Qarşıdakı üç ildə də manatın taleyindən narahat olmaq olmaz

9 Fevral 2019 16:15 (UTC+04:00)

“Qarşıdakı illərdə  manatın məzənnəsinin sabit qalacağı ilə bağlı beynəlxalq təşkilatların açıqladığı hesabatlar yaxın illər ərzində özünü doğruldacaq”

“Fitch” beynəlxalq reytinq agentliyi qarşıdakı üç il ərzində manatın məzənnəsinin hansı səviyyədə qalacağı ilə bağlı proqnoz açıqlayıb. Qeyd olunur ki,  2018-2021-ci illərdə Azərbaycanda ABŞ dollarının məzənnəsinin dəyişməyərək 1,7 manat qalacaq.

Qeyd edək ki, digər reytinq agentliyi “Standard and Poors” 2021-ci ilə qədər dollar/manat cütlüyünün 1,97 səviyyəsində olacağı proqnozu verib.

2018-2021-ci illər ərzində manatın məzənnəsinin sabit qalması ilə bağlı fikir bildirən iqtisadçı ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozları mövcud şəraitə əsasən tərtib olunur və il ərzində bir neçə dəfə yenilənir. Ölkə iqtisadiyyatında yaşanan inkişaf  beynəlxalq maliyyə institutlarının nəzərini cəlb edir. Bu səbəbdən onlar Azərbaycan iqtisadiyyatının vəziyyəti və  milli valyutasının gələcək durumu ilə bağlı proqnozlar səsləndirir”.

İqtisadçının sözlərinə görə, qarşıdakı illərdə  manatın məzənnəsinin sabit qalacağı ilə bağlı beynəlxalq təşkilatların açıqladığı hesabatlar yaxın illər ərzində özünü doğruldacaq: “Manatın məzənnəsinin qorunub saxlanması nəticə etibarilə makroiqtisadi stabilliyin saxlanmasına imkan yaradır. O baxımdan manat nə qədər stabildirsə, makroiqtisadi stabilliyi qoruyub saxlamaq o qədər asandır".

Günel CƏLİLOVA