Bakıda “fast-food”lara nəzarət olunurmu – kütləvi zəhərlənmə təkrarlana bilər…

14 Mart 2019 16:12 (UTC+04:00)

Eyyub Hüseynov: “Dönər, ümumiyyətlə, “fast-food” qidaları əhalinin tədricən və ya ani olaraq zəhərlənməsinə səbəb olur”

 

İnsan həyatı üçün qidalanma hər mənada önəmlidir. İnsan hərəkət etdikcə enerji xərcləyir. İtirilən enerjini ancaq qidalanma ilə bərpa etmək olar. Məşhur bir ifadədə deyildiyi kimi, "Yemək üçün yaşamaq lazım deyil, yaşamaq üçün yemək lazımdır". Bəs insanlar yaşamaq üçün nə yeyirlər?

Müasir dövrün gəncliyi çox sürətli bir həyat yaşayır. Gənclər hər zaman harasa tələsir, gecikir, hər şeyin tez alınmasını istəyirlər. Buna görə də yemək yeyərkən də tələsirlər. Ayaqüstü bir şeylər yemək bu səbəbdən ümumi bir vərdişə çevrilib.

Bu qida menyusu ölkəmizdə də yetərincə var və getdikcə də artır. Hətta paytaxt Bakının elə yerləri var ki, orada yan-yana çoxlu sayda dönər evi görmək olur. Bu da tələbatın nə qədər çox olduğunun sübutudur.

İllərdir həkimlər bu qidaların insan sağlamlığı üçün çox zərərli olduğunu desələr də, nə "fast-food" sektoru çökür, nə də bu qidanı sevənlər azalır. Səhərdən axşama kimi işləməli olan valideynlər vaxt azlığından tez-tez "fast-food"la qidalanırlar. Bu isə həm valideyn, həm də uşaqlar üçün fəsadlara səbəb olur.  

“Fast-food"lar hazırlanarkən bəzən keyfiyyətsiz məhsullardan istifadə olunur. Bunlar isə bir çox ciddi xəstəliklərə - mədə və bağırsaq xərçənginin yaranmasına səbəb ola bilir. 

Məlumdur ki, dönər alarkən satıcı qarşı tərəfə belə bir sual verir: "Dönər ətlə olsun, ya toyuqla?" Toyuq əti, deyəsən, ət sayılmır, ya da "ət" dedikləri nədirsə, o mal əti deyil. Müxtəlif ölkələrdən donmuş halda gətirilən və hansı heyvana məxsus olduğu bilinməyən ətlər hazırda bizə yedirilir.

Bu qidaların satıldığı məkanlarda istifadə olunan yağlar, demək olar ki, dəyişdirilmədən təkrar-təkrar istifadə olunur. Yağlar uzun müddət qaynadıldıqda onlarda kanserogen maddələr əmələ gəlir. Bu maddələr xərçəng şişi törətməyə meylli olur.

Bu gün tələbələrin, məktəblilərin ən çox qidalandığı təam dönərdir. Dərsdən çıxanlar ayaqüstü qidalanmaq üçün dönər almalı olurlar.

Bu günlərdə 7 tələbə dönərdən zəhərlənib. Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bu günə kimi “fast-food” qidalarından zəhərlənən, sağlamlığında problemi yaranan çoxlu sayda insan olub. Maraqlıdır, “fast-food” qidalarına necə nəzarət olunur?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən dönərxanalarda standarta uyğun olmayan dönər hazırlanır, ölkədə 15 mindən çox dönərxana fəaliyyət göstərir: “Bu dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir. Qalan dönərxanalar standarta uyğun olmayan, təhlükəli heyvan ətlərindən dönər hazırlayır. Toyuq ətindən dönərin hazırlanması 2006-cı ildən qadağan olunsa da, hələ də bişirilib satılır: “Hazırda ölkənin qida sektoruna nəzarət yox dərəcəsindədir. Qida Təhlükəsizliyi Agentliyi yaranan zaman düşündük ki, agentlik bu sahədə yaşanan problemləri həll edəcək. Ancaq bunun əksinin şahidi olduq. Dönər, ümumiyyətlə, “fast-food” qidaları əhalinin tədricən və ya ani olaraq zəhərlənməsinə səbəb olur. Dönərxanalarda ətin yalnız üst hissəsini qızardırlar, qalan hissə isə bişməmiş satılır.

Xüsusən də dönərxanalarda ciddi problem yaşanır. Çıxış yolu dönərxanaları bağlamaq deyil, bu sahədə keyfiyyəti artırmaq lazımdır”.  

Həmsöhbətimiz onu da bildirdi ki, dönərlər bir çox Avropa ölkələrində oturaq yeməkdir: "Yəni dönərxanalara gedirsən, onu qabda gətirirlər, oturub yeyirsən. Amma Azərbaycanda elə deyil. Biz hazırda standartlara uyğun olmayan dönərləri təhlükəli hesab edirik. Sorğudan da göründüyü kimi, Azərbaycanda hazırlanan dönərlərin 80 faizi standartlara cavab vermir və mənşəyi məlum olmayan ətlərdən hazırlanır. Aidiyyəti qurumlar bu sahəyə nəzarəti daha da gücləndirməlidirlər”.

Günel CƏLİLOVA