20/09/2017 18:52
728 x 90

Azərbaycan Xəzərin status məsələsində İran və Türkmənistanı eyni mövqeyə gətirə bildi…

img

Azərbaycanın uzun illərdir həllinə çalışdığı ən önəmli məsələlərdən biri də Xəzərin hüquqi status problemidir. İndiyə qədər bu məsələnin öz həllini tapmaması burada bir sıra mühüm enerji layihələrinin reallaşmasına imkan vermir. Bu vəziyyətdən daha çox əziyyət çəkən ölkələrdən biri  isə Azərbaycandır.

Xüsusən də Türkmənistan və İranla mübahisə predmeti olaraq qalan yataqların hələ də işlənməməsi qeyd edilənlərin real təsdiqi kimi çıxış edir. Bundan başqa, sahilyanı ölkələr arasında da müəyyən layihələrin həyata keçməməsi məhz dənizin statusunun müəyyən olunmamasının nəticəsidir. Amma son vəziyyətin təhlili dənizin status məsələsində ciddi yeniliklərin olmasını istisna etmir. Xüsusən də Azərbaycanın Türkmənistan və İranla münasibətlərini intensiv inkişaf etdirməsi dənizin statusu ilə ilgili mühüm dəyişikliklərin olmasını gözləməyə əsas verir. Belə görünür ki, Azərbaycanla əlaqələrin inkişafında maraqlı olan Türkmənistan və İran özləri də dənizdə mübahisəli ərazilərin olmasını istəmir. Digər tərəfdən, hər iki ölkə Azərbaycan vasitəsilə enerji resurslarını dünya bazarlarına çıxarmaqda maraqlıdır. Bu səbəbdən onlara dənizdə Azərbaycanla status problemi yaşamaq sərfəli deyil.

Bu arada qeyd edək ki, Astanada Prezident İlham Əliyevin İrandan olan həmkarı Həsən Ruhani ilə baş tutan görüşündə diqqət mərkəzində yer alan məsələlərdən biri məhz Xəzərin statusu ilə bağlı olub.  Burada Həsən Ruhani ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq bildirib ki, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı qarşıya qoyulan məqsədləri müvəffəqiyyətlə yerinə yetirmək üçün səyləri birləşdirmək lazımdır. O qeyd edib ki, İranın yeni seçilən hökuməti də Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsi işinə sadiqdir. Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran prezidenti Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. Energetika sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayan İran prezidenti ümid etdiyini bildirib ki, Xəzərin statusu ilə bağlı səyləri əlaqələndirərək yaxın zamanlarda bu sahədə razılıq əldə etmək mümkündür.

Qeyd edək ki, İran sahilyanı dövlətlərin Xəzərə bərabər hüquqlarının olduğunu bildirir. İran tərəfi mövqeyinin digər dörd Xəzəryanı dövlətin mövqeyindən fərqləndiyini və onlar tərəfindən dəstəklənmədiyini dərk edərək, alternativ variant kimi Xəzər dənizinin ədalətlilik prinsipinə əsasən beş bərabər hissəyə bölünməsilə 20 faizlik bölgü ideyası ilə də çıxış edir. Lakin bu qəbuledilməz hesab olunur. Artıq bunu İran özü də qəbul edir. Amma Həsən Ruhaninin yuxarıda qeyd olunan fikirlərindən də aydın görünür ki, İran dənizin status məsələsinin həllində artıq maraqlı tərəf kimi çıxış edir. Eyni sözləri Türk­mə­nis­tan barədə də demək olar.

Xatırladaq ki, bir neçə gün əvvəl  Türk­mə­nis­tan pre­zi­den­ti Qur­ban­qu­lu Ber­di­mə­həm­mə­dov Azər­bay­ca­nda rəs­mi sə­fərdə olub. Sə­fər­də tə­rəf­lər ara­sın­da bir sı­ra mə­sə­lə­lər üz­rə mü­za­ki­rə­lər apa­rı­lıb, sə­nəd­lər im­za­la­nıb. Məlumatlara görə, Azər­bay­can və Türk­mə­nis­tan ara­sın­da apa­rı­lan da­nı­şıq­la­rın əsas pred­me­ti­ni neft-qaz və nəq­liy­yat sa­hə­sin­də əmək­daş­lıq mə­sə­lə­lə­ri­nin mü­za­ki­rə­si təş­kil edib.  O da bildirilir ki, artıq Azər­bay­can­la Türk­mə­nis­tan "Kə­pəz"  neft ya­ta­ğı ilə bağ­lı mü­ba­hi­sə­nin ara­dan qalx­ma­sın­da müvafiq addımlar atmağa hazırlaşır. Qeyd edək ki, Azər­bay­can kom­pro­mis va­ri­ant ki­mi "Kə­pəz"in bir­gə iş­lən­mə­si­ni tək­lif et­sə də, rəs­mi Aş­qa­bad bu­na ra­zı ol­ma­yıb və hə­min ya­ta­ğın Türk­mə­nis­tan əra­zi­si­nə düş­dü­yü­nü id­dia edib. Amma indi Türk­mə­nis­ta­nın möv­qe­yin­də də­yi­şik­lik qeydə alınır. Hətta Türk­mə­nis­tan qa­zı­nın Xə­zər də­ni­zi­nin di­bi ilə Azər­bay­can üzə­rin­dən Av­ro­pa­ya nəq­li­ də bu fonda daha da aktuallaşıb.  Azərbaycan qonşu ölkələrin karbohidrogen ehtiyatlarını daşıması üçün özünün mövcud olan və digər yarana biləcək infrastrukturlarını açıq elan edib. Bu fonda Türkmənistan Azərbaycana daha çox maraq göstərir. Hadisələrin inkişafı "Transxəzər"in reallaşması üçün yeni əlverişli məqamın yarandığını göstərir. Bu fonda Xəzərin hüquqi statusunun müəyyən edilməsi isə daha da asanlaşır. Ekspertlərin fikrincə, Xəzərin statusu ilə bağlı məsələnin həlli bütün sahilyanı ölkələrə, o cümlədən Türkmənistan və İrana da sərf edir. Elə bu səbəbdəndir ki, artıq həmin ölkələrin özləri də Xəzərin statusu ilə bağlı yeniliklrin olmasına xüsusi maraq göstərir.

Tahir TAĞIYEV

Son xəbərlər