Azərbaycan dövlətindən alman qəbiristanlığının 200 illiyinə həssas münasibət...

10 Fevral 2019 15:49 (UTC+04:00)

Aida İsmayılova: “Almanların uyuduğu məzarlığa qoruq statusu verilərsə bu çox müsbət olar, bu  həmçinin də alman və Azərbaycan xalqının tarixi əlaqələrinin bir simvoluna çevrilər”
Xədicə Bağırzadə: “Azərbaycandakı alman qəbiristanlığına qoruq statusu verilərsə bu tolerantlığın ən böyük örnəklərindən biri olardı”

Azərbaycan tarixən ona sığınan bütün xalqlara qucaq açıb. Tolerantlıq kimi müsbət dəyərə malik olan Azərbaycan xalqı 200 il bundan əvvəl ölkəmizə köçürülən almanlara da hər zaman tolerant münasibət göstərib. Ölkəmizdə almanların vaxtilə kompakt yaşadığı Göygöl, Tovuz, Şəmkir, Gədəbəy və digər rayonlarda alman mədəniyyətinin nümunələri bu gün də yaşayır. Burada onların dini-ibadət məkanları - kilsələri də mövcud olub. Həmin ərazilərdə 200 il bundan əvvəl salınan alman qəbiristanlıqları da var.

Bu günlərdə mədəniyyət naziri Əbülfəs Qarayev Tovuzda bu rayonun və ətraf rayonların sakinlərini qəbul edib. Görüşdə Göygöl rayonu ərazisindəki alman qəbiristanlığına qoruq statusunun verilməsi ilə də bağlı nazirə müraciət edilib. Qeyd edilib ki, almanların Azərbaycana köçürülməsinin 200 illiyi ilə bağlı bu qəbiristanlığa qoruq statusunun verilməsi çox əhəmiyyətli olardı.

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Aida İsmayılova baki-xeber.com-a bildirdi ki, almanlar Azərbaycana 1817-18-ci illərdə köçürülüblər.

“Onlar əsasən Şəmkir və Göygöl rayonlarında yaşayıblar. Onlar başqa rayonlarda da yaşayıblar, ancaq onların ən çox məskənləri bu iki rayondadır. Bizim Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunda bununla bağlı sərgi də keçirildi, kitab da nəşr olundu. Təbii ki, sakinlərin Göygöldəki alman məzarlığına qoruq statusu verilməsi ilə bağlı müraciətləri tam yerindədir. Bu həm də bir tolerantlıq örnəyi olardı. Onlar burada yaşayıblar, fəaliyyət göstəriblər, məktəblər açıblar. Ölkəmizdə almanların məzarlıqlarının qorunub saxlanılması həm müsbət haldır, həm tolerantlıq nümunəsidir, həm də ki, tarixə sadiqlik örnəyidir. Eyni zamanda da bu dövlətimizin, xalqımızın alman xalqına bəslədiyi  hörmətdir. Almanların uyuduğu məzarlığa qoruq statusu verilərsə bu çox müsbət olar, bu  həmçinin də alman və Azərbaycan xalqının tarixi əlaqələrinin bir simvoluna çevrilər. Bütün dünya görər ki, Azərbaycanda qeyri-dinlərin, qeyri-azərbaycanlıların məzarlıqları dağıdılmır, əksinə onlara qoruq statusu verilir və onlar tarixin bir örnəyi kimi yaşadılır. Bu məzarlıqların qorunması xalq və dövlət olaraq bizə başucalığı gətirir. Bu həm də alman-Azərbaycan münasibətlərinə öz müsbət təsirini göstərəcək” - deyə bildirən A.İsmayılova hesab edir ki, alman məzarlığı qoruğa çevrilərsə bunu ancaq alqışlamaq lazımdır.  

Alman ədəbiyyatı mütəxəssisi Xədicə Bağırzadə bizimlə söhbətində qeyd etdi ki, 2017-ci ildə almanların Cənubi Qafqaza köçürülməsinin 200 illiyi tamam olub. O, vurğuladı ki, Azərbaycanda almanlara xüsusi münasibət olub və onların öz dillərini, dinlərini, mədəniyyətlərini yaşatması üçün burada onlara şərait yaradılıb. Almanların hər zaman Azərbaycanda mövcud olan tolerantlıqdan razı qaldıqlarını deyən X.Bağırzadənin sözlərinə görə, Azərbaycanda alman koloniyalarının yaranması tarixi XIX əsrin əvvəllərindən başlayır. Bu dövrdə almanların Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülməsi nəticəsində ilk alman koloniyalarının təməli qoyulur. O, qeyd etdi ki, 1819-cu ilin yazında Yelizavetpol dairəsində iki alman koloniyası yaradılıb - Yelenendorf və Annenfeld.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə almanlar nisbətən ictimai-siyasi aktivlik göstərib və AXC-nin yarandığı,  fəaliyyətə başladığı dövrdən AXC Parlamentində almanları L.Y.Kun təmsil edib. “Almanlar Azərbaycanda öz mədəniyyətlərini, dəyərlərini yüksək səviyyədə inkişaf etdiriblər. Deyərdim ki, Cənubi Qafqazda almanlar Azərbaycandakı qədər öz izlərini qoymayıblar. Onlar burada yaşayarkən heç bir maneəyə rast gəlmədən öz mədəniyyətlərini yaşadıblar. Bu gün alman qəbiristanlıqları Azərbaycanda çox yüksək səviyyədə qorunur. Almanların da dəfn edildiyi məzarlıqlar qalır və onlar bu xalqın ölkəmizdəki izlərini yaşadır. Əgər Göygöldəki alman qəbiristanlığına qoruq statusu verilərsə bu çox yaxşı olar. Çünki Azərbaycan tolerant ölkədir və burada hər bir xalqın mədəniyyətinə dəyər verilir. Azərbaycandakı alman qəbiristanlığına qoruq statusu verilərsə bu tolerantlığın ən böyük örnəklərindən biri olardı. Düşünürəm ki, nazirlik alman qəbiristanlığına qoruq statusu verəcək. Bilirsiz ki, Prezident İlham Əliyev almanların Azərbaycana  köçürülməsinin 200 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdı. Yəni dövlət tərəfindən bu məsələyə xüsusi önəm verilir” - deyə X.Bağızadə qeyd etdi.

İradə SARIYEVA