Bakıda özəl klinika həkimlərinin kabinetini soyan şəxs tutuldu - FOTO

8 Fevral 2019 16:34 (UTC+04:00)

Bakıda özəl klinikalarda həkim və tibbi personala məxsus kabinetlərdən silsilə oğurluqlar edən şəxs saxlanıb.

Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluqlar edən şəxs saxlanıb.

Belə ki, Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə Bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanıb. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus  “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanan şəxs əvvəlcə klinikalara pasient kimi müraciət edib. Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki,S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə,  Nərimanov RPİ və ya  16-cı Polis Bölməsinə müraciət edə bilər.