23/11/2017 00:35
728 x 90

Qarabağ separatçılarının qeyri-şəffaf mina təmizləmələrinə ABŞ-dan 1,5 milyon müəmmalı yardım…

“Belə çıxır ki, həmin vəsaitdən separatçı rejim istədiyi kimi bəhrələnəcək”

img

Vüqar Qədirov: “Bəs beynəlxalq təşkilatlar niyə susur?”

 

ABŞ işğal altında olan Qarabağda qanunsuz mina təmizləmə işlərinə 1.5 milyon dollar vəsait ayıracaq. ABŞ Konqresi konqresmen Delfid Valadaonun Dağlıq Qarabağda qanunsuz mina təmizləmə əməliyyatlarına əlavə vəsait ayrılmasına dair təşəbbüsünə razılıq verib.

 ABŞ-ın xarici ölkələrə maliyyə ayırmasına dair qanun layihəsinin son versiyasının Konqresdə səsverməyə çıxarılacağı gözlənir.

Konqresmenin məruzəsinə əsasən, artıq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən HALO TRUST tərəfindən minalanmış sahələrin 90 faizi təmizlənib. Təşkilatın qiymətləndirməsinə görə, 2020-ci ilədək Dağlıq Qarabağın minalardan tam təmizlənməsi üçün əlavə 8 mln. dollar vəsait tələb olunacaq.

Xatırladaq ki, Birləşmiş Ştatlar erməni lobbisinin təsiri nəticəsində 2000-ci ildən etibarən davamlı olaraq HALO TRUST təşkilatına böyük maliyyə vəsaitləri ayırıb.

Əslində, belə bir pul tranşının separatçı rejimə ayrılması doğrudan da təəccüb doğurur. Çünki bütün dünyadan təcrid olunan və legitimliyi heç kim tərəfindən tanınmayan bir qurumun həmin pulu təyinatı üzrə xərcləyəcəyinə kim nəzarət edəcək? İkincisi isə, həmin ərazilər uzun müddətdir məhz separatçıların nəzarəti altındadırsa, bu fakt minaların kim tərəfindən basdırılmasına şübhə yeri qoymur. Əlaqədar beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri bu detala niyə etiraz səsini ucaltmır?

Ekspert Vüqar Qədirov ABŞ-ın qəbul etdiyi bu qərarı tamamilə absurd adlandırdı: “Biz uzun müddətdir müxtəlif adlar altında ABŞ-ın Dağlıq Qarabağda qərar tutan separatçılara maliyyə yardımı göstərdiyinin şahidi oluruq. Hətta bir müddət əvvəl ABŞ “907-ci Düzəliş” adı ilə Azərbaycana edilən yardımı kəsərək, Ermənistana birtərəfli maliyyə ayırmaqla məşğul olub. Bu, ən azı, münaqişədə olan iki ölkəyə münasibətdə balansın pozulması anlamına gəlir. Ayrılması nəzərdə tutulan bu vəsaitin də taleyi müəmmalıdır. Çünki Dağlıq Qarabağ ərazisində basdırılan  minalardan söhbət gedirsə, onu basdıran da ermənilərin özüdür. Həmin ərazilər uzun müddətdir  məhz separatçıların əlindədir. Belə çıxır ki, ABŞ ermənilərin özlərinin basdırdığı minaların çıxarlmasına pul ayırır? Bu tamamilə absurd və gülünc görünür. Məlumdur ki, Dağlıq Qarabağda müvəqqəti oturan rejim separatçılıq, terrorizmlə məşğuldur. Dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan bir subyektdə həmin vəsaitin necə xərclənəcəyinə kim nəzarət edəcək? Belə çıxır ki, həmin vəsaitdən separatçı rejim istədiyi kimi bəhrələnəcək. Bəs beynəlxalq təşkilatlar niyə susur? Hesab edirəm ki, xüsusilə də vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu məsələyə reaksiya verməlidir. Əvvəl işğal altında olan ərazilər azad edilməli, sonra minaların təmizlənməsi gündəmə gəlməlidir. ABŞ bu məsələyə tərsinə yanaşır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər