
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin dalana dirənməsi konfliktin hərbi müstəvidə çözülmə ehtimalını artırır. İndi əksər beynəlxalq ekspertlər bu qənaətdədir ki, cari ilin yazında konflikt yenidən əsgəri səpkidə alovlana bilər.
Bunun əsas səbəbi də Ermənistanın münaqişənin dinc yolla həllindən qaçmasıdır. Beynəlxalq Böhran Qrupu (BBQ) da bəyan edir ki, bu vəziyyətdə diplomatik cəhdlər olmasa, Qarabağda döyüşlərin qızışması qaçılmaz olacaq. Azərbaycan isə bəyan edir ki, döyüşlərdən qaçmaq üçün Qarabağda status-kvonun dəyişməsi vacib şərtdir. Bunu Prezident İlham Əliyev Qlobal Bakı Forumunun açılışında bir daha diqqətə çatdırıb: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb. Bu, ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında da təsdiqini tapıb. Ermənistan Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayət törədib, torpaqlarımızı işğal edib. Azərbaycanın əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız torpaqlarına qayıtmalıdır. Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir. Biz münaqişəni həll etmək, Ermənistan isə status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri dəfələrlə bəyan ediblər ki, status-kvo dəyişməlidir".
Status-kvonun dəyişməməsi isə, yuxarıda qeyd olunduğu kimi, müharibəni qaçılmaz edir və əslində, bunu Ermənistanda da yaxşı bilirlər. Məhz belə vəziyyətdə Ermənistan Rusiyanın yardımı ilə Azərbaycanın hərbi əməliyyatlara başlmasının qarşısını almağı düşünür. Lakin Rusiya artıq Ermənistana bu zəmanəti vermir. Ermənistanın "168 jam" qəzeti prezident Serj Sarkisyanın Moskva səfəri fonunda bu xüsusda maraqlı məlumatlar yayıb: "Sarkisyanın Rusiyaya səfərinin məqsədi Moskvadan Azərbaycan Ordusunun əraziləri geri qaytarmaq üçün hərəkətə keçməyəcəyinə zəmanət almaq idi".
Qəzet qeyd edir ki, Moskva Ermənistana belə bir zəmanət verə bilmir: "Sarkisyan-Putin görüşündə Qarabağ danışıqları həmişəki kimi ümumi bəyanatlarla müşahidə olundu. Əslində, Ermənistana Azərbaycan ordusunun hərəkətə keçməyəcəyi ilə bağlı zəmanət lazımdır. Lakin Moskva belə bir zəmanəti verə bilmir". Xatırladaq ki, Sarkisyanla görüşündə də prezident Vladimir Putin Qarabağ haqqında sadəcə ümumi fikirlər səsləndirib: "Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq. Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və İrəvanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir". Beləliklə, Putin Qarabağ haqqında Ermənistanın istədiyi fikirləri səsləndirməyib. Bu durumda Ermənistan üçün yeganə çıxış yolu müharibədən qaçmaq üçün kompromislərə getməkdir. Erməni politoloq Stepan Qriqoryan Serj Sarkisyanın Moskva səfərini şərh edərkən bu xüsusda bildirir: "Seçkidən sonra Qarabağla bağlı güzəşt məsələsi qaçılmazdır". Onun sözlərinə görə, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat Rusiyanın Ermənistanın hazırkı hakimiyyətini dəstəklədiyini göstərir: "Məqsəd hakimiyyətin aprelin 2-də keçiriləcək parlament seçkilərində qalib gəlməsini təmin etməkdir. Hesab edirəm ki, Rusiya indi hələlik Ermənistanın daxili siyasətinə qarışmayacaq. Çünki Ermənistanda istənilən hakimiyyət Moskva ilə işləyəcək. Lakin birgə bəyanatdan belə nəticə çıxarmaq olar ki, Rusiyanın dəstəyi seçkilərin gedişatında problemlərlə qarşılaşan hakimiyyətə lazımdır. Amma təkcə Moskvanın yox, Brüsselin də dəstəyi lazımdır. Sarkisyan səfərləri ilə göstərmək istəyir ki, Rusiya, Avropa Birliyi və NATO onu dəstəkləyir".
Stepan Qriqoryan qeyd edib ki, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat Rusiyanın mövqeyini əks etdirmir: "Bunu bütün məsuliyyətlə deyə bilərəm. Misal üçün, Rusiya ATƏT-in Minsk Qrupu formatını əhəmiyyətli hesab etdiyi kimi, üçtərəfli formatı - Rusiya, Ermənistan və Azərbaycanı da dəyərləndirir. Hakimiyyət seçkilər zamanı o arqumentdən istifadə edəcək ki, Rusiya "bizim istəyimizi deyir". Sarkisyan Moskvada vəziyyətin ciddi olduğunu deyib. Mən gözləyirdim ki, hakimiyyət bu dəfə Rusiyaya nəsə güzəştə gedəcək. Lakin bu olmadı. Bu o deməkdir ki, hər şey razılaşdırılıb. Moskva Ermənistanda hakimiyyətə qarşı hay-küy olmaması üçün İrəvandan heç nə tələb etmədi. Gözləməliyik ki, seçkilərdən sonra hansı güzəştlər olacaq. Bu həm Rusiyanın istəyi, həm də Qarabağla bağlı ola bilər. Seçkidən sonra ciddi proseslər olacaq". Beləliklə, real vəziyyət göstərir ki, Ermənistan Qarabağ məsələsində təklənir. İndi düşmən tərəf bundan nəticə çıxarmasa, status-kvonun dəyişməsi istiqamətində addım atmasa, müharibə qaçılmaz olacaq.
Tahir TAĞIYEV