Plastik əşyaların vurduğu ziyanlar Azərbaycanda tam dövlət nəzarətinə götürülür…

8 Fevral 2019 18:53 (UTC+04:00)

Telman Zeynalov: “Plastik materiallardan olan tullantıların artmasının əsas səbəblərindən biri texnologiyanın inkişafı, bu materiallardan daha geniş istifadə edilməsidir”

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, bu tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat vermək tapşırılıb.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində təsdiq olunan Tədbirlər Planının əhəmiyyəti barəsində danışan ekoloq Telman Zeynalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, iqlimin dəyişilməsində ətrafa tökülən tullantıların böyük rolu var: “Bunun qarşısını almaq üçün ətrafa tökülən tullantıların qarşısı alınmalıdır. Hazırda ətraf mühitə o qədər çirkab buraxılır ki, bunun da nəticəsində hava fəsilə uyğun keçmir. Qış aylarında hava mülayim keçir, qar yağmır, bu hadisələr ətraf mühitdə tarazlığın pozulması ilə bağlıdır. Bunun qarşısını almaq üçün ətraf mühitə zərər verən mənfi təsirlər önlənməlidir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, bu gün istifadə olunan plastik qablaşdırma materialları və polietilen torbalar qlobal problemə çevrilib: “Azərbaycanda da bu problemlə gündəlik üzləşirik. Hər birimizə məlumdur ki, bu növ tullantılar ətraf mühitin intensiv olaraq çirklənməsinə gətirib çıxarır. Problemdən çıxış yolu üçün əhali mümkün qədər plastik və polietilen qablardan az istifadə etsinlər, istifadə edilən qabları isə ətraf ərazilərə atmasınlar, dənizi, meşələrimizi bu cür tullantıların zərərli təsirinə məruz qoymasınlar”.

Ekspertin sözlərinə görə, plastik materiallardan olan tullantıların artmasının əsas səbəblərindən biri texnologiyanın inkişafı, bu materiallardan daha geniş istifadə edilməsidir: “Ümid edirəm ki, Prezidentin imzaladığı məlum sərəncam aidiyyəti qurumlar tərəfindən yüksək səviyyədə icra olunarsa, problem öz həllini tapar”.

Günel CƏLİLOVA