Məşhur Zatulin Paşinyana qarşı əsas əksinqilabçı fiqur rolunda...

14 Mart 2019 17:42 (UTC+04:00)

Ermənistanda mövcud hakimiyyətlə Rusiya arasında münasibətlər hələ də gərgin xətt üzrə inkişaf edir. Yaranmış vəziyyətdə Ermənistanda belə bir fikir getdikcə möhkəmlənir ki, Kreml Ermənistanda yeni hakimiyyət çevrilişi həyata keçirmək niyyətindədir. Bu xüsusda İrəvanda fəaliyyət göstərən “Lazarev klubu”na getdikcə daha çox diqqət artır.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşəbbüsü ilə ötən il “Qriboyedov klubu”nu əvəzləməli olan “Lazarev klubu” yaradılıb. Məsələ ilə bağlı “lragir” portalı yazır ki, klubun yaradılması Ermənistan-Rusiya münasibətlərinə yeni nəfəs verilməsi və iki cəmiyyət arasında əlaqələrin genişləndirilməsinin gərəkliyi ilə şərtlənib. O da qeyd olunur ki, bu klub hazırda Ermənistanda daha çox destruktiv bir durum formalaşmasına maraq göstərir: “Bu klubun təmsilçiləri son zamanlar Rusiyanın erməni icmasının üstünlüyü, Ermənistan inqilabında Qərb izləri, Rusiyaya inqilab ixracı və sair barədə qızğın piara başlayıblar. Erməni soyadlı politoloqlar və ictimai-siyasi xadimlər özəlliklə buna fəal cəlb olunur. Zatulinin özü də Rusiya televiziyasında antiermənistan nitqilə çıxış edir”.

Mövzunu davam etdirən “1-in.am” portalı da Rusiyanın Ermənistana yanaşmasının getdikcə daha təhlükəli hal aldığını yazır: “Moskvanın “Dialoq” təşkilatının sədri Yuri Navoyan Ermənistan hökumətinə açıq məktub göndərərək, Konstantin Zatulinin qurduğu “Lazarev klubu”nun gələcək hədəfləri haqda narahatlıq ifadə edib. Navoyan öz məktubunda özəlliklə baş nazir Nikol Paşinyana, prezident Armen Sarkisyana, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana və parlament spikeri Ararat Mirzəyana müraciət edib: “Siz bilirsinizmi ki, Zatulin Ermənistanda devrilmiş güclərin birləşməsinə və qisas almasına yardım etməyə can atır?”

Navoyan aydınca vurğulayır ki, klub Köçəryanyönlü istiqamətə malikdir. Bu o mənada sirr deyil ki, Köçəryanın özü azadlıqda olduğu vaxt klubun toplantılarından birində nitqlə çıxış edib. Və mübahisəli fəaliyyəti olan bu klubun son yığıncağında Qarabağa bitişik ərazilərin Azərbaycana verilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırış olub. Yeri gəlmişkən, Navoyan ortalığa çıxardır ki, klubun gizli imzaçılarından biri Serj Sarksiyanın sədri olduğu Respublika Partiyasının sədr müavini Vigen Sarkisyandır.

Siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Bədəlyanın fikrincə, bu klubun fəaliyyəti Ermənistanın daxili-siyasi həyatına, çətin ki, hər hansı təsir göstərər: “Bu yalnız bizim daxili-siyasi proseslərimiz haqqında Rusiyanın bəzi ekspert çevrələrinin rəyini formalaşdıra bilər. Amma özəlliklə Ermənistan hökuməti adekvat islahatlar aparsa, daxili-siyasi proseslərə ciddi təsir göstərməz”.

Bədəlyan vurğulayıb: “Nəhayət anlamalıyıq ki, Ermənistanın taleyi Ermənistan vətəndaşlarının, hökumətyönlü və müxalif güclərin və müxtəlif QHT-lərin əlindədir. Aydındır ki, bu klub qurulub və keçmiş hakimiyyətin bəzi seqmentləri onda öz rolunu oynayır. Amma bu, Ermənistanın daxili-siyasi həyatına mənfi təsir edən klub deyil. Hökumət və müxalifət günün adekvat gündəliyini və ya islahatlar proqramı təqdim etməsə, Ermənistanın siyasi həyatı ziyan görəcək. Düşünürəm ki, gerçək təhlükə bundadır”.

Bu klubun Ermənistanın devrilmiş siyasi gücləri vasitəsilə qisas həyata keçirməyə çalışdığı haqda baxış nöqtəsinə gəlincə, Armen Bədəlyan cavab verib: “Əlbəttə, bunun piar mənası var. Qisas seçkilər zamanı seçki prosesi vasitəsilə və konstitusiya üsullarıyla təşkil edilə bilər. Lakin onlar keçmiş hökumətin indiki potensialına görə hakimiyyətə gələ bilməzlər. Ola bilsin, Respublika Partiyası və ya daşnaklar gələcək parlament seçkiləri zamanı parlamentə düşə bilsin, amma indi siyasi meydanda yoxluqları və rebrendinqin mümkünsüzlüyü üzündən belə təşvişə düşməyi çox məntiqsiz sayıram. Hakimiyyət islahatlara getməsə, keçmiş hakimiyyət isə rebrendinqə məruz qalarsa, bu, tamamilə mümkündür. Mənim fikrimcə, klub inidi buna bənzər heç nə edə bilməz, hər halda mən belə bir iddiada olmazdım. Onların təşkil etdikləri piar keçmiş hakimiyyəti qaytarmaq üçün olduqca cüzidir”.

Politoloq Hagik Ambaryan isə Respublika Partiyasından keçmiş deputatların daxil olduqları “Qriboyedov klubu”nun fəaliyyətini yada salıb: “Klub sonradan özünü tükətdi, Rusiya hökuməti yenisini yaratmağı qərara alıb. Bu indi Rusiyada, başda Zatulin olmaqla, erməniyönlü lobbiçilik fəaliyyəti aparan, demək olar, eyni məqsədi olan  “Lazarev klubu”dur. Məxməri inqilabdan sonra bizə bəlli oldu ki, Zatulin açıq antipaşinyan xətti tutub. Cənab Navoyanın bəyanatı bu mənada böyük sürpriz olmamalıdır”.

Ambaryanın sözlərinə görə, indi problem sıradakındadır: “Ermənistan hökuməti bu klubun fəaliyyətinə ona sərf edən şəkildə rəhbərlik edə biləcəkmi? Buna ciddi şübhəm var”.

Ambaryan qeyd edib ki, Dövlət Dumasında erməniyönlü deputatlar olsalar da, Rusiya siyasi elitası, yumşaq deyilsə, Paşinyana və komandasına tənqidi yanaşır: “Cənab Navoyanın xəbərdarlığı əsasında Ermənistan hökumətinin bu kluba qarşı demarşının Ermənistan-Rusiya münasibətləri üçün nəticələrinin necə olacağını bilmirəm. Ermənistan-Rusiya münasibətləri mürəkkəb mərhələdədir, bunun parlaq sübutu konkret antipaşinyan fəaliyyətilə məşğul olan bu klubun işidir”. Bütün bunlar Rusiya və Ermənistan arasında gərgin münasibətlərin davam edəcəyi, tərəflərin münasibətlərinin daha da gərginləşməsinin qaçılmaz olduğunu da deməyə əsas verir.

Tahir TAĞIYEV