Format tərsliyinə görə yeni “aprel müharibəsi” qorxusu Ermənistanı bürüyür…

14 Mart 2019 18:49 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi qarşısında Ermənistan artıq geri çəkilməkdən başqa çıxış yolu olmadığını getdikcə daha aydın surətdə dərk edir. Bu məqam münaqişənin dinc müstvidə həlli istiqamətində Ermənistanın yaratmaq istədiyi maneələrə təşkil edilən güclü müqavimət fonunda özünü daha aydın büruzə verdi. Belə ki, İrəvanın danışıqlar formatını dəyişmək cəhdləri birmənalı şəkildə iflasa uğradı.

Məsələyə növbəti dəfə münasibət bildirən Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı ki, İrəvanın bu istiqamətdə addımları qəbuledilməzdir. Dövlət başçısı bildirib ki, status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır: “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu bəyan edirlər”. İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Ermənistanda hesab edirlər ki, Nikol Paşinyan iqtidarı bunlardan ciddi nəticə çıxarmalıdır, əks-təqdirdə Ermənistanı silkələyəcək savaşın başlanması qaçılmaz sayılır. Erməni politoloq Qrant Məlik-Şahnazaryan bununla bağlı bildirir: “İrəvanın atdığı addımlar səbəbindən Azərbaycan və Ermənistan arasında müharibə hazırlığı son mərhələdədir”. Şahnazaryanın fikrincə, Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakında israr etsə, savaş istənilən an başlana bilər: “Bakıda Paşinyanın niyyətini əla anlayırlar. Paşinyan bu hərəkəti ilə öz nüfuzunu yüksəltməyə çalışır. Lakin onun davranışları Qarabağda müharibəyə aparır. Baş verənlər müharibənin başlanması üçün siyasi tarazlığın yarandığını və hazırlıq işlərinin son mərhələsinə daxil olunduğunu göstərir”. Digər erməni politoloq Aleksandr İskəndəryan da hesab edir ki, Paşinyanın bu qəbul edilməyən mövqeyi üzündən Qarabağda 2016-cı ilin “aprel müharibəsi” ssenarisinin təkrar olunması istisna deyil: “Genişmiqyaslı müharibə bəlkə də olmayacaq, çünki bu, dağıdıcı nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, münaqişəni müharibə ssenarisi ilə həll etmək çətindir. Çünki regionda müxtəlif güclərin maraqları var. Lakin “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını istisna etmirəm”.

Ermənistanın keçmiş iqtidar partiyası Respublikaçıların sədr müavini Armen Aşotyan da bildirib ki, “aprel müharibəsi”nin təkrarlanması tamamilə gözləniləndir: “Paşinyan Qarabağda ilk dəfə faktiki olaraq keçmiş hakimiyyət, yəni Serj Sarkisyan və Edvard Nalbandyan tərəfindən aparılan əsas prinsiplər danışıqlarına istinad edib və bundan imtina etməyib. Lakin belə vəziyyət bizi savaşa aparır. Əgər sülhün son formasının necə olacağını cəmiyyət bilmirsə, onu sülhə hazırlamaq mümkün deyil. Ermənistan şərti aprel-2 hərbi əməliyyatlarının bərpasına hazır olmalıdır”.

