23/11/2017 00:36
728 x 90

Ruhani Azərbaycanı İranın hansı iri layihələrində görmək istəyir…

“Azərbaycan uzun illərdir balanslı siyasət yürüdür və mən inanmıram ki, biz ABŞ və Qərbi qıcıqlandıran layihədə iştiraka razılıq verək”

img

Yeganə Hacıyeva:  “Azərbaycanın  İranla birgə hansısa iqtisadi layihədə iştirak etməsi heç bir ölkə üçün problem yarada bilməz”

 

Astanada Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani arasında görüş olub. Prezident H.Ruhani ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq deyib ki, biz ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədləri müvəffəqiyyətlə yerinə yetirmək üçün səylərimizi birləşdirməliyik. O qeyd edib ki, İranın yeni seçilən hökuməti də Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsi işinə sadiqdir.

Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğulayıb. Bildirib ki, bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə toxunan H.Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. İran prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcəyini bildirərək, Prezident İlham Əliyevi həmin tədbirə dəvət edib.

Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayan İran prezidenti ümidvar olduğunu bildirib ki, Xəzərin statusu ilə bağlı səylərimizi əlaqələndirərək yaxın zamanlarda bu sahədə razılıq əldə etmək mümkündür.

Prezident Ruhani ölkəsi tərəfindən həyata keçirilən işlərdən danışaraq deyib ki, İran digər ölkələrlə birlikdə nəhəng layihələr həyata keçirir. İran həmin layihələrdə Azərbaycanın iştirakını və investisiya qoymasını alqışlayar. İran prezidenti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, elm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

H.Ruhani digər ölkələrlə həyata keçirilən layihələr deyəndə nəyi nəzərdə tutub və Azərbaycanın həmin projelərdə yer alması ölkəmizin Qərb, ABŞ-la münasibətlərinə hansı formada təsir edə bilər?

Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, İran prezidenti həmin görüşdə Azərbaycanla münasibətlərə verdikləri önəmdən geniş bəhs edib: “İran Azərbaycanla qonşu ölkə olmaqla bərabər, həm də mədəniyyət, din baxımından yaxındır. Həmin ölkənin əhalisinin böyük bir hissəsini bizimlə eyni kökənli olan soydaşlarımız təşkil edir. İranla Azərbaycanı yaxın qonşuluq maraqları ilə yanaşı, həm də bu faktorlar yaxın edir. Təbii ki, bu sıraya iqtisadi maraqları da aid edə bilərik. Azərbaycan enerji resurslarının dünya bazarına çıxarılmasında mühüm bənd hesab edilir. İranı bir enerji dövləti kimi ifadə etsək, onda onun Azərbaycanla əməkdaşlıqda xüsusilə maraqlı olduğu qənaətinə gələ bilərik. İran hazırda öz məhsulunu dünya bazarına çıxarmaqda çox maraqlıdır və etiraf edək ki, buna istədiyi kimi nail ola bilmir. Çünki iqtisadi sanksiyalar tam aradan qaldırılmayıb. Buna görə də İranın qonşu müsəlman ölkələrindən gözləntiləri çoxdur. Ruhaninin danışdığı layihələr onun sərhədlərinə yaxın olan ölkələrlə əməkdaşlığı əhatə edir. İran Liviya və Nigeriyadan qaz xətlərinin çəkilməsi və bunun Azərbaycan vasitəsilə dünya bazarına çıxarılmasında maraqlıdır. Hətta bununla bağlı Rusiya və Türkiyə ilə razılaşdığı da bildirilir. İranın 2022-ci ilə kimi reallaşdırmaq istədiyi layihələrdən biri də Avropa Birliyinin Çinlə ticarət xəttini  birləşdirməkdir. Ruhani Azərbaycanı da bura qoşmaqla aramızdakı münasibətləri daha etibarlı və sarsılmaz etməyi planlaşdırır. Səbəb aydındır. Bununla İran daxilində olan türklərlə bağlı yarana bilcək narazılığı qabaqcadan kompensasiya etmək istəyir. Çünki oradakı azəru-türk toplumu üçün Azərbaycan olduqca cəlbedicidir. Yəni Ruhaninin istəyində siyasi çalarlar daha aydın nəzərə çarpır. Hesab edirəm ki, Azərbaycanın  İranla birgə hansısa iqtisadi layihədə iştirak etməsi heç bir ölkə üçün problem yarada bilməz.  Çünki Azərbaycan uzun illərdir balanslı siyasət yürüdür və mən inanmıram ki,  biz ABŞ və Qərbi qıcıqlandıran layihədə iştiraka razılıq verək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər