21/11/2017 21:28
728 x 90

Azərbaycanın Fransada açdığı “şərəf məhkəməsi” dünyanın diqqətində...

“Fransada doğrudan da insan hüquq və azadlıqlarına, hüquqa dəyər verilirsə, o zaman Azərbaycanın iddiası təmin olunmalıdır”

img

Elçin Mirzəbəyli: “Erməni lobbisi Fransada kifayət qədər aktivdir və məhkəmə-hüquq sistemində onların sayı çoxdur”

 

Məlum olduğu kimi, Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalisti ilə bağlı iddiasına baxır. Həmin jurnalistlər defamasiyada ittiham olunur. Belə ki, sentyabrın 5-də Parisin Nanter bölgəsində yerləşən məhkəmədə Elise Lucet və Laurent Richardla bağlı iddiaya baxılıb. Məsələ ondadır ki, sözügedən jurnalistlər Azərbaycandakı hökuməti iki il əvvəl "diktatura" adlandırmaqla ona böhtan atmaqda ittiham olunur.

Hadisə Fransanın o zamankı prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı baş verib. 2015-ci ilin sentyabrında "France 2" televiziyası ilə yayımlanan araşdırma proqramında Lucet Azərbaycanın "dünyanın ən qəddar diktaturaları"ndan biri olduğunu deyib.

Richard isə "France Info" radiosuna müsahibəsində Azərbaycana "diktatura" deyib. Richard və operatoru 2014-cü ilin mayında Bakıdan çıxan zaman qısa müddətə saxlanıb. Verilən məlumata görə, iddia tərəfi məhkəmədə bildirib ki, Şərqdə ilk dəfə Azərbaycanda 1918-ci ildə cumhuriyyət qurulub. Azərbaycanda diktatura rejiminin hökm sürdüyünü iddia etmək düzgün deyil. Bununla yanaşı, sözügedən jurnalistlər Azərbaycanı təmsil edən vəkillərin suallarına cavab verə bilməyiblər. Həmin jurnalistlər yazdığı fikirləri arqumentlərlə əsaslandıra bilməyiblər. Hökmün noyabrın 7-də çıxarılacağı gözlənir.

Artıq  məlumdur ki, məhkəmənin ilk iclası Azərbaycan vəkilinin güclü hücum mövqeyi ilə müşayiət olunub. Məsələn, Azərbaycana “diktatura” deyən jurnalistlər guya çox dərin təhlillər aparandan sonra belə qənaətə gəldiklərini deməklə özlərini haqlı çıxarmağa çalışsalar da, vəkilin məntiqli sualları ilə ifşa olunublar. Vəkilin “Azərbaycanın əhalisi nə qədərdir”, “Bakıdan başqa hansı Azərbaycan şəhərlərini tanıyırsınız” kimi adi suallara heç bir cavab verilməyib. Bu halda, vəkil və iştirakçılar əsaslı olaraq belə qənaətə gəliblər ki, jurnalistlər Azərbaycan barədə heç bir araşdırma aparmayıblar və sadəcə, sifarişlə hərəkət ediblər. Göründüyü kimi, Azərbaycana aşkar böhtan atan jurnalistlər məhkəmə prosesində arqumentsiz qalıblar. Əgər obyektivlik sonadək saxlansa, Azərbaycanın bu “şərəf məhkəməsini” udacağına söz yoxdur. Ancaq unutmayaq ki, burası Fransadır, erməni lobbisinin təsirli olduğu ölkədir.

Bütün bu deyilənlərin fonunda, böyk dövlətçilik və demokratiya ənənələrinə malik olan Fransanın sözügedən məsələ ilə bağlı ədalətli qərar çıxaracağı ilə bağlı gözləntilər nədən ibarətdir?
Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Fransanın ədliyyə sistemində erməni lobbisinin təsir imkanları olduğuna görə indidən konkret proqnoz vermək çətindir: “Əvvəla Azərbaycana qarşı bu cür fikirlərin səsləndirilməsi doğru deyil və bu, söz azadlığından sui-istifadənin nəticəsidir. Çünki ölkədə demokratik ənənələr formalaşıb. Söz və mətbuat azadlığı sayəsində Azərbaycan kifayət qədər nailiyyətlər əldə edib. Təbii ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da problemlər var. Lakin bu gün diktatura rejimləri ilə yaxından əməkdaşlıq edən ölkələrin mediasının Azərbaycana qarşı belə ittihamlar səsləndirməsi təbii ki, yolverilməzdir. Bu ciddi şəkildə hüquq pozuntusudur. Fransa məhkəməsinin hansı qərar verəcəyini indidən demək çətindir. Çünki erməni lobbisi Fransada kifayət qədər aktivdir və məhkəmə-hüquq sistemində onların sayı çoxdur. Bu aspektdən də qərarın hansı istiqamətdə veriləcəyini müəyyənləşdirmək çox çətindir. Fransada doğrudan da insan hüquq və azadlıqlarına, hüquqa dəyər verilirsə, o zaman Azərbaycanın iddiası təmin olunmalıdır”.

İradə SARIYEVA

Son xəbərlər