"Həmin problemi yaradanların çoxu qapılarını miqrantların üzünə bağlamış oldu"

Həsən Natiqoğlu: "Ölkələrin daxili işinə müdaxilələr miqrant böhranı və radikallaşmaya səbəb olursa, məsələnin həllinə başdan yanaşmalıyıq"
Prezident İlham Əliyev "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib ki, hər bir beynəlxalq forum vacibdir və dünyada qəbul olunacaq bütün qərarlar bu cür forumlarda müzakirə olunan mövzulardan asılıdır.
İlham Əliyev qeyd edib ki, münaqişələr, miqrant böhranı mövcuddur və bütün bunlar böyük humanitar faciədir: "Miqrant böhranı, mən deyərdim ki, dünyanın müxtəlif hissələri arasında qarşılıqlı anlaşmanın azalmasına gətirib çıxarır. Bu, miqrantların üz tutduğu ölkələrin sakinləri üçün müəyyən narahatlıq yaradır".
Dövlət başçısı deyib ki, bu proses baş verənlərin nəticəsidir, çünki bu böhranın real səbəbi ölkələrin daxili işlərinə xarici siyasi və hərbi müdaxilələrdir.
Azərbaycan Prezidenti bildirib ki, miqrasiya böhranı beş-on il əvvəl yox, bu yaxınlarda baş verib: "Beləliklə, mən deyərdim ki, bu, Yaxın Şərq ölkələrinə münasibətdə aparılan düşünülməmiş siyasətin nəticəsidir. Bu isə, öz növbəsində, miqrantların getdiyi ölkələrdə cəmiyyətlərin radikallaşmasına gətirib çıxarır".
Prezident təəssüflə qeyd edib ki, seçki kampaniyalarında diqqəti ən çox cəlb edən şüarlar millətçiliyə və antimiqrant əhval-ruhiyyəyə çox yaxın olan şüarlardır: "Son aylarda və illərdə biz bunun şahidi olmuşuq və bu, tendensiyaya çevrilib. Hesab edirəm ki, qlobal gündəlikdə dayanan ən vacib məsələlərdən biri bu tendensiyanı əksinə çevirməkdir, uzaqlaşma, siyasi qarşıdurmaya və sivilizasiyaların dialoqunun olmamasına deyil, daha çox əməkdaşlığa, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə yönəlməkdir".
Ölkə başçısının miqrant böhranı ilə bağlı səsləndirdiyi fikirlər barədə ekspertlər nə düşünür?
Miqrasiya məsələləri üzrə ekspert Həsən Natiqoğlu qəzetimizə bildirdi ki, ölkə başçısı məsələyə olduqca konseptual yanaşıb: "Bəli, birinci miqrant böhranının yaranma səbəblərini, sonra isə onun ölkələr üçün gətirdiyi fəsadları göstərmək lazımdır. Son dövr üçün ən çox miqrant problemi Yaxın Şərqdə gedən qarşıdurmalardan sonra yarandı. Həmin region hər zaman böyük güclərin marağında olub. Bu gün də orada nüfuz savaşı gedir. Edilən müdaxilələr müharibəyə səbəb olur. Müharibə olan yerdə də mütləq köç, dağıntı, ölüm-itim labüddür. Ancaq gəlin görək, həmin supergüclər problemi yaradandan sonra onun həlli ilə maraqlanırmı? Bildiyimiz kimi, həmin problemi yaradanların çoxu qapılarını miqrantların üzünə bağlamış oldu. Əsas kimi də miqrantların müasir cəmiyyətlərə inteqrasiya edə bilməməsini göstərdilər. Bəli, biz Avropanın bəzi ölkələrində məhz miqrantlar tərəfindən terror aktlarının törədilməsinin şahidi olmuşuq. Ancaq problemi doğuran səbəbi analiz etməliyik. Ölkələrin daxili işinə müdaxilələr miqrant böhranı və radikallaşmaya səbəb olursa, məsələnin həllinə başdan yanaşmalıyıq".
Məhəmmədəli QƏRİBLİ