Evdar qadınlar üçün 120 manat tibbi sığorta haqqı...

13 Mart 2019 16:50 (UTC+04:00)

Adil Qeybulla: “İcbari tibbi sığortanın tətbiqi vətəndaşların bu sahədə arxayınçılığına son qoyulması baxımından əlverişlidir”

 

Məlumdur ki, ölkəmizdə tibbi xidmətlər baha olduğundan, bəzən vətəndaşlar vaxtlı-vaxtında həkimə müraciət edə bilmirlər.  Bu səbəbdən də bəzi xəstəliklər vaxtında aşkar olunmadığı üçün, vətəndaşların səhhəti ağırlaşır. Hesab edilir ki, icbari tibbi sığortanın əsas məqsədlərindən biri də bu cür halların qarşısının alınması olmalıdır.

Bəllidir ki, gələn ildən vətəndaşlar İcbari Tibbi Sığorta Agentliyinə müəyyən sığorta haqqı ödəyəcəklər. Vətəndaş xəstəxanaya müraciət etdiyi vaxt onun müayinə və müalicə xərcləri Agentlik tərəfindən xəstəxanaya ödəniləcək. Sığorta haqqı işçilərin əməkhaqqından və sahibkarların gəlirlərindən tutulacaq. Qeyri-rəsmi işləyənlər və işləməyən insanlar isə gələn ildən tibbi xidmətlərdən yararlanmaları üçün sabit illik sığorta haqqı ödəməli olacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, sərbəst məşğul əhali sığortalanmaq üçün illik 120 manat sığorta haqqı ödəməli olacaq. “Sərbəst məşğul əhali - qeyri-rəsmi işləyənlər, evdar qadınlar və s. Bunlar üçün sabit bir məbləğ tətbiq olunacaq. Yəni qanunla 120 manat sığorta haqqı ödəməli olacaqlar. Bu şəxslər illik 120 manat ödəməlidirlər ki, sığortalı sayılsınlar”.

Beləliklə, bütün işləyən şəxslərdən əməkhaqqının 2 faizi qədər, işəgötürənlərdən isə işçilərinə ödədikləri əməkhaqqının 2 faizi qədər sığorta haqqı tutulacaq. Əhalinin müəyyən kateqoriyasının - 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək.

Heç bir yerdə işləməyən və hər hansı bir gəliri olmayan işsiz əhalidən, xüsusən də evdar qadınlardan 120 manat tibbi sığorta haqqı tələb olunması məsələsinə münasibət bildirən professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, icbari tibbi sığortanın tətbiqi vətəndaşların bu sahədə arxayınçılığına son qoyulması baxımından əlverişlidir: “Sığorta insanların gözləmədiyi hadisələrin baş verdiyi proseslərlə mübarizə aparması üçün kömək məqsədi daşımalıdır. Məlumdur ki, heç kəs bədbəxt hadisələrdən sığortalanmayıb. İcbari tibbi sığorta üçün nəzərdə tutulan məbləğlər kifayət qədər böyük vəsaitdir. Ailə üzvlərinin hər biri üçün vəsait ödənilməsi doğru deyil. Orta aylıq əməkhaqqı nəzərə alınsa, işləməyən şəxslərlə işləyənlərin tibbi sığortası arasında uyğunsuzluq yaranır. Nəzərə almaq lazımdır ki, ölkədə hər kəs 1000 manat maaş almır. Əsasən 500-800 manatdan hesablansa, bu, 100 manat pul edir. Belə olan halda, necə olur, işləyən şəxs 100, evdar qadın isə 120 manat sığorta ödəyir. Bizim respublikada vətəndaşların yaşayış səviyyəsi nəzərə alındıqda bu, yüksək məbləğlərdir. İl başlayanda tibbi sığorta sənədi almaq istəyən şəxs ailəsində 4 nəfər varsa, təxminən 400 manat pul ödəməlidir. Bu, Azərbaycan vətəndaşının büdcəsi üçün həddindən artıq çoxdur. Hazırda bir çox ailədə bir nəfər işləyir. Heç iki nəfər işləyən ailələrdə əməkhaqları toplandıqda ortaya böyük bir rəqəm çıxmır”.

Günel CƏLİLOVA