20/09/2017 18:49
728 x 90

Qarabağ danışıqlarının uzanması Ermənistanda mövcud hakimiyyətin sonunu sürətləndirir…

img

Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında əsas səbəb Ermənistanda mövcud hakimiyyətin məsələnin sülh yolu ilə çözümündə maraqlı olmamasıdır. Elə bu səbəbdən münaqişənin həllinin uzanmasına görə məsuliyyət daşıyan yeganə tərəf də məhz Ermənistandır. Eyni zamanda dünya ictimaiyyəti, o cümlədən Misnk Qrupunun həmsədr ölkələri də yaxşı görür ki, elə Ermənistan hakimiyyətinin indiki mövqeyi üzündən məsələnin hərb müstəvisində çözülmə ehtimalı gedərək artır.

Azərbaycan artıq bu xüsusda dünya ictimaiyyətini hər fürsətdə xəbərdar edir, İrəvanın qeyri-konstruktiv mövqeyini faş edir.  ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni ilə görüşündə Prezident İlham Əliyev yenidən bu məqama toxunaraq bildirdi ki, Ermənistan danışıqlar prosesinin uzadılmasında maraqlıdır: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmir, amma Ermənistan tərəfi danışıqlar prosesinin uzadılmasında maraqlıdır”. Ermənistan hakimiyyətinin bu mövqeyi, yuxarıda qeyd olunduğu kimi,  Dağlıq Qarabağ münaqişəsinin həllini hərbi müstəviyə yönəldə bilər. Hadisələrin bu səpkidə inkiaşf edəcəyindən isə erməni cəmiyyətində də narahat olanların sayı az deyil. Beləlləri hesab edir ki, Serj Sarksiyan iqtidarı üzündən Qarabağ müharibəsinin yenidən alovlanması Ermənistan üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Elə bu səbəbdən Sarksiyan iqtidarından Ermənistanda artan narazılığın kökündə dayanan məqamlardan biri də məhz Qarabağ konflikti ilə bağlıdır. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirir ki, bu və digər səbəblər ölkədə hakimiyyətdən narazılığı artırır. O bildirir ki, hazırda Ermənistanın müstəqil siyasi sistemi yoxdur: “Ermənistanın müstəqilliyi üçün əsas təhdid Rusiya yox, Ermənistan hökuməti və siyasi sistemidir. Bu sistem az qala açıq şəkildə, “yaxşı edirik, siz məhv olmalısınız” deyir. Elə bu rejim üzündən Ermənistan üçün böyük təhlükə olan Qarabağ münaqişəsinin həllini tapması gecikir”. Sakunts bildirib ki, sözügedən konflikt Ermənistana külli miqdarda zərər vurur, hər il onlarla gənc bu münaqişənin qurbanı olur: “Hakimiyyət bu məlumatlarpı gizlətməyə çalışır. Amma Ermənistanın Müdafiə Nazirliyi məlumatları məhdudlaşdırmaqla, faktları gizlətməklə orduda baş verən hadisələri ört-basdır etməyə müvəffəq ola bilmir". Onun sözlərinə görə, təkcə Avropa İnsan Haqları məhkəməsində Ermənistan ordusunda baş verən ölüm halları ilə bağlı bir çox işlər var və həqiqəti məxfilik pərdəsi altında gizlətmək mümkün deyil: “Artıq Avropa Məhkəməsi həmin şəxslərin lehinə qərarlar qəbul edib”. Sakunts onu da vurğulayıb ki, belə vəziyyət cəmiyyətin haqlı olaraq indiki hakimiyyətdən narazılığını artırır. O bunun bir səbəbini də hakimiyyətin yanlış xarici siyasəti nəticəsində Rusiya və Qərbin Ermənistana münasibətinin dəyişməsində görür və qeyd edir ki, Azərbaycan bu durumdan məharətlə öz lehinə istifadə etməkdədir. Qeyd edək ki, bundan əvvəl eyni mövqe erməni siyasi şərhçi Sarkis Artsruni tərəfindən də səslənmişdi. Onun sözlərinə görə, Rusiya-Amerika “soyuq müharibə”sinin soyuq küləkləri gec-tez Dağlıq Qarabağa qədər çatacaq: “Ola bilər, Moskvada hesab edirlər ki, münaqişənin nizama salınması məsələsində Ermənistanın mövqeyi Amerikanın kursuna yaxındır. Moskva Ermənistanın xarici siyasəti üzərində ümumi nəzarətin qurulması məqsədilə Vaşinqtonun ehtimal edilən fəallığının qarşısını almağa çalışır. Bu versiya nə qədər realdır, artıq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra verilən bəyanatlardan məlum olacaq”.

