Minimum əmək haqqı artımı xalqa nə fayda verəcək...

9 Fevral 2019 15:46 (UTC+04:00)

Vüqar Bayramov: “... əhalinin sosial təminatı baxımından çox vacibdir”

Məlum olduğu ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən ediləcək. Bundan əvvəl isə həmin məbləğ 130 manat təşkil edirdi.  

Minimum aylıq əməkhaqqının məbləğinin 50 manat dəyərində artırılması əhalinin sosial rifahının yüksəlməsinə səbəb olacağı şübhə doğurmur.

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezidentin bu sərəncamı ilə bu qərar büdcə təşkilatlarında çalışan 600 min nəfərə şamil ediləcək:”Artıq 180 manatdan aşağı əmək haqqı alan olmayacaq. Əmək haqqının məbləği  50 manat artıb. Eyni zamanda, bu qərar sonradan özəl sektora da şamil olunacaq”.

Millət vəkilinin sözlərinə görə, minimum aylıq əməkhaqqının artırılması onu deməyə əsas verir ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının problemlərini diqqətdə saxlayır. Sosial sferaya böyük diqqət göstərir: “Ölkə başçısının əmək haqlarının artırılması ilə bağlı verdiyi sərəncam Azərbaycan vətəndaşları üçün çox böyük maddi və mənəvi dəstəkdir. Bir sözlə, minumum əmək haqqının artırılması əhalinin rifah halını xeyli yaxşılaşdıracaq".

İqtisadçı ekspert Vüqar Bayramov da qeyd etdi ki, sərəncam əhalinin bütün qruplarının maliyyəsinə müsbət təsir göstərəcək: “Minimum əməkhaqqının artırılması əhalinin sosial təminatı baxımından çox vacibdir. Qarşıya qoyulan məqsədlərdən biri də yaşayış minimumunun mərhələli şəkildə artırılmasıdır. Eyni zamanda, yaşayış minimumunun Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. Minimum əməkhaqqı və yaşayış minimumu arasında əlaqənin formalaşması Avropa Şurasına üzv olan ölkələr üçün bir standart olaraq qəbul olunub. Yaşayış minimumunun artırılması vətəndaşların sosial müdafiəsi baxımından vacibdir. Bu, həmçinin, növbəti illərdə əmək standartının tətbiq olunmasına şərait yaradacaq. Bu baxımdan sonuncu sərəncam müsbət nəticələrə gətirib çıxaracaq”.

Günel CƏLİLOVA