21/11/2017 21:28
728 x 90

Məscidləri dağıtmaq hara, İslam dövlətləri ilə dostluq axtarmaq hara…

“Təəssüf ki, Ermənistanı dəstəkləyən, ona nəfəslik verən müsəlman ölkələri də var”

img

Aqşin Əliyev: “Müsəlman ölkələri İlham Əliyevin etdiyi çıxışdan daha ciddi nəticə çıxarıb Ermənistanla münasibətləri yenidən nəzərdən keçirməlidirlər”

 

Azərbaycan Prezidenti İlham Əliyev Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və texnologiya üzrə Birinci Sammiti çərçivəsində keçirilən “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiyada çıxış edib. Dövlət başçısı İƏT-in Elm və texnologiya üzrə Birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan İƏT-in fəal üzvüdür, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib: “Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də, öz növbəsində, Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib”.

Dövlət başçısı nəzərə çatdırıb ki, 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib: “Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirib. Bu vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

Prezidentin məntiqi cəhətdən sübut edərək dilə gətirdiyi “Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz tezisindən  İslam ölkələri hansı nəticələri çıxarmalıdır?

Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, İlham Əliyev Astanadakı toplantıda Ermənistanın vandallığı və vəhşilyi barədə ətraflı danışıb: “Azərbaycan öz dövlətçilik atributlarında əks olunan prinsiplərə uyğun siyasət aparır. Biz dünyəvi ölkə olsaq da, bayrağıımızda öz əksini tapan islam dəyərindən imtina etmirik. Əksinə, islamın ən unikal, tolerant modelini ölkəmizdə təbliğ edirik.  Dünyanın bütün müsəlman ölkələrilə normal münasibətlərin qorunmasını istəyirik. Bunu ölkəmiz öz daxili və xarici siyasət kursunda aydın büruzə verir. Dünyanın istənilən  müsəlman ölkəsində baş verən  haqsıslığa biz öz etirazımızı bildiririk. Son Myanma hadisələri buna əyani sübutdur. Ermənistanla münasibətə gəldikdə isə, onlar bizimlə apardıqları müharibədə islami dəyərləri də tapdalayıblar. Məscidləri, dini abidələri dağıdaraq yerlə-yeksan ediblər. Ölkə olaraq, başqa müsəlman dövlətlərinin diqqətinə bunu da çatdırırıq ki, ən azı, bizim onlara bəslədiyimiz münasibətə adekvat davrans sərgiləsinlər. Çünki islami dəyərlərə hörmət qoymayan Ermənistana onların münasibəti tamamilə başqa cür olmalıdır. Mən ad çəkmək istəmirəm,  ancaq bu gün elə müsəlman ölkələri var ki, Dağlıq Qarabağ probleminə görə Ermənistanla münasibətləri tam kəsib. Təəssüf ki, Ermənistanı dəstəkləyən, ona nəfəslik verən müsəlman ölkələri də var. Biz buna  yalnız təəssüflənə bilirik. Hesab edirəm ki, müsəlman ölkələri İlham Əliyevin etdiyi çıxışdan daha ciddi nəticə çıxarıb Ermənistanla münasibətləri yenidən nəzərdən keçirməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər