Paşinyandan format uğursuzluğunun ardınca yeni oyun tezisi – qondarma “DQR” mənə səlahiyyət vermədi...

14 Mart 2019 17:14 (UTC+04:00)

Məhəmməd Əsədullazadə: “Onun format barədə siyasi avantürası və bu kimi gedişləri...

 

“Danışıqlar prosesində “Qarabağ xalqı”nı təmsil etmək üçün səlahiyyət və legitimliyə sahib olan heç kim yoxdur”. Bunu Xankəndidə keçirilən Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “DQR”in danışıqlara cəlb edilməsi kapriz deyil, bu, münaqişənin həlli prosesinin səmərəliliyi üçün vacib əhəmiyyətə malik olmasının sadə fiksasiyasıdır: “Əvvəl danışıqlar prosesinin çevrəsi özündə bir tərəf istisna olmaqla bütün maraqı tərəfləri əhatə edirdi. Burada İlham Əliyev Azərbaycan və Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir. Onlar Azərbaycan vətəndaşlarıdır və seçkilərdə iştirak ediblər. Deməli, İlham Əliyevin danışıqlarda iştirakı onların da iştirakını təmin edir. Ermənistan danışıqlarda Baş nazirlə, beynəlxalq ictimaiyyət isə ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında təmsil olunur. Ancaq əsas məsələ danışıqlar prosesində “Qarabağ xalqı”nı və ya bəzi hallarda deyildiyi kimi, Qarabağ ermənilərini kimin təmsil etməsidir. Danışıqlar prosesində “Qarabağ xalqı”nı təmsil etmək üçün səlahiyyət və legitimliyə sahib olan heç kim yoxdur”.

Paşinyanın sözlərinə görə, onu Qarabağda seçməyiblər və buna görə də danışıqlarda Xankəndini təmsil etmək hüququ yoxdur. Ona belə səlahiyyət verilməyib.

Paşinyan bu cür mövqeyə sahib olmaqla məsuliyyəti üzərindən atması və hər şeyi Qarabağ hakimiyyətinin üzərinə yükləməsi ilə bağlı verilən şərhləri gülünc adlandırıb.

Bütün bunlar onu göstərir ki, danışıqların formatının dəyişdirilməsi məsələsində ciddi uğursuzluğa düçar olan Paşinyan indi də səlahiyyət məsələsini ortaya atıb. Məlum olduğu kimi, Paşinyan istəyirdi ki, separatçı qurum danışıqlarda tərəf olsun. Bu məqsədlə danışıqların formatını dəyişmək istəyirdi. Ancaq bunu ATƏT və digər beynəlxalq qurumlar dəstəkləmədilər. Belə olan halda, Paşinyan növbəti bəhanə ilə danışıqlardan yayınmaq istəyir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, Paşinyanın növbəti oyunudur: “Əvvəla Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində Təhlükəsizlik Şurasının iclasını keçirməsi birbaşa danışıqların sabotajıdır. Minsk Qrupunun həmsədrlərinin məlum bəyanatından sonra, göründüyü kimi, rəsmi İrəvanın siyasi manevrləri heçə enir. O qeyd edir ki, separatçılar ona danışıqlar aparmaq barədə səlahiyyət verməyiblər. Belə açıqlamalar danışıqları əngəlləmək üçün növbəti bəhanədir. Onun format barədə siyasi avantürası və bu kimi gedişləri heç bir siyasi mənzərəni dəyişməyəcək. Ermənistan birbaşa işğalçı tərəfdir və danışıqlar İrəvanla aparılacaq. Paşinyan hazırda çox ciddi şəkildə “Qarabağ klanı”ndan çəkinir. Azərbaycanın işğal altında olan torpaqlarında yaratdıqları qondarma qurum da anneksiya siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, Paşinyanın bu açıqlamalarına baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdırılmış rəsmi görüşə qatılacaq. İşğalçı ölkənin təmsilçisi kimi danışıqlar aparacaq. Rəsmi Bakı hazırda yeni görüşü gözləyir. Bu görüşdən sonra sular durulacaq. Hətta Ermənistanda Paşinyanın torpaqların qaytarılması istiqamətində siyasət apardığı qeyd edilir. Ermənistan cəmiyyətində çox ciddi vəziyyət yaranıb. Paşinyan Levon Ter-Petrosyanın planını həyata keçirməyə çalışmaq istəyir. Çünki inqilabla hakimiyyətə gəlişi iqtisadi problemlərin həllinə töhfə verməlidir. Bu da Qarabağ konfliktinin həllindən keçir. Paşinyan buna hazır olmasa, iqtisadi geriləmə davam edəcək. Paşinyan nə qədər bəyanat versə də, o, növbəti mərhələdə ərazilərin qaytarılması istiqamətində danışıqlara məhkumdur”.

Vidadi ORDAHALLI