“Mercedes”də ərzaq məhsulları arasında güllələr keçirmək istədi

8 Fevral 2019 17:23 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat  əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus “Mercedes Benz S350” markalı avtomobil saxlanıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan  torbada, üzərində “Premium LEPUS JK6 cal 12” yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində “Exact heavy diabolo cal 177” yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.