Rus ekspert Modest Kolerov da İrəvanın atdığı addımlardan geri çəkilməməsinin savaşı tətiklədiyini etiraf edir: “ATƏT-in Minsk Qrupu ilk dəfə keçmiş iqtidarın da daxil olduğu Ermənistan hakimiyyətinin indiyədək danışıqlar apardığı “Madrid prinsipləri” haqqında bəyanat verib. Minsk Qrupu yeni bir şey elan etməyib. Yeni olan Minsk Qrupunun bu barədə bəyanat verməsidir. Bu, indiyədək məxfi olan bu prinsiplərin indi rəsmi olaraq tərəflərə təklif edildiyi mənasına gəlir. Bu rəsmi sənəd uzun zaman Ermənistanın keçmiş hakimiyyəti, o cümlədən onlara da məlum olan indiki hakimiyyəti ilə birlikdə gizli saxlanırdı”. Onun sözlərinə görə, bu prinsiplər əsasında danışıqlar aparılması Ermənistan və qondarma quruma, həmçinin Ermənistanın maraqlarına əlverişli deyil. Lakin İrəvanın bundan qaçması Azərbaycanın ərazilərini azad etməsi üçün savaşa başlamasına da rəvac verir: “2016-cı il aprel döyüşləri danışıqlar prosesi dayandırılmadan başlamışdı. Yəni danışıqlar prosesinin varlığı hərbi əməliyyatların başlamayacağına zəmanət vermir. Ermənistanı müharibədən xilas edən, qoruyan yeganə amil ordudur. Amma bu ordu indi Azərbaycan qarşısında zəifdir və bunu Bakıda da yaxşı bilirlər”.

Digər rus ekspert İqor Korotçenko isə vurğulayır ki, həqiqətən də İrəvanın Bakının gücündən nəticə çıxarması çox önəmlidir. O vurğulayır ki, son illərdə Azərbaycan hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu, ilk növbədə ordunun müasir hərbi texnika, radio-elektron mübarizə vasitələri, pilotsuz uçuş aparatları, bir sözlə, müasir ordunun görünüşünü müəyyən edən bütün komplekslərlə təmin olunması ilə izah edilir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin bu gün etdiyi böyük hərbi manevrlər ölkənin milli maraqlarını müdafiə etməyə hazır olduğunu bir daha nümayiş etdirmək, mövcud təhdid altında silahlı qüvvələrin hərəkətlərini uyğunlaşdırmaq, Azərbaycan Silahlı Qüvvələrinin postsovet məkanında ən yaxşı ordulardan biri kimi yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləmək üçün nəzərdə tutulub.

Beynəlxalq münaqişələr üzrə digər rus ekspert Yevgeni Mixaylov da bu ordunun İrəvan üçün çox açıq mesajlar verdyini vurğulayır. O, bu mənada  Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsinin təəccüblü hal olmadığını qeyd edib: “Bu təlimlər ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin effektivliyini, döyüş qabiliyyətini göstərmək, bütün hissələrin qarşılıqlı fəaliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Bu hərbi manevrlərin bir sıra ekspertlərin fikrincə hücum təlimləri kimi görünməsi məsələsi isə təəccüblü deyil. Şəxsən mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında danışıqlar dövrü başa çatır. Söhbət sülh danışıqlarından gedir. İrəvan bu baxımdan çox gərgindir, çünki hazırda Azərbaycanın bu qədər güclü olması və “yazıq” Ermənistana hücum etmək istəməsindən narahatdır. İrəvanın hətta qısa hərbi toqquşmalar şəraitində belə işğal edilmiş əraziləri saxlamaq şansı yoxdur. Azərbaycan sadəcə bir neçə gün ərzində ərazilərini hərb yolu ilə qaytarmağa qadirdir”.

Digər rus analitik və tarixçi Oleq Kuznetsov da eyni mövqedən çıxış edərək bildirir ki, İrəvanın son gedişləri Bakıya savaşdan başqa çıxış yolu qoymur. O, Ermənistan Təhlükəsizlik Şurasının iclasının Azərbaycanın işğal altında saxlanan Xankəndi şəhərində keçirilməsini buna son sübut kimi göstərib. Politoloqun sözlərinə görə, Paşinyan var gücü ilə özünü təsdiq etməyə, danışıqlar prosesindəki təşəbbüslərini dahi bir yenilik kimi göstərməyə çalışır:

“İndi biz şahid oluruq ki, Ermənistanın parlament və hökumətdən sonra üçüncü dərəcəli mühüm orqanı olan Təhlükəsizlik Şurasının iclası birdən-birə beynəlxalq təşkilatlar tərəfindən tanınan Ermənistanın sərhədlərindən kənarda – Xankəndidə keçirilib. Bu fakt özü təsdiq edir ki, Xankəndi rejimi müstəqil deyil, Paşinyan bu rejimə daha yüksək status verməyə çalışdıqca, bu, əks effekt yaradır. Bütün dünyaya nümayiş olunur ki, zəbt olunmuş ərazilərdə formalaşmış “hökumət” İrəvandan tamamilə asılıdır”. Ekspertin sözlərinə görə, məhz buna görə Ermənistan hökuməti faktiki olaraq işğalçı hökumətdir: “Bununla da Paşinyan iclası Xankəndidə keçirməklə özü öz evini yıxdı. Çünki Xankəndi üçün eyni hüquqlu statusu tələb etsə də, bu addımı ilə onun İrəvandan tam asılı olduğunu nümayiş etdirdi. Bununla bağlı mənim iki cür izahım var: birinci, ya Paşinyan özü-özünü aldadır və bunun nəticəsində özü də istəmədən özünü axmaq vəziyyətə qoyur. İkinci versiya odur ki, biz indi çox dəqiqliklə hazırlanmış məlumat təxribatının şahidi oluruq. Bu təxribat Bakıya qarşı yox, erməni xalqına qarşı istiqamətlənib. Bundan sonra Paşinyanın rahatlıqla “Xankəndi rejiminin statusunu qaldırmaq istədim, amma nəsə düz getmədi və fiaskoya uğradıq” deyə biləcək.

Bir sözlə, rəhmətlik rus baş nazir Viktor Çernomırdinin gözəl bir ifadəsini yada salmaq lazımdır: “Bir dəfə yaxşı iş görmək istədik, həmişəki kimi alındı”. Zaman Ermənistana qarşı işləyir. Çünki işğal gündən-günə onun resurslarını məhv edir. Və bu proses qarşısıalınmaz bir prosesdir. Paşinyan vaxtda uduzur və öz mənasız hərəkətləri ilə özünü seytnota salır. Əgər o konkret danışsaydı, siyasi və mənəvi planda bəzi uğurlar əldə edə bilərdi. Amma demaqoqluğu ucbatından özünü qeyri-səmimi partnyor kimi göstərib. Və bu təkcə rəsmi Bakı üçün yox, həm də Minsk Qrupu üçün belədir. Bu onun ən kobud səhvidir. Çünki beynəlxalq vasitəçilərin səbri tükənmək üzrədir”.

Baş verənlərə rusiyalı filosof və ideoloq Aleksandr Duqinin yanaşması da xüsusi maraq doğurur: “Hakimiyyətə gələndən sonra Paşinyan Rusiyaya və Azərbaycana münasibətdə kifayət qədər narahat jestlər nümayiş etdirdi, o cümlədən Serj Sarkisyanın dönəmində Dağlıq Qarabağ ətrafında 5 işğal edilmiş rayonun qaytarılmasıyla bağlı əldə edilmiş razılaşmanı icra etmək istəmədi. İndi situasiya dəyişə bilər. Rusiya üçün vacib olan konflikt tərəflərinin bir-birilə hesab çürütməsi yox, sülh əldə etməsidir. Paşinyan rasional və məsuliyyətli yanaşma nümayiş etdirsə, bunu alqışlamaq və dəstəkləmək lazımdır. Hər vasitə ilə Azərbaycan və Ermənistan rəhbərlərinin ictimai səviyyədə görüşünü dəstəkləmək və hazırlamaq lazımdır. Xalqlara anlatmaq lazımdır ki, sülh mümkündür. Bəli, şərtlər çox çətindir. Bu ən çətin geosiyasi konfliktlərdən biri olsa da, burada sülh mümkündür. Bunun əksi savaşdır və bu savaşın əslində nə ilə nəticələnəcəyini Ermənistanda da yaxşı anlayırlar. Bu səbəbdən yaxış olardı ki, irəvan Bakının səbrini daha çox sınamasın”.

Beləliklə, bütün bu qeyd edilənlər aydın göstərir ki, İrəvan danışıqlar formatı və digər məqamlar üzrə qəbuledilməz mövqeyindən geri çəkilməsə, Azərbaycan münaqişənin güc yolu ilə həllinə getməli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.