19/11/2018 16:16
728 x 90

ABŞ, BMT, Fransa və İrandan Qarabağda toqquşmalarla bağlı açıqlama…

Kerri Qarabağda atəşkəsin pozulmasını qətiyyətlə pisləyib

img

ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. "Münaqişənin hərbi yolla həlli yoxdur”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

"ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, - deyə Kerri qeyd edb.

"Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq… Biz bir daha təkrarlayırıq - münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, - deyə Kerri əlavə edib.


BMT baş katibi atəşkəs rejiminə tam əməl etməyə çağırdı

BMT baş katibi Pan Qi Mun Dağlıq Qarabağda toqquşmalar zamanı ağır silahlardan istifadə olunmasından və çoxlu sayda qurbanların olmasından dərin narahatlığını bildirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT mətbuat xidmətinin bəyanatına əsasən, baş katib bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb.

Pan Qi Mun bununla əlaqədar BMT Minsk Qrupunu və münaqişənin nizamlanması üzərində çalışan bütün tərəfləri tam dəstəklədiyini təsdiqləyib.


Fransua Olland bəyanat yaydı

"Dağlıq Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etmək mümkündür”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Minsk Qrupunun üç həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Fransua Olland bildirib.

"Prezident Dağlıq Qarabağda, təmas xəttinin yaxınlığında dinc əhali arasında da itkilərlə nəticələnən ciddi insidentlərdən dərindən təəssüflənir”, - deyə məlumatda bildirilir.

Olland bütün tərəfləri təmkinliyə və atəşkəs rejiminə əməl etməyə çağırıb.

"Danışıqlara alternativ yol yoxdur. 2014-cü ilin oktyabrında Parisdə Azərbaycan və Ermənistan prezidentlərini qəbul etmiş prezident Olland münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasına sadiqliyini təsdiqləyib”, - deyə Olland administrasiyasının bəyanatında bildirilir.


İrandan Azərbaycanın ərazi bütövlüyünə dəstək…

Azərbaycan və Ermənistan qoşunları arasında baş vermiş toqquşma region ölkələrinin xeyrinə deyil. Bunu APA-nın İran bürosuna açıqlamasında İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibi deyib. O bildirib ki, bu münaqişə olduqca həssas bir məsələdir: "Bu müharibə odununun ikinci dəfə alovlanması regionda və Qafqazdakı heç bir ölkənin xeyrinə deyil. Münaqişə Azərbaycan respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu gün baş verən gərgin qanlı döyüşlər bizi də narahat edir. İran dövləti 20 ildən artıqdır ki, bu iki qonşu ölkə arasında sülhün bərpasına çalışır.

Qarşıdurmanın daha da gərginləşməməsi üçün hər iki qonşu ölkəni sülhə və sabitliyə dəvət edirik”.

Eləcə də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsarinin bəyanat yayıb. "Hər iki qonşu ölkəni səbrli və təmkinli olmağa dəvət edirik. Bu həssas anlarda düşünülməmiş atılan hər bir addım vəziyyəti daha da çətinləşdirə bilər. Onsuz da regionda müharibə alovunu alışdırmaq istəyənlər çoxdur. Biz Qarabağ barədə aldığımız xəbərlərdən son dərəcə narahat olduq. Ümid edirik ki hər iki ölkə yaranmış münaqişəni Birləşmiş Millətlər Təşkilatı səviyyəsində və danışıqlar vasitəsilə həll edəcəklər. Bununla da orada sülh və sabitlik hakim olacaq”, - deyə bəyanatda bildirilir.

Son xəbərlər