"Ollandın dövründə Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı siyasət çox normal olub"

Mübariz Əhmədoğlu: "Fransa Avropa Birliyinin siyasətini müəyyənləşdirən qüdrətli dövlətlərdən biridir"
Fransa prezidenti Fransua Olland İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və ölkəmizi əhatə edən Dağlıq Qarabağ problemilə bağlı önəmli fikirlər səsləndirib.
Fransua Olland danışıqların yenidən bərpa olunmasının əhəmiyyətini qeyd edib: "Minsk Qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik".
Fransua Olland Azərbaycanla Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələrin olduğunu qeyd edib: "Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq".
Olland bəyanatında Azərbaycanla Avropa İttifaqı arasındakı danışıqların başlanmasına da toxunub: "Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir".
Göründüyü kimi, Fransa Azərbaycanın Avropa Birliyilə münasibətlərində yeni mərhələnin açılmasına önəm verdiyini bəyan edib. Fransanın bu mövzuya xüsusi diqqət göstərməsinin səbəbi nə ilə bağlıdır?
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Fransanın Azərbaycana münasibətində ciddi dəyişiklik hiss edilir: "Artıq faktdır ki, Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində Fransa ermənipərəst mövqeyindən çəkilib. Fransua Ollandın prezidentliyi dövründə Azərbaycanla münasibətlər yeni keyfiyyət mərhələsinə qaldırıldı. Eyni zamanda bu işdə birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu var. Mehriban xanım parlamentdə Azərbaycan-Fransa Dostluq Qrupuna rəhbərlik edib, Fransa ilə əlaqələri parlament, ictimaiyyət səviyyəsində Mehriban xanım həyata keçirib. Ona görə də iki istiqamətdə aparılan iş real effekt verib və bu gün Fransa əvvəlki mövqeyində qalmır, Azərbaycanla münasibətlərə ciddi önəm verir.
Ollandın dövründə Fransada qondarma "erməni soyqırımının" kriminallaşması ilə bağlı qəbul edilən qərar heçə endirildi.
Olland 2014-cü ildə Parisdə Dağlıq Qarabağa dair prezidentlərin üçtərəfli formatda görüşünü təşkil etdi. Bu görüş çox yüksək səviyyədə həyata keçirildi. Paris görüşündə itkin düşənlərin siyahısının dəqiqləşməsi məsələsi razılaşdırıldı və bu, birgə bəyanatda da qeyd edildi. Bir sözlə, Ollandın dövründə Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı siyasət çox normal olub. Fransa Avropa Birliyinin siyasətini müəyyənləşdirən qüdrətli dövlətlərdən biridi. Bu səbəbdən də, onlar Azərbaycanın Fransa ilə olduğu kimi, ümumilikdə Avropa Birliyilə də münasibətlərinin normal məcrada davamına önəm verirlər".
Məhəmmədəli QƏRİBLİ