23/11/2017 00:34
728 x 90

Əsrin yeni neft kontraktında Azərbaycanın payı ikiqat artırılır…

img

Dünya neft birjalarında baş verənlər bu məhsulun qiymətinin yaxın tezlikdə daha da artacağını göstərir. Hazırda baş verənlər Azərbaycan tərəfindən də xüsusi diqqətlə izlənir. Çünki Azərbaycan neftlə bağlı növbəti mühüm addım atmağa hazırlaşır. Bu addımın nədən ibarət olduğunu əslində bir neçə gün əvvəl  Prezident İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimindəki çıxışı zamanı açıqlayıb.

Dövlət başçısının sözlərindən belə bəlli olub ki, tezliklə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur: “Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr - həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda da onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.

Belə bir vaxtda bəlli olub ki, SOCAR BP ilə imzalayacağı yeni müqavilədə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsindəki iştirak payını artırmaq istəyir. Məsələ ilə bağlı “Reuters” agentliyinin iki mənbədən aldığı məlumata görə, SOCAR-ın BP ilə imzalayacağı yeni müqavilədə “Azəri-Çıraq-Günəşli”  layihəsindəki payının artırılması gözlənir. Mənbə bununla bağlı bildirib: “İlk məlumatlara görə, SOCAR digər şirkətlərin paylarının azalması bahasına payını artıracaq”. SOCAR-ın yeni müqavilə üzrə payının 11,6 faizdən 20 faizə çatdıracağı, BP-nin payının isə 35,8 faizdən 30 faizə düşəcəyi bildirilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Bu razılaşma “Azəri-Çıraq-Günəşli”  yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək. Yeni müqavilədə Azərbaycanın payının artırılması ölkəmizin neft satışından daha çox gəlir əldə etməsini şərtləndirəcək. Yeri gəlmişkən qeyd edək ki, Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib. Təkcə  bu ilin yanvar-iyul aylarında isə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 609 milyon dollar vəsait daxil olub. Bu ilin ilk yarısında isə  “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat 106 milyon barreldən çox, yəni 14 milyon tondan artıq təşkil edib. “BP-Azerbaijan” şirkəti bildirir ki, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.  Bu da öz növbəsində həmin yataqların nə qədər vacib və məhsuldar olduğunu bir daha təsdiq edir.

Məlumat üçün qeyd edək ki, “Azəri-Çıraq-Günəşli”də ümumilikdə 112 neft hasilat quyusu, 48 qaz və su injektor quyusu istismarda olub. Yarım ildə blokda 11 neft hasilat və 2 suvurma quyusu qazılıb. Bu fonda Azərbaycanın burada payını artırması ölkəmiz üçün çox əlverişli sayılır və qarşıdakı illərdə “Azəri-Çıraq-Günəşli”nin Azərbaycana daha çox vəsait qazandıracağını deməyə əsas verir. İndilikdə “Azəri-Çıraq-Günəşli”də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz). Amma yaxın tezlikdə bu pay nisbəti Azərbaycanın lehinə dəyişəcək. Özü də bu o vaxtda baş verir ki, dünya birjalarında neftin qiyməti bahalaşır. Son məlumatlara görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar bahalaşaraq 47,86 dollar, Londonun ICE  birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar artaraq 54,01 dollar təşkil edib. Azərbaycan neftinin də qiyməti bahalaşıb. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar bahalaşaraq 56,62 dollar təşkil edib. Bütün bunlar ölkənin neft gəlirlərinin artmasına ciddi təkan verir.

Nahid SALAYEV

Son xəbərlər