadə edir. Bildirir ki, regionda real olaraq sakitliyin və sabitliyin təminatçısı Rusiya-Türkiyə dostluğudur. Şübhəsiz, Rusiya və Türkiyə qarşılıqlı anlaşma içərisində olursa, orada mütləq Azərbaycan da var. Yəni əslində, regionda sülh, sabitlik və əminamanlığı Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığı təmin etməkdədir. Belə vəziyyətdə Ermənistan, necə deyərlər, oyundankənar vəziyyətə düşür və bu da Qarabağ məsələsinə mütləq mənada öz təsirini göstərir.

Bundan başqa Qarabağ məsələsində bu vaxta qədər İrəvana ciddi dəstək verən erməni lobbisinin isə Serj Sarkisyan iqtidarı ilə ixtilafı gedərək dərinləşir və lobbi ondan üz döndərməkdədir. Serj Sarkisyan lobbinin hakimiyyəti dəstəkləməməsinin hansı nəticələr verəcəyini yaxşı başa düşür. Artıq  ildən-ilə azalan lobbi yardımları hakimiyyəti çətin vəziyyətə salıb. Halbuki, məhz bu yardımlar hesabına Dağlıq Qarabağla bağlı müxtəlif populist layihələr icra olunur, müəyyən qədər narazı əhali təbəqələrinin susdurulması üçün onlardan istifadə edilirdi. Amma Sarkisyan lobbi tərəfindən xarici siyasi dəstəklə yanaşı, maliyyə dəstəyindən də məhrum olmaqdadır. Təbii ki, belə olan halda onun uzun müddət hakimiyyətdə qalması müşkül sayılır və belə vəziyyət Qarabağ münaqişəsinin həllini tezləşdirə bilən daha bir amil kimi ortaya çıxır.

Ermənistanın daxili resursları, xüsusən də əhalisinin sayının sürətlə azalması bu mənbə hesabına da status-kvonun  qorunub saxlanmasını mümkünsüz edir. Erməni ekspert Aşot Yegizaryan isə sosial-iqtisadi sahədə vəziyyətin daha da pisləşəcəyini vurğulayır: “Nəzərə alsaq ki, bundan sonra Ermənistan iqtisadiyyatını inkişaf etdirmək üçün potensiala malik deyil, demək o, heç olmasa, indiki situasiyanı saxlamaq gücündə də olmayacaq. Problem ondadır ki, vəziyyət daha pis olacaq və pisləşdikcə də Ermənistandan daha böyük güzəştlər umacaqlar. Ermənistan indiki rejimin saxta seçkiləri üzündən xaricdən daha çox asılı vəziyyətə düşəcək. Ermənistanın inkişaf resursu Qərb iqtisadi məkanına inteqrasiyadan keçir. Amma hakimiyyət bunun da üstündən xətt çəkib”. Bütün bunlar isə İrəvanın hərbi xunta rejiminin Qarabağ məsələsində tam təklənməkdə olduğunu aydın surətdə nümayiş etdirir. 

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər