27/04/2017 13:07
728 x 90

MŞ-nın İslam Həmrəyliyi konfransında dünya rəsmilərinə maraqlı mesajlar verildi - FOTO

Bəhruz Həsənov: “Bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur”

img

Bu gün Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə 2017-ci il - "İslam Həmrəyliyi ili” və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Azərbaycanın "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşdığını bildirib: "2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilib. Azərbaycanda İslam dəyərləri geniş yayılıb. Əsrlər boyu Azərbaycanda multikultural düşüncə tərzi hakim olub".

PA rəsmisi qeyd edib ki, Azərbaycanda məzhəblər arasında təfriqə salmaq istəyən qüvvələr buna nail ola bilməyiblər: “Bu cür halların Azərbaycanda olması mümkün də deyil. Bəzən eyni dinin ayrı-ayrı məzhəblərinin düşmənçilik etdiklərini görürük. Amma Azərbaycanda bu cür hallar baş vermir. Ölkəmiz bu sahədə bütün dünyaya nümunədir. İslam dünyasının bu amilə ehtiyacı var".

O, bəzi qüvvələrin İslam dinini terrorçuluqla eyniləşdirməyə çalışdığını bildirib: "Buna görə də bu gün İslam dünyasının həmrəyliyə ehtiyacı var. Azərbaycan müstəqil olduqdan sonra dini sahəyə diqqət və qayğı artıb. Bu müddət ərzində xeyli məscid tikilib, bərpa olunub. Yəni dövlət tərəfindən hər bir şərait yaradılıb. Birmənalı şəkildə demək olar ki, Azəbaycan İslam ənənələrinin qorunduğu ölkələrdən biridir. Ölkəmiz İslam ölkələri ilə eyni mövqedən çıxış edir".

“Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Azərbaycanın 20 faiz torpağı işğal olunub, bir milyondan çox qaçqınımız var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır. Səudiyyə Ərəbistanı, Pakistan Ermənistanı dövlət kimi tanımır. Türkiyə Ermənistanı tanısa da, onunla heç bir əlaqəsi yoxdur. Lakin bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur, əməkdaşlıq etməyə cəhd edirlər. Bu isə islam həmrəyliyinə ziddir”.

APA-nın xəbərinə görə, bunu da B.Həsənov konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ləngidən amillərdən biridir: “İşğalçı ilə əməkdaşlıq etmək bir növ işğala haqq qazandırmaq deməkdir”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının işıqlandırılması üçün 100-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan XİN-ə müraciət edib, onların əksəriyyəti akkreditasiyadan keçirilib.

H.Hacıyev bildirib ki, XİN IV İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür: "Burada əsas iş viza məsələsidir. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşlər ölkəyə vizasız gələ biləcəklər".

XİN sözçüsü qeyd edib ki, bu il Azərbaycanın İslam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur: “Müstəqillik əldə etdkdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı, bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmənalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələrin göstəricisidir”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycanın bu cür Oyunları təşkil etmək təcrübəsi var: “Birinci Avropa Oyunlarının keçirilməsi bir sınaq idi, Azərbaycan bu sınaqdan uğurla çıxdı. Qarşıda Bakı-2017 İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bu, Prezdent İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da diqqət mərkəzindədir. Azərbaycan bu Oyunlara hazırdır".

Son xəbərlər