Aİ diplomatlarına casus xəbərdarlığı… Brüssel Çin və Rusiya casusları ilə qaynayır

10 Fevral 2019 23:00 (UTC+04:00)

Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Brüsseldə çox sayda Çin və Rusiya kəşfiyyat agentlərinin olduğunu açıqlayıb. Baki-xeber.com xəbər verir ki, EEAS bununla bağlı Brüsseldəki Avropa İttifaqı diplomatlarına xəbərdarlıq edib.

Qərb mediası yazır ki, Avropa Xarici Fəaliyyət Xidmətinin avropalı diplomat və hərbçilərə etdiyi xəbərdarlıqda Brüsseldə təxminən 250 çinli və 200 rus casusunun olduğu bildirilir. Buna görə, diplomatlara Aİ ofislərinin olduğu bölgələrdə bəzi yerlərə getməmələri ilə bağlı xəbərdarlıq edilir. Bu məkanlar arasında Avropa Komissiyasının binası Berlaymont və EEAS binası yaxınlığındakı iki obyekt də də var.

EEAS-ın açıqlamalarına görə, çinli və rusiyalı kəşfiyyat agentləri Brüsseldə əsasən öz ölkələrinin səfirlik və ticarət nümayəndəliklərində çalışırlar.

Brüsselə üçüncü ölkələrdən gələn diplomatların yanındakı hərbi attaşelərin gizli vəzifədə olan kəşfiyyat agentləri olduğu hər kəs tərəfindən bilinən bir gerçəklikdir.

Rus və çinli casuslardan başqa, ABŞ və Fas agentlərinin də Brüsseldə aktiv fəaliyyətdə olduqları deyilir.