20/09/2017 18:53
728 x 90

Qarabağ məsələsi ATƏT PA-nın müzakirələrində…

“ATƏT-dən Dağlıq Qarabağ məsələsində daha prinsipial mövqe ortaya qoyması tələb olunur”

img

Arzuxan Əlizadə: “Sözügedən məsələ nə qədər çox beynəlxalq təşkilatın diqqət mərkəzində olsa, bu bir o qədər beynəlxalq ictimaiyyətin münaqişənin həllinə olan marağını artıra bilər”

 

Bu günlərdə Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin ölkəmizdə səfərdə olan qurumun sədri Kristin Muttonen ilə görüşü keçirilib. Görüş zamanı Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verir.

Vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat  verib. Əsas diqqəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişənin nizamlanması məsələsinə yönəldərək, problemin qısa zamanda həlli üçün ATƏT-in əməli addımlar atmasının vacibliyini vurğulayıb. Münaqişənin region üçün təhlükəsindən danışaraq Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini və dinc azərbaycanlı sakinləri qətlə yetirdiklərini bir daha qonağın diqqətinə çatdırıb. Qurumun bu yöndə zəruri addımlar atmalı, Ermənistan tərəfinə ciddi təsirlər göstərməli olduğunu  deyib.

ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ  münaqişəsinin ədalətli  həllinə nail olunması üçün zəruri danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini qeyd edib. O bildirib ki, ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacaq: "Bildiyiniz kimi, ATƏT PA-da təmsil olunan parlamentarilər iclaslarda öz ölkələrinə aid məsələləri müzakirəyə çıxarırlar. Bu baxımdan, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin növbəti sessiyalarda müzakirəyə çıxarılmasını gözləyirik".

Ümumilikdə, ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrin aparılmasına ekspertlər necə yanaşır?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə, prinsipcə, buna müsbət prizmadan yanaşır: “Hər halda, Dağlıq Qarabağ məsələsi ATƏT-in müzakirəsinə çıxarılsa və bu minvalla münaqişə daim diqqət mərkəzində saxlansa yaxşıdır. Düzdür, ümumən götürəndə bu kimi müzakirələr nəticə etibarilə münaqişənin həllinə gətirib çıxarmır. Belə ki, zaman-zaman bənzər müzakirələrin şahidi olmuşuq. Buna baxmayaraq, sözügedən məsələ nə qədər çox beynəlxalq təşkilatın diqqət mərkəzində olsa, bu bir o qədər beynəlxalq ictimaiyyətin münaqişənin həllinə olan marağını artıra bilər. Ən azından, beynəlxalq ictimaiyyət görəcək ki, münaqişənin həll olunmamış qalması təhlükəlidir. Ancaq təəssüf doğuran məqam ondan ibarətdir ki, ATƏT də işğalçı ilə, işğala məruz qalan tərəfə fərq qoymur. Halbuki, sözügedən qurumdan bu məsələdə daha prinsipial mövqe ortaya qoyması tələb olunur. Buna baxmayaraq, biz bütün mümkün vasitələrlə bu məsələni gündəmdə saxlamalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapsın”.

Vidadi ORDAHALLI 

Son xəbərlər