20/09/2017 18:48
728 x 90

Prezident Əliyev İslam ölkələrinə Ermənistanla əlaqələri kəsmək çağırışı üçün düzgün zaman seçdi...

“Dövlət başçısı haqlı olaraq bununla bağlı müsəlman ölkələrinə çağırış etdi”

img

Fikrət Sadıqov: “Yaxşı olardı ki, bəzi İslam ölkələri Ermənistanla yaxınlıq etmək əvəzinə, Azərbaycana kömək etsinlər”

 

“Ermənistan müsəlman ölkələri ilə əlaqə yaratmağa çalışır, amma bu sözlərə inanmamalıyıq”. Məlum olduğu kimi, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitində deyib.

O, müsəlman ölkələrinə çağırış edərək Ermənistanla əlaqələri kəsməyi təklif edib: “Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Müqəddəs yerlərimizi məhv edən Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Xatırladım ki, Ermənistan Azərbaycan torpaqlarının 20 %-ni işğal edib. Bir milyondan çox insanımız qaçqın düşüb. Beynəlxalq təşkilatların verdiyi qərarlara məhəl qoymayan Ermənistana sanksiya tətbiq olunmur. Bu artıq ikili standartdır”.

Prezident, həmçinin, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı sammit iştirakçılarının diqqətinə çatdırıb: “Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Erməni vəhşiliyi bu gün də davam edir”.

Prezident İlham Əliyevin Ermənistanla əlaqələrin kəsilməsinə dair müsəlman dövlətlərinə çağırışı çox ciddi taktikanın seçilməsindən xəbər verir. Ümumilikdə bu taktika indiki şərait üçün nə dərəcədə tutarlı taktikadır?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Prezidentin məlum çağırışı uğurli taktiki gedişdir: “Eyni zamanda, mövcud reallıqlara uyğun siyasi gedişdir. Hansı ki, dövlət başçısı haqlı olaraq bununla bağlı müsəlman ölkələrinə çağırış etdi. Çünki sirr deyil ki, bəzi İslam dövlətləri Ermənistanla dostluq etməsələr də, hər halda yaxınlıq edirlər. Ona görə də bu, islam həmrəyliyinə zidd hərəkətdir. Çünki Ermənistanın islama qarşı siyasəti bəllidir. Onlar Azərbaycana, Türkiyəyə və digər müsəlman dövlətlərinə qarşı həmişə çıxış edib. O baxımdan hesab edirəm ki, İslam dövlətləri bunu dərk etməli və bundan nəticə çıxarmalıdırlar. Çünki əks halda İslam dövlətləri arasında münasibətlər mürəkkəbləşə bilər. Yaxşı olardı ki, bəzi İslam ölkələri Ermənistanla yaxınlıq etmək əvəzinə, Azərbaycana kömək etsinlər. İKT ona görə yaranıb ki, müsəlman ölkələri arasında həmrəylik sözdə yox, əməldə olsun. Həmçinin, konkret addımlarda öz əksini tapsın. Ümid edirəm ki, İslam ölkələri bunu eşidəcəklər”.

Vidadi ORDAHALLI 

Son xəbərlər