Dünya “Boeing”dən imtina edir, Azərbaycanın 10 təyyarəyə müqaviləsi var, ekspert gözləməyi tövsiyə edir...

14 Mart 2019 18:15 (UTC+04:00)

Fikrət Yusifov: “Tələsik hansısa qərar vermək doğru olmaz”

 

Məlum olduğu kimi, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. “Boeing 737 Max” təyyarəsinin insan ölümünə səbəb olduğu son beş ayda ikinci qəzasıdır. Bundan əvvəl oktyabr ayında İndoneziya hava şirkətinə məxsus bu təyyarə modelinin qəzaya uğraması nəticəsində 189 nəfər həlak olub.

Efiopiyada baş verən qəzadan sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar. Belə ki, Efiopiya başda olmaqla Çin, Cənubi Koreya, Malaziya, Böyük Britaniya, İndoneziya və Sinqapur da “Boeing” təyyarələrindən istifadəni dayandırıblar. Bu arada ABŞ-da da “Boeing 737 MAX 8” və “MAX 9” tipli sərnişin təyyarələrinin uçuşları dayandırılıb. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, hazırda havada olan təyyarələrin istismarı yerə endikdən sonra dayandırılacaq.

Maraqlıdır ki, dünyanın bir sıra ölkələri sözügedən hava nəqliyyatından imtina etdiyi halda, Azərbaycan bir neçə “Boeing” təyyarəsini almaq istəyir. Azərbaycan Hava Yolları Şirkətinin prezidenti Cahangir Əsgərov yeni təyyarələrin alınacağını deyib: “Bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində, ümumilikdə, 10 ədəd “Boeing 737 MAX 8” tipli təyyərə gətiriləcək".

Onun sözlərinə görə, "Boeing 737 MAX 8” təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL “Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır: “Boeing 737 MAX 8” hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.

Cənab Əsgərov onu da qeyd edib ki, yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar Azərbaycana çatdırılma zamanı tamamilə aradan qaldırılacaq.

Maraqlıdır, sözügedən təyyarələrlə bağlı yaranan hazırkı vəziyyətdə Azərbaycan nə etməlidir? Azərbaycan da analoji addımlar atmalıdır, yoxsa həmin təyyarələrin yoxlanılmasına nəzarəti gücləndirməlidir?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, "Boeing” təyyarələrinin alınması ilə bağlı Azərbaycan gözləmə mövqeyi tutsa, daha məqsədəuyğun olar: “Son beş ayda 2 "Boeing” təyyarəsinin qəzaya uğraması bir sıra ölkələrin bundan imtina etməsinə gətirib çıxardı. Ən son məlumatlara görə, 30-dan çox ölkə bu təyyarələrdən imtina edib. Baxmayaraq ki, "Boeing” şirkəti ABŞ-ın ən böyük ixracatçı şirkətlərindən biridir. Hətta ABŞ belə bu təyyarələrdən istifadəyə məhdudiyyət qoyub. Verilən ilkin məlumatlar onu göstərir ki, bu təyyarələrin proqram təminatında problemlər var. Ötən ilin oktyabrında baş verən qəzadan sonra proqram təminatında müəyyən düzəlişlər edilsə də, növbəti hadisə göstərdi ki, problem axıra qədər həll edilməyib. Ona görə də "Boeing” şirkəti hardasa 300 təyyarəni geri çağırmaqda qərarlıdır. Bu da hardasa şirkətə 5 milyard dollara başa gələcək. Ancaq başqa variant yoxdur. Azərbaycana gəldikdə isə, hesab edirəm ki, ölkəmiz gözləmə mövqeyində qalmalıdır. Çünki "Boeing” şirkəti təyyarələri geri çağırıb problemi həll edəndən sonra öz sözünü deyəcək. Etiraf edəcək ki, problem haradan qaynaqlanır. Ondan sonra Azərbaycan öz sözünü deməlidir. Nəzərə almaq lazımdır ki, dünyanın ən böyük təyyarə ixrac edən şirkətlərindən biri “Boeing”dir. O üzdən, tələsik hansısa qərar vermək doğru olmaz”.

Vidadi ORDAHALLI