18/10/2017 04:08
728 x 90

ABŞ və Şimali Koreya müharibənin bir addımlığında... Rusiya da ordusunu hazır vəziyyətə gətirdi...

Çin gözlənilən qarşıdurmada hansı mövqedə olacağını açıqladı, ancaq bütün hallarda ABŞ-ın qarşısında olacaq...

img

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya yeni xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, Tramp Birləşmiş Ştatlar hərbi qüvvələrinin döyüşə hazır vəziyyətdə olduğunu, Pxenyan müharibəyə başlayacağı halda əks-zərbəyə məruz qalacağını deyib.

“Şimali Koreya ağılsız hərəkət etsə hərbi variantlar tam gündəmdədir, döyüşə hazır vəziyyətdə. Ümid edirəm ki, Kim Conq Un başqa bir yol tapar" - Tramp Tvitterdə yazıb.

ABŞ prezidenti Şimali Koreya ilə bağlı mövqeyini sərtləşdirərək bəyan edib ki, əgər Pxenyan müharibəyə başlasa, onların başına heç vaxt ağıllarına gətirmədiyi şeylər gələcək. Son xəbərdarlığında Tramp deyib ki, ola bilsin onun əvvəl işlətdiyi “atəş və qəzəb” barədə bəyanatı kifayət qədər sərt olmayıb. Jurnalistlərin "daha sərt nə ola bilər" sualını cavablandıran Tramp deyib: “Siz görəcəksiz... Şimali Koreya özünü yığışdırmalıdır, yoxsa onlar indiyədək çox az millətin üzləşdiyi bəlaya düçar olacaqlar”.

ABŞ müdafiə naziri Ceyms Mattis də Şimali Koreyanın təhdidlərinə qarşı "Biz hazırıq" mesajını verib. Mattis jurnalistlərin ABŞ-ın hansı variantları hazırladığına dair sualına isə "Nə edəcəyimizi düşmənə açıqlamayacağam" cavabını verib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Şimali Koreyanın nüvə silahlarına sahib bir ölkə olmasını qəbul etmədiklərini deyib. "Şimali Koreya, nüvə silahlarının yayılmamasına dair müqavilə imzalamışdı, ancaq sonra bu anlaşmadan imtina etdi. Bu gün isə Pxenyan, nüvə silahı istehsal etmək üçün bütün qanuni hüquqlara sahib olduğunu iddia edir. Ancaq Rusiyanın mövqeyini bilirsiniz. Biz, nüvə silahına sahib bir Şimali Koreyanı qəbul etmirik" – deyə Rusiya XİN başçısı bildirib.

Lavrov, ABŞ və Şimali Koreya arasındakı gərginliyin böyük bir müharibəyə çevrilmə ehtimalının çox yüksək olduğunu da ifadə edib.

Artıq Şimali Koreya ilə ABŞ-ın ola biləcək qarşıdurma ehtimalına qarşı Rusiya ordusu hazır vəziyyətə gətirilib. Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Ozerov, Şimali Koreyanın son raket sınaqları ilə bölgədəki gərginliyin yüksəlməsinə görə, Rusiya ordusunun ölkənin uzaq şərq bölgəsindəki havadan müdafiə sistemlərini gücləndirdiyini deyib.

Uzaq şərq bölgəsindəki hərbi hava sistemlərinin həyəcan vəziyyətinə gətirlidiyini deyən rusiyalı senator daha sonra bildirib: "Şimali Koreya və ətrafında baş verən bütün prosesləri izləyirik. Şimali Koreyaya aid raketlərin atıla biləcəyi bölgələri daha çox nəzarətdə saxlayırıq".

Bu arada, Çin də yarımadadakı gərginliklə bağlı hansı mövqedə dayanacağını acıqlayıb. Məhz Trampın xəbərdarlığı da Çinin Pxenyan ilk atəş açacağı təqdirdə ABŞ-ın hücumuna məruz qalarsa, Şimali Koreyaya kömək etməyəcəyi barədə bəyanatından sonraya təsadüf edir.

Çinin xəbərdarlığı Kommunist Partiyasının rəsmi orqanı “Global Times"da dərc olunub. Qəzet yazır ki, Şimali Koreya ilk zərbəni endirdiyi halda Pekin neytral qalacaq, yəni onları müdafiə etməyəcək: "Əgər ilk olaraq Şimali Koreya, ballistik raketlərlə ABŞ ərazisini hədəf alarsa və Vaşinqton da buna buna cavab olaraq onlara hücum etsə, Pekin rəhbərliyi neytral qalacaq. Əgər ABŞ və Cənubi Koreya, ilk atəş açan tərəf olursa və Şimali Koreya rejimini devirmək və Koreya Yarımadasında siyasi durumu dəyişmək üçün zərbələr endirsələr o zaman Çin, buna icazə verməyəcək"

Qeyd edək ki, Avstraliya baş naziri Malkolm Turnbullun da, Şimali Koreya hücuma başlayacağı halda ABŞ-ın yanında yer alacağını bəyan edib. Onun bu açıqlamasından sonra Yeni Zelandiya baş naziri İnqliş, Şimali Koreyaya qarşı bir hərbi əməliyyata dəstək verməklə bağlı daxildə müzakirə aparıb qərar verəcəklərini deyib. İnqlişin fikrincə, gərginliyin sülh yolu ilə həlli üçün ABŞ, Çin və Rusiya Şimali Koreya lideri Kim Conq Una təzyiq etməlidir.

Qeyd edək ki, Şimali Koreya və ABŞ arasında hərbi münaqişə risqi Pxenyanın ABŞ-ın Sakit okeandakı ərazisi olan Quam adasına raket hücumu endirmək planlarını nəzərdən keçirdiyini bildirməsindən sonra artıb. Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Conq Una “Huasonq-12” raketlərini 3,300 kilometr cənubda yerləşən Quam adasına Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər. Plana görə, dörd raket atıldıqdan 17 dəqiqə 45 saniyə sonra Quam adasına düşəcək.

Ekspertlərin fikrincə, ABŞ-ın Şimali Koreyaya qarşı hətta məhdud hücumu Pxeynanın cavab hücumlarına və bunun nəticəsi olaraq geniş miqyasda nüvə müharibəsinə yol aça bilər.

Ən yaxşı halda, ABŞ-ın nüvə obyektinə qarşı preventiv raket hücumu Şimali Koreyanın nüvə qabiliyyətini ciddi şəkildə azaltmasa da, ölkənin lideri Kim Conq Unu qələbə çalması mümkün olmayan müharibə risqi əvəzinə dialoq aparmağa vadar edə bilər.

Koreya müdafiə şəbəkəsinin eksperti Şin İn-Kyun bildirir ki, Kim Conq Un təmkin göstərsə və ABŞ-la Çin və Rusiya vasitəsilə danışıqlar yolu ilə çıxış strategiyasına üz tutsa canını qurtara bilər. Bununla belə, Şimali Koreyanın nüvə təhlükəsini aradan qaldırmaq üçün hərbi aksiyaya bəraət qazandırılmasının əsasında Pxenyanın aqressiv rəhbərliyinin təmkin göstərməyə qadir olmaması fikri durur.  Şimal-şərqi Asiya üzrə təhlilçi Brüs Klinger deyir ki, Kim Conq Unun dəlisov olub hücum edə bilməsi və ABŞ-ın hücumuna cavab verməmək qədər rasional düşünə bilməsi kimi fikirlər bir-birinə uyğun deyil.

Şimali Koreya Birləşmiş Ştatlara hər hansı hərbi aksiyaya nüvə silahları ilə cavab verəcəyi haqda xəbərdarlıq edib. Lakin hərbi stateqlər bildirir ki, məhdud qaydada hərbi hücum Şimali Koreyanın Cənubi Koreyaya qarşı artilleriya və kimyəvi hücumlarına gətirib çıxara bilər. Bu isə Koreya yarımadasının militarizasiyası və orada ABŞ-ın 28 min nəfərdən ibarət əsgəri qüvvəsinin döyüşlərə cəlb olunması ilə nəticələnə bilər. Digər tərəfdən Şimali Koreya hücumun ilk saatı ərzində 300 min artilleriya atəşi atmaq qabiliyyətinə malikdir. Belə bir hücumun Seulun 10 milyonluq əhalisi də daxil olmaqla, Cənubi Koreya əhalisinin yarısına təsiri ola bilər.

Şimali Koreyanın bütün raket və nüvə obyektlərinə genişmiqyaslı hücum ehtimalı zamanı isə gözlənilməz hallar və ölkəyə tam müdaxilə nəzərdə tutulmalıdır. Şimal-şərqi Asiya üzrə təhlilçi Brüs Klingerin fikrincə Şimali Koreyanın bütün raket və nüvə obyektlərinin məhv edildiyinə əmin olmaq üçün Şimali Koreya rejiminin süqutu nəzərdə tutulmalıdır.

Nəhayət hərbi strateqlər deyir ki, ABŞ hərbi qüvvələri Şimali Koreyaya qarşı müharibədə qələbə qazana bilər, lakin bu, regionda dağıntılar və milyonlarla insanın ölümü hesabına başa gələ bilər. Bununla yanaşı, Çinin də müttəfiqi olan Şimali Koreayaya dəstək məqsədilə hərbi əməliyyatlara daxil olub, onsuz da qanlı münaqişəni qızışdıra biləcəyi ehtimalı da istisna edilməməlidir.

Tahir TAĞIYEV

Son xəbərlər