İndi fikirlər səslənir ki. əslində, bu görüşdə Ermənistan Qarabağ məsələsinin dinc müstəvidə həlli istiqamətində müvafiq addımlar atmağa razılıq verməsə, belə vəziyyət Sarksiyan rejiminin durumunu daha da ağırlaşdıracaq. Ən azından, Ermənistan cəmiyyətində məsələnin sülh yolu ilə həllini tələb edənlərin iqtidara basqıları artacaq. Çünki onlar, danışıqlarda nəticə olmayacağı təqdirdə, Azərbaycanın hərb yoluna əl atmaq ehtimalının daha da artacağını yaxşı bilir. Qeyd edildiyi kimi isə, hərb variantı Ermənistan üçün böyük fəlakətlər deməkdir.  Özü də bütün bunlar o vaxtda baş verir ki, Serj Sarkisyan prezident səlahiyyətləri başa çatdıqdan sonra baş nazir

qismində ölkəni idarə etməyə hazırlaşır. Buna isə indidən Ermənistanda ciddi müqavimət var. Ermənistanda çoxları hesab edir ki, gələn ilin aprelində səlahiyyət müddəti başa çatandan sonra prezident Serj Sarkisyanın baş nazir olması yolverilməzdir. Müxalif “Çıxış” blokundan deputat, keçmiş baş nazir Aram Sarkisyan bildirir ki, prezident Sarkisyanın gələcək planlarına mane olmaq hələlik onların planlarına daxil deyil. Bununla belə o əlavə edib ki, onların bloku Serj Sarkisyanın baş nazir postunu tutmaqla hakimiyyətini uzatmasına qətiyyətlə qarşıdır. Aram Sarkisyan deyir ki,  Serj Sarkisyan hələ baş nazir postunu tutmaq planlarını elan etmədiyindən, hansısa aktiv hərəkətə əl atmaq istəmirlər. Lakin zərurət yaranarsa, Sarkisyanın bu planını pozmaq üçün insanları küçələrə çıxaracaqlar. Keçmiş baş nazir deyib ki, Serj Sarkisyan heç olmasa bu dəfə vədini yerinə yetirib, 2015-ci il konstitusiya referendumu ərəfəsində dediyi kimi, nə baş nazir, nə spiker, nə də digər dövlət postunu tutmalıdır. Çünki Qarabağ problemi mövcud olan Ermənistan üçün hakimiyyətin bu cür forması qəbuledilməzdir: “Mən çox istərdim ki, Sarkisyan bunu başa düşsün. İndiki prezident referendumun təşviqat kampaniyasında dönə-dönə deyirdi ki, bu referendum onun hakimiyyətinin ömrünü uzatmaq üçün keçirilmir. Deyirdi ki, onun qətiyyən belə məqsədi yoxdur və referendum Ermənistanda demokratiya üçün keçirilir. Açıq deyib ki, nə baş nazir, nə parlament sədri, nə də prezident olacaq. Mən çox istəyirəm ki, Serj Sarkisyan bu dəfə vədini yerinə yetirsin. Kişi kimi deyibsə ki, olmayacaq, deməli olmasın, sözünə əməl etsin. Yox, o, vəzifədə qalmaqda davam edəcəksə, deməli, xalqı aldadıb”. İndi belə bir mövqenin sərgiləndiyi vaxtda Serj Sarkisyanın və komandasının Qarabağ məsələsində indiki mövqeyini davam etdirib müharibə ehtimalını artırması Ermənistanda ondan olan narazılığı daha da artıra bilər. Belə vəziyyətdə Sarksiyan Qarabağ məsələsinə görə Ermənistanda əlavə təzyiqlərlə üzləşməli olacaq ki, bu da onun hakimiyyətdə qalmaq planlarına əlavə zərbə sayılır.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Qaraba münaqişəsinin dinc müstəvidə həllinin uzanması bu gün Sarksiyan iqtidarı üçün yeni problemləər yol açır. Digər tərəfdən beynəlxalq miqyasda da Ermənistan Qarabağ məsələsinə görə əlavə təzyiqlərlə üzləşir. Hətta Ermənistanın əsas himayədarı olan Rusiya da İrəvanın konkret addımlar atmasını istəyir. Yenidən bu mövzuya toxunan Moskva və bütün Rusiyanın Patriarxı II Kirill Azərbaycan və Ermənistan dini liderləri ilə Moskvadakı görüşündə bilirib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət tərəflər arasında etimad tədbirlərinin gücləndirilməsi üçün tədbirlər işləyib hazırlamağı tələb edir: "Xoş məramımızı və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək istəyimizi yüksək qiymətləndirirəm. Görüşün özü xalqlarımızın hazırlığını, dinlərimizin sülhməramlı potensialını göstərir. Davam edən faciəli münaqişədən kənarda qalmaq çətindir. Hərbi əməliyyatlar nəticəsində insanların ölməsi əzab və acı verir. Bu hadisələr yenidən günahsızları müdafiə etməklə bağlı səsimizi qaldırmağa təşviq edir". Rusiyanın rəsmi şəxslərinin də mövqeyində eyni fikirlərə rast gəlmək mümkündür. Bu da o deməkdir ki, Ermənistana Qarabağ məsələsində həm də xarici təzyiqlər mövcuddur və Sarksiyan iqtidarının buna uzun müddət müqavimət göstərməsi mümkünsüzdür.

Bu arada diqqət yetrilən məqamlardan biri Rusiyanın Azərbaycanı özünə müttəfiq adlandırması və bunun açıq şəkildə bəyan edilməsidir. Hesab edilir ki, Moskvanın belə mövqeyi Qarabağ məsələsinə də mütləq mənada təsir göstərəcək, Kremlin Ermənistana təzyiqlərinin artması ilə müşayiət ediləcək.  Qeyd edək ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Quardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunmasını Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirib. Mariya Zaxarovanın “Quardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunmasına münasibətini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir: “Azərbaycan Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını və bu müttəfiqlikdən doğan öhdəlikləri hər iki tərəfin yerinə yetirməsini istəyir. Azərbaycan buna hazır olduğunu müxtəlif yollara nümayiş etdirir. Ancaq biz sözdə deyil, işdə müttəfiqlik addımlarının Rusiya tərəfindən də atılmasını çox istərdik. Zaxarova Rusiya siyasətinin müəyyən edilməsində böyük fiqur sayılmasa da, onun belə bir fikir səsləndirməsi, ən azından, Rusiya XİN-in mövqeyini əks etdirir. Əgər müttəfiqlik məsələsi gündəmə gətirilirsə, Moskva bundan doğan öhdəlikləri yerinə yetirməlidir. Biz Rusiyadan qanunsuz heç bir şey tələb etmirik, sadəcə söhbət müttəfiqlikdən gedirsə, Azərbaycanın ərazi bütövlüyü məsələsində səmimi addımlarını gözləyirik. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, münaqişənin həllini yubadır. Bu isə müttəfiqlik anlaşıyışna heç cür sığmaz. Biz Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tənzimlənməsində bitərəf arbitr olmasını və Qarabağ məsələsinə beynəlxalq hüquq normaları əsasında yanaşmasını istərdik”.

İndi istisna olunmur ki, Moskva Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha çevik addımlar ataraq həm Azərbaycan-Rusiya münasibətlərinin daha çevik inkişafına nail olacaq, həm də bölgədə mövqelərini möhkəmləndirəcək. Bunun üçün Kremlin İrəvana təzyiqlərini artırması da gözləniləndir